Logo

UNEC və Macarıstan universitetlərinin elmmetrik göstəriciləri müqayisəli təhlil edilib

17.12.2025 14:09 44 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlıq etdiyi Macarıstan universitetlərinin elmmetrik göstəriciləri 2025-ci il üzrə “Scopus” nüfuzlu elmi nəşr platformasının məlumatları əsasında müqayisəli şəkildə təhlil olunub.

Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.

Təhlilin nəticələrinə görə bir sıra mühüm göstəricilər üzrə UNEC-in üstün mövqedə olduğu müəyyən edilib. Belə ki, elmi əsərlərin sayı üzrə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (1745) birinci yerdə qərarlaşsa da, UNEC 1032 elmi əsərlə ikinci, Obuda Universiteti isə 901 elmi əsərlə üçüncü yeri tutub. İstinad sayı göstəricisinə görə isə UNEC 2844 istinadla birinci yerdə qərarlaşıb.

Elmi sahə üzrə normallaşdırılmış sitat təsiri (FWCI) göstəricisinə əsasən UNEC 2,32 göstərici ilə lider mövqedədir. Eyni zamanda, sitat göstəricilərinə görə ən yüksək 10 faizliyə daxil olan elmi nəşrlərin payı (27,5 faiz), nəşr üzrə orta sitat göstəricisi (2,9), beynəlxalq müəllifliklə hazırlanmış nəşrlərin payı (85 faiz) və cari il üzrə h-index göstəricisi (21) üzrə də UNEC birinci yeri tutur.

Ümumilikdə “Scopus” platformasının məlumatları əsasında aparılan təhlilə görə ali təhsil müəssisələri yeddi əsas elmmetrik göstərici üzrə qiymətləndirilib və bu göstəricilərdən altısı üzrə UNEC lider mövqedə qərarlaşıb.

Bununla yanaşı, UNEC ilə Macarıstan universitetlərinin akademik heyəti arasında həmmüəllifli elmi əsərlərin sayı da diqqət çəkir. 2024–2026-cı illər ərzində Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti ilə 19, 2018–2025-ci illərdə Obuda Universiteti ilə 13, 2022–2025-ci illərdə Budapeşt Korvinus Universiteti ilə 5, 2023–2024-cü illərdə isə Budapeşt Metropolitan Universiteti ilə 3 birgə elmi əsər dərc olunub.

Xəbər lenti