Logo

Deputat: Gələcək nəsillərə sağlam dəyərlərin ötürülməsi üçün səylərimizi artırmalıyıq

22.05.2025 15:00 49 baxış
IMG

“Bu gün dünyada baş verən proseslərə nəzər yetirdikdə açıq-aydın görünür ki, texnoloji və iqtisadi inkişaf fonunda mənəvi tənəzzül də müşahidə edilməkdədir. Bir vaxtlar inanılırdı ki, maddi tərəqqi artdıqca mənəvi yüksəliş də qaçılmaz olacaq. Lakin zaman göstərdi ki, bu inkişaf bəzən ailə institutunun zəifləməsi və ictimai dəyərlərin kölgədə qalması ilə müşayiət edilir. Bu baxımdan “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda keçirilən tədbir ailə və mənəviyyat məsələlərinin aktuallığını bir daha gündəmə gətirməsi baxımından olduqca dəyərlidir”.

TƏHSİL.BİZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Xəzər Universitetində “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, hazırda dünyanın əksər ölkələrində ailə modelinə yönələn təzyiqlər, ailə institutuna qarşı açıq və gizli hücumlar müşahidə olunmaqdadır: “Bu hücumlar bəzən ideoloji, bəzən isə sosial-psixoloji müstəvidə özünü göstərir. Belə hallarda təkcə xarici müdaxilələrdən deyil, daxili zəifliklərdən də istifadə edilərək ailə dəyərləri və mənəviyyat hədəfə alınır. Məsələ artıq təkcə mədəniyyət savaşı deyil, eyni zamanda, beyin və düşüncə mübarizəsinə çevrilib. Ailənin içindən parçalanması, gənclərin fikirlərinin və kimliklərinin dəyişdirilməsi yolu ilə ailə institutuna zərbə vurulmaqda, milli dəyərlər zəiflədilməkdədir. Bu kontekstdə, xüsusilə, Türk dünyasının qarşısında duran ən mühüm vəzifələrdən biri ailə institutunun qorunması və möhkəmləndirilməsidir. Çünki ailə dəyərləri bizim milli kimliyimizin təməlidir. Tarix boyu cəmiyyətimizi bir arada saxlayan ən mühüm sütun məhz ailə olub”.

“Əgər bu gün təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə prioritetləri nəzərdən keçiririksə, eyni zamanda, “ailə təhlükəsizliyi” məsələsini də milli təhlükəsizlik səviyyəsində dəyərləndirməliyik. Ailə güclü olmazsa, cəmiyyətin də davamlılığı və dayanıqlığı ciddi sual altına düşəcək. Biz - deputatlar, akademiklər və ictimai xadimlər olaraq bu sahədə birlikdə çalışmalı, ailə institutunun müdafiəsi və gələcək nəsillərə sağlam dəyərlərin ötürülməsi üçün səylərimizi artırmalıyıq”, – deyə C.Məmmədov əlavə edib.

Xəbər lenti