Logo

Həmyerlimiz Londonda solo konsertlə çıxış edib

15.03.2024 23:18 132 baxış
IMG

Böyük Britaniyanın paytaxtı Londonda “Talent Unlimited” (“Hüdudsuz istedad”) xeyriyyə təşkilatı tərəfindən həmyerlimiz gənc pianoçu Vüsalə Babayevanın solo konserti keçirilib.

Tehsil.biz xəbər verir ki, Vüsalə Babayeva konsertdə məşhur bəstəkarlar Frederik Şopenin “Mazurka” və “Böyük parlaq polonez mi-bimol” əsərlərini, Sergey Prokofyevin 7 nömrəli sonatasını və Sevda Məmmədlinin “Laçın balladası”nı peşəkarlıqla ifa edib.

Gənc pianoçumuzun ifası qonaqların böyük maraq və alqışları ilə qarşılanıb.

Qeyd edək ki, “Talent Unlimited” təşkilatına Birləşmiş Krallıqdakı konservatoriyalarda təhsil alan ən yaxşı musiqiçilər seçilir və onlara konsertlər təşkil olunaraq karyeralarına böyük dəstək göstərilir. İstedadlı pianoçumuz dekabrda bu təşkilata üzv seçilib.

Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva hal-hazırda dünyanın ən nüfuzlu konservatoriyalarından olan London Kral Musiqi Kollecində təhsil alan ilk və yeganə azərbaycanlı pianoçudur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Almaniya, Çex Respublikası, Estoniya, Bolqarıstan, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə dəfələrlə birinci yerə layiq görülüb.

Xəbər lenti