Logo

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

18.03.2024 17:48 143 baxış
IMG

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Züriyə Qarayeva Özbəkistanın Ürgənc şəhərində keçirilən “Türkdilli xalqların mentalitetinin təhsillə gücləndirilməsinin hazırkı məsələləri” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Bildirilib ki, konfransa onlayn qoşulan Məmməd Əliyev rəhbərlik etdiyi qurum haqqında məlumat verib, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kitabxanaları ilə qarşılıqlı əlaqələrdən danışıb. O, 2022-ci ildə Özbəkistanın İnnovasiya və İnkişaf Nazirliyinin dəvəti ilə bu ölkədə ezamiyyədə olduğunu, həmçinin Mamun Universiteti və Ürgənc Dövlət Pedaqoji İnstitutunun rəsmilərinin MEK-lə tanışlıq zamanı tərəfdaşlıq memorandumunun imzalandığını xatırladıb, yaxın günlərdə “Özbəkistan ədəbiyyatı həftəsi”nin keçiriləcəyini vurğulayıb.

Özbəkistana ezam olunmuş Züriyə Qarayevanın konfransda “Zəngəzur dəhlizi türkdilli xalqların birliyinin təminatı rolunda” mövzusunda məruzəsi dinlənilib. O, Azərbaycanın da digər türk dövlətləri kimi zəngin dəyərlər xəzinəsinə malik olduğunu, bu ənənələrin nəsildən-nəslə ötürdüyünü, müvafiq istiqamətdə təhsil sahəsində də ciddi işlər görüldüyünü diqqətə çatdırıb. Sibirdən Balkanlara, Yəməndən Hindistana dövlətçilik quran türklərin qüdrətinin həm də dəyərlərə bağlı olduğunu bildirən Z.Qarayeva Azərbaycan tarixindən nümunələr gətirərək dəyərlərimizə qarşı təzyiqlərin olduğu dönəmdə belə, onlardan heç bir zaman uzaqlaşmadığımızı vurğulayıb. Məruzəçi Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasının daha sıx birləşməsi istiqamətində həyata keçirdiyi siyasəti diqqətə də çatdırıb.

Xəbər lenti