Logo

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib

22.05.2025 14:33 55 baxış
IMG

Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024-cü ildən etibarən keçirilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “bp Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Aliyə Əliyeva çıxış ediblər. Çıxışlarda müsabiqənin gənclərin inkişafında, onların bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Sonra ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev müsabiqənin mərhələləri barədə məlumat verib.

Qeyd olunub ki, müsabiqə ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyələrində təhsil alan istedadlı tələbələri aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaq, kadr seçimində innovativ yanaşmaların təşviqi məqsədilə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq təşkil olunub.

“bp Azərbaycan” şirkətinin sponsorluğu ilə keçirilən müsabiqənin I mövsümünün qaliblərinin mentorluq proqramı uğurla tamamlanıb, eləcə də bu ilin fevral-may aylarında müsabiqənin II mövsümü təşkil olunub və artıq qaliblər müəyyənləşib. Üç mərhələdən ibarət olan müsabiqənin II mövsümünə qeydiyyatdan keçən 800-dək tələbədən 600 nəfərdən çoxu müsabiqədə iştirak hüququ qazanıb. Martın 15-də onlardan 400 nəfərdən çoxunun iştirak etdiyi I mərhələ üzrə imtahanlarda iştirakçıların ümumi dünyagörüşünü yoxlayan suallar təqdim olunub. Burada dünya və Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, müasir trendlər, hüquq və iqtisadi həyat, eləcə də ali təhsil sistemi və Pedaqoji Universitetlə bağlı mövzular yer alıb.

II mərhələ olan yarımfinalda əvvəlki mərhələdə uğurlu nəticə göstərən 231 nəfər iştirak edib. Aprelin 12-də təşkil edilən yarımfinalda tələbələr “İnformasiya ilə iş”, “Məntiqi təfəkkür”, “Mətn üzərində verbal təhlil” və ilk dəfə tətbiq edilən “İdarəetmə” blokları üzrə tapşırıqları həll ediblər. Eləcə də aprelin 26-da və mayın 4-də finalçılar üçün universitet rəhbərliyi ilə görüş, püşkatma mərhələsi, komanda quruculuğunu təşviq edən intellektual yarış və layihələrin hazırlanması və idarə olunması təlimi təşkil olunub. Müsabiqənin mayın 9-da keçirilən final mərhələsində isə yarımfinalda uğur qazanaraq finala vəsiqə qazanmış 105 nəfərdən 102-si iştirak edib. Komandalar daxilində qiymətləndirmə konfransları formatında təşkil edilən finalda iştirakçıların kommunikasiya və komanda ilə iş, liderlik, sosial məsuliyyət, effektiv və strateji düşüncə, nəticəyə yönəlmə, dəyişikliklərin idarə edilməsi və layihə idarəetməsi kimi bacarıqlarını qiymətləndirən keyslər təqdim olunub.

“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla müvafiq sertifikat əldə edirlər.

Xəbər lenti