Logo

İngilis dili dərslərində Skaffoldinq strategiyasından istifadə

05.02.2023 14:16 262 baxış
IMG

Bu metod öyrədən ilə öyrənən arasında sıx əməkdaşlığa əsaslanır və səmərəli öyrənməyə zəmin yaradır

Hər bir şagird ingilis dilində baza biliyinin hansı səviyyədə olması, fənnə həvəs və motivasiyası, öyrənmə üsulu baxımından fərqli və unikaldır. Təhsilalanların təlim ehtiyaclarını qarşılamaqdan və mənimsəməni asanlaşdırmaqdan ötrü müəllim mürəkkəb dil materialını hissələrə, seqmentlərə ayırır və onlara bu şəkildə təqdim edir. Şagirdlər üçün birbaşa mürəkkəb olan dil tapşırığı hissə-hissə yerinə yetirilərək asanlaşır və şagirdlərin tapşırığın həllində iştirak faizi də artmış olur. Dil tapşırığının çətinliyi şagirdləri təlaşa salmır və onlar öz bacarıqlarına olan inamlarını itirmirlər. Beləliklə, müəllim dil dərslərində Skaffoldinq metodundan istifadə edir.

Suyun əhəmiyyəti barədə esse yazmağa çalışan şagirdlərimin işini  daha asan və səmərəli etmək üçün lövhəyə belə cümlə strukturları yazıram:

Water is…..

Water in seas and oceans is…….

We use water to………

To keep water resources clean we should……..

Drinkable water comes from……

Without clean water it would be…….

Due to global warming water is…….

Beləliklə, şagirdlərin bəziləri üçün əlçatmaz görünən dil tapşırığı - esse yazma işi indi daha asanlaşdı, onlar cümlə strukturlarını öz fikirləri ilə tamamlayacaqlar və nəticədə bir-birindən fərqli yazı işləri alınacaq. Bu üsulla istənilən esse tapşırığını Skaffoldinqlə təmin etmək və dil öyrənənləri dəstəkləmək olar. Skaffoldinq mürəkkəb tapşırıqların həllini asanlaşdırmaq və bu işə daha çox şagird cəlb etmək üçün şagirdlərə verilən müvəqqəti dəstəkdir (Temporary Support). Şagird tapşırığın seqmentlərini hissə-hissə icra edir, onu bütövlükdə mənimsəyir, öyrəndikcə müstəqil işləməyə meyil edir, mənimsəmə baş tutduğu zaman müəllim tədricən qurduğu Skaffoldinqi götürür. Bütövlükdə çətin görünən dil tapşırıqlarının icrası asanlaşır və daha çox sayda təhsilalan təlim prosesinə qoşularaq müstəqil işləmə bacarığı qazanır.

Skaffoldinq-bina tikintisi zamanı onu dəstəkləmək üçün onun ətrafında qurulan müvəqqəti dəstəkləyici qurğudur ki, işlər bitdikdə və bina möhkəmləndikdə onu götürürlər, daha ona ehtiyac qalmır.

Skaffoldinq bir təhsil termini kimi Amerika koqnitiv psixoloqu Cerom Bruner tərəfindən işlədilmişdir. Rus pedaqoq-psixoloqu Lev Vıqotski (1896-1934) Yaxın İnkişaf Zonası konsepsiyasını (Zone of Proximal Development) irəli sürmüş və Yaxın İnkişaf  Zonası dedikdə şagirdin bacardığı ilə həmin anda müstəqil etməsi qeyri-mümkün olan sahə arasındakı öyrənmə zonasını nəzərdə tutmuşdur. Yaxın İnkişaf Zonası - müstəqil edə bilməsə də böyüklərin, müəllimin, dostunun və ya daha təcrübəli birisinin köməyi ilə edə biləcəyi potensial öyrənmə zonası kimi göstərilmişdir.

Dil müəllimi müəyyən bir dil tapşırığının həllində şagirdin hansı çətinliklərlə qarşılaşacağını əvvəlcədən təxmin edir və bu çətinliyi aradan qaldırmaq üçün nə tədbirlər görürsə, bunlar Skaffoldinq yaratmanın nümunəsidir. Mütəxəssislərə görə, Skaffoldinq,  şagirdin baza biliyinə söykənməlidir. Müəllim bu dəstəyi verməzdən əvvəl yeni dil material ilə şagirdlərin mövcud dil bazası arasında bir əlaqə qurmalıdır. Skaffoldinq strategiyasının uğuru bundan asılıdır. Hansısa bir mövzunu tədris etməyə başlayan müəllim bu mövzuya aid şəkil göstərməklə şagirdləri sorğu-sual edə və onların mövzu barədə hansı biliyə malik olduqlarını aşkarlaya bilər. Daha sonra yeni materialı onlara skaffoldinq qurmaqla təqdim edə bilər. Skaffoldinq nümunəsi kimi müəllim cümlə quruluşları (Sentence Frames) təqdim edilə bilər. Adi səviyyədə olan şagirdlər üçün bu, çox effektlidir. “Boşluğu doldur” prinsipinə əsaslanan cümlə strukturları:

The more you….….the less it will be……

A ……..is as tall as a……….

It’s difficult for me to………

A ……….is stronger than a ……….

Can I have some…………,please?

Fikrin davam etdirilməsini tələb edən cümlə kökləri (Sentence Stems) də məqsədəuyğundur:

I strongly agree because………..

On the other hand I………..

Frankly speaking………..

I’m afraid that………..

I completely disagree as………

It’s pity that………

Bu cümlə özüllərinin köməyi ilə şagirdlər öz fikirlərini kreativ şəkildə ifadə edə bilirlər. Dil tapşırığı həddən artıq asan olduqda yeni bir şey öyrənmə mümkün olmur və dil öyrənənlər təlimə maraqlarını itirə bilərlər. Tapşırıq şagirdlərin bacarıq səviyyəsindən çox yüksək olduqda isə onlar təlaş keçirə və inamlarını itirə bilərlər. Skaffoldinq metodu vasitəsilə müəllim şagirdlərin mövcud bacarıqları ilə yeni material arasında əlaqə qurur, məqsədə pillə-pillə nail olunur və öyrənmə mümkün olur.

Yeni başlayanlar üçün dinləyib-anlama tapşırığı olduqca çətin və əlçatmaz görünür, onlar yeni informasiyanın emalı qarşısında aciz qala və dil öyrənməyə olan həvəs və motivasiyalarını itirə bilərlər. Bu, baş verməsin deyə  əvvəlcə dinləmə mətninin yazılı formasını da təqdim edirəm. Beləliklə, şagirdlər materialı dinləməklə yanaşı, həm də onu oxuyurlar, söz və ifadələrin necə tələffüz edilməsini, nitqin intonasiyasını, söz və cümlə vurğusunu izləyirlər. Dinləməni 2-3 dəfə təkrar apardıqdan sonra “Sizin üçün nə qeyri-adi oldu?”, “Hansı ifadənin tələffüz forması sizi təəccübləndirdi?”, “Həmin tələffüz formasını imitasiya edə bilərsinizmi?” kimi suallarla dinləmənin effektivliyini yoxlayıram. Dinləyib-anlama bacarığına yenicə yiyələnməyə çalışan şagirdlərimə yazılı mətn ilə  bu formada skaffoldinq verirəm. Onlar yeni informasiya axınının qarşısında özlərini itirmir və araşdırmanı davam etdirirlər.

Təhsil mütəxəssisləri şagirdlərin ana dilinin Skaffoldinq strategiyası kimi istifadə olunmasının faydalı olduğundan bəhs edirlər. Çox vacib lüğət vahidləri, anlayışlar, konsepsiyalar və ya hansısa qrammatik təlimatlar vardır ki, onların ana dilində qarşılığının və izahatının verilməsi mənimsəmə prosesini sürətləndirir, dil maneəsi olmadan onlar məzmuna tam yiyələnə bilirlər.

Dil müəllimi şagirdlərə təqdim olunan mətnlərdə dəyişikliklər etməklə də skaffoldinq qura və onların öyrənməsinə dəstək verə bilər. Bəzi mətnlər dil materialı ilə yükləndiyi halda, digərlərinin tamamlanmağa ehtiyacı ola bilər. Beləliklə, müəllim mətnin əsas ideyasına xələl gətirmədən informasiyanı sadələşdirə və ya mətnə əlavələr etməklə çatışmayan informasiyanı tamamlaya bilər. “Selfish Giant” mətnini şagirdlərimə tədris edərkən mətnə əlavələr edərək hekayəni tamamlayırıq. Digər hallarda çətin cümlə strukturlarını, çoxsaylı budaq cümlələr olan mətnlərdə mürəkkəb cümləni parçalayaraq bir neçə sadə cümlə alırıq, cümlələr leksik və qrammatik cəhətdən asan olduğundan şagirdlər tərəfindən daha rahat mənimsənilir və şifahi nitqdə istifadə edilir. Məsələn:

“A giraffe is a herbivorous animal with a long neck and long legs that lives in savannahs of Africa.”

Bu cümləni sadə cümlələrə ayırırıq:

A giraffe eats grass and leaves. It has a long neck and long legs. Giraffes live in savannahs.

Skaffolding vasitəsi kimi təkrarlama və genişləndirmədən (Repeat and Extend) istifadə edirəm.

---The Giant was selfish.

---Yes, very, very selfish and didn’t let children play in his garden.

Göstərilən şəklə baxan şagird “I see trees” deyir, mənsə “Yes, tall green trees with fruit”, deyə cavabı genişləndirirəm, əlavə informasiya verilməsi üçün zəmin yaradıram.

“How many pencils do you have?” sualına şagird “eight” deyə cavab verir,  bu zaman dil müəllimi “Right, you have eight coloured pencils to be sharpened” deyə fikri genişləndirə və şagirdi daha çox deskriptiv dildən istifadəyə yönləndirə bilər.

Əyani vəsaitlərdən, əşyalardan, şəkillərdən, qrafik təsvirlərdən, diaqramlardan istifadə edilməsi skaffoldinq qurmanın vacib formalarındandır. Mətnlərin birində “Turquoise lagoons” birləşməsinə rast gəldik. Firuzəyi rəng barədə tam təsəvvür yaratmaq üçün bir parça firuzə daşı tapıb dərsimə gətirdim və bu da şagirdlərimdə firuzə rəngli göllərin necə olması barədə tam fikir formalaşdırmağa kömək etdi.

Dil dərsində lüğət vahidləri izah edilərkən müəllimin qeyri-verbal vasitələrdən-jestlərdən istifadə etməsi də skaffoldinq vermənin nümunəsidir. Hansısa feillərin, ifadələrin izahında jestlərin istifadəsi öyrənməni asanlaşdırır.

Qrammatik testlərin həllində də müəllim alqoritmlərdən ibarət skaffoldinq qurur:

“Cümlədəki zaman ifadələrinə diqqət yetir, əgər “last month” ifadəsi varsa, deməli hərəkət keçmiş zamana aiddir və Past Simple işlənməlidir. Past Simple zaman formasının qaydalı və qaydasız feillər üçün necə qurulduğunu düşün və doğru cavabı tap”.

Beləliklə şagirdlərə çətin dil tapşırığı təqdim edilərkən müəllim tapşırığın bəzi nümunələrinin icra mexanizmini modelləşdirir, sonra şagirdlərlə kollaborativ şəkildə birlikdə edilir, tam mənimsəmiş bir şagird tapşırığı digərlərinin önündə bir daha icra edir və daha sonra müəllim şagirdlərin müstəqil işləmələrinə şərait yaradır. Bacarıq yaradıldıqdan sonra verilən skaffoldinq götürülməlidir, əks halda şagirdlərdə ondan asılılıq yaranar. Skaffoldinq metodu öyrədən ilə öyrənən arasında sıx əməkdaşlığa əsaslanır və səmərəli öyrənməyə zəmin yaradır.

Ellada MİRZAYEVA,

Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

Xəbər lenti