Logo

Şərqşünaslıq İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib

27.03.2024 15:49 131 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart – Elm Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ölkəmizdə elmin sürətli inkişafının Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Gövhər Baxşəliyeva Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

AMEA-nın ötən 79 ildə nailiyyətlərindən bəhs edən akademik Gövhər Baxşəliyeva 66 illik mövcudluğu ərzində elmimizə böyük töhfələr verən Şərqşünaslıq İnstitutunda akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

İnstitutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü Azərbaycanda elmə tarix boyu böyük dəyər verildiyini qeyd edərək, bu gün elmin ən yüksək inkişaf mərhələsinə çatdığını bildirib. Ruhəngiz Cümşüdlü Azərbaycanın ərazi bütöblüyünün bərpa olunmasında elmi innovasiyaların tətbiqinin böyük rol oynadığını vurğulayıb.

Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev cəmiyyətin inkişafında elmin rolundan bəhs edərək, qədim tarixi və böyük ənənələri olan Azərbaycan elminin bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrildiyini bildirib. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elmin ölkəmizdə daha işıqlı sabahların yaradılmasına yeni güc və qüvvət verdiyini deyən Elnur Mustafayev son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərdən danışıb.

Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi dosent Adil Mirabdullayev Azərbaycan Milli Elmlər Akademiyasının elmin inkişafına böyük töhfələr verdiyini qeyd edərək, akademiklər Mir Əsəsdulla Mirqasımov, Yusif Məmmədəliyev, Həsən Abdullayev və digərlərinin xidmətlərindən danışıb.

Xəbər lenti