Bakı Mühəndislik Universiteti (BMU) və “HBN Group”un birgə təşkilatçılığı, “Veysəloğlu Şirkətlər Qrupu”nun baş sponsorluğu ilə “CareerFest BEU 2025” karyera festivalı keçirilib.
BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, festivalda dövlət qurumları, nüfuzlu şirkətlərin rəhbərləri, universitetin, eləcə də ölkəmizin digər ali məktəblərinin tələbə və məzunları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev gənclərin təhsili, məşğulluğu, karyera yüksəlişi, sosial rifahının ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətini təşkil etdiyini, Prezident İlham Əliyev tərəfindən bu məqsədlə təsdiq olunmuş dövlət proqramlarının uğurla gerçəkləşdirildiyini bildirib. Festivalda əsas məqsədin sahibkarlarla ali təhsil müəssisələri arasında əlaqələri daha da gücləndirmək, gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, onların yeni sənaye inqilabı fonunda əmək bazarının hazırkı şərt və tələblərini öyrənmələrinə imkan yaratmaqdan ibarət olduğunu deyən rektor bu cəhətdən tədbiri gənclər üçün gözəl fürsət adlandırıb. Eyni zamanda, müasir dövrdə elm və texnologiyanın sürətli inkişafının gənclərin qarşısına qoyduğu tələbləri və bu məsələlərdə universitetlərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb. Rektor çıxışında BMU tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası, peşəkar inkişafını təmin etmək istiqamətində ali məktəbin sistemli fəaliyyəti, atdığı mühüm addımları da vurğulayıb. Tədbirdə təmsil olunan şirkətlərə öz təşəkkürünü bildirən Yaqub Piriyev festivalın əmək bazarında yeni körpülər yaradacağına və gənclərin iş həyatı üçün uğurlu bir başlanğıc olacağına əminliyini söyləyib.
Sonra çıxış edən “HBN Group”un icraçı direktoru Tariyel Dövlətov festivalın bütün ali təhsil müəssisələrinin tələbə və məzunlarına, işsizlərə açıq olduğunu və burada 100-dən artıq müəssisə tərəfindən 965 vakansiya, 961 təcrübə proqramının təqdim edildiyini bildirib. Həm şirkətlər, həm də işaxtaranlar üçün festivalın faydalı olacağına əminliyini vurğulayan icraçı direktor daha sonra universitet-sənaye əlaqələrinin qurulması istiqamətində “HBN Group”un həyata keçirdiyi bir sıra layihələr haqqında məlumat verib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı da belə tədbirlərin gənclərin karyeralarına başlamalarında mühüm roluna diqqət çəkib. Bildirib ki, hər il müxtəlif əmək yarmarkalarında işsizlər, işaxtaranlar, tələbələr, məzunlar öz ixtisaslarına, maraq göstərdikləri sahələrə uyğun işlə təmin olunurlar. Əmək bazarı ilə bağlı bir sıra statistik rəqəmlərə toxunan agentlik rəsmisi işğaldan azad olunmuş rayonlarımızda da əmək yarmarkalarının təşkil edildiyini, buraya qayıdan gənclərin məşğulluq problemlərinin həllinə diqqət göstərildiyini bildirib.
“Veysəloğlu Şirkətlər Qrupu”nun İnsan Resursları Departamentinin direktoru Ziya Rəcəbov müəssisənin ölkənin qeyri-neft sektorunda iqtisadiyyata əhəmiyyətli töhfə verən ən iri işəgötürən şirkət olduğunu, təhsilə dəstəyin müəssisənin koorporativ sosial məsuliyyət istiqamətlərindən birini təşkil etdiyini deyib. Çıxışda, eləcə də şirkətin gənclərə təkcə iş fürsəti deyil, davamlı inkişaf, peşəkarlaşma, karyera quruculuğu istiqamətində bir sıra proqramlar, mentorluq xidmətləri, təlimlərə qatılmaq, o cümlədən peşə öyrənmək imkanı yaratdığı vurğulanıb.
Daha sonra tədbirin rəqəmsal tərəfdaşı “Digiboom” Marketinq Agentliyinin direktoru Sənanə Əskərova, sponsorlarından VİP TENT şirkətinin nümayəndəsi Nailə Mirzəzadə, media tərəfdaşı “HudHud Media Group” MMC-nin təsisçi və direktoru İmdad Kərimli çıxış ediblər. Çıxışlarda işəgötürənlərlə birbaşa ünsiyyətin qurulmasına əlverişli imkanlar yaradan karyera festivalının rolundan, həmçinin ali təhsil ocaqları ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışılıb.
Ardınca sərgidə nümayiş olunan stendlərə baxış keçirilib.
Ümumilikdə 5000-ə yaxın iştirakçının qatıldığı karyera festivalı çərçivəsində interaktiv fəaliyyətlər, oyunlar, əyləncəli təcrübələr təşkil olunub, tanınmış müğənnilərin ifasında musiqi nömrələri tədqim edilib.