Logo

Şükrü Erbaş: “Şairin siyasi idealları olmalıdır” – Müsahibə

25.09.2022 00:10 264 baxış
IMG

Kulis.az məşhur türk şairi Şükrü Erbaşla müsahibəni təqdim edir.

– Şükrü bəy, “şeir öldü” deyirlər. Burdan başlayaq; sizə,şeir həqiqətən ölübmü?

– Bu, olduqca mənasız yanaşmadır. Şeir də canlı varlıqdır; zamanın ruhuna, amansız reallıqlara, pisliklərə bağlı şəkildə zaman-zaman geri çəkilir, səsi batır, qəlbi qırılır və susur. Günlərin birində də şeir o ruhsuz izdihamın içindən baş qaldırır, boynunu uzadıb boylanır, yenə həyatın sehrini, möcüzəsini, insan heysiyyətini, gələcəyin gözəlliklərini göstərir bizə.

– Bəs, şeir nə vaxt tamamilə “ölə”, yox ola bilər?

– Yer üzündə insan nəsli kəsilsə, sonuncu insanla birgə şeir də ölər.

– Sizin oxucunuz kimi həmişə müsahibələrinizi, reportajlarınızı izləyirəm. Müsahibələrinizdən birində belə deyirsiniz: “illər ötdükcə, köhnə şeirlərinizin zəif olduğunu hiss edə bilərsiniz, amma o şeirlər olmasaydı, indiki yaxşı şeirləriniz də olmazdı”. Sizcə, yaxşı şeir yaza bilmək üçün pis şeirlərin hamısını yazıb bitirmək lazımdır?

– Əgər dahi kimi doğulmamısınızsa, yazmağa başlayanda mütləq yaşdan və həyat təcrübəsindən qaynaqlanan qüsurlarınız olur. Mən “yazmağı yaza-yaza öyrənirsən” fikrinə qatılanlardanam. İlk mətnlərin, məşqlərin naşı olması təbiidir. Bunlara “pis şeir” demək də doğru deyil.

Behcat Necatigilin dediyi kimi “bəzi şeirlər bəzi yaşları gözləyir”. Məncə, bu cür dəyərləndirmək daha düzgündür.

– Siz bir şair və ya oxucu kimi oxuduğunuz şeirin “yaxşı” və ya “pis” olduğunu, alınıb-alınmadığını nəyə əsasən dəyərləndirirsiniz?

– Oxuduğum şeir mənim danışdığım dilə məna və duyğu qatları yükləməlidir. Reallığa yeni ölçü qazandırmalıdır. Adi olanı gözəlləşdirməlidir. Pis şeylərdən arındırmalıdır.

Bir gələcək modeli təqdim etməli, gələcəyə dair ümid verməlidir. Xəyal dünyamı həyat xəzinəsinə çevirməlidir.

Şeir insanı başqa həyatların içinə çəkməlidir. Bildiyimdən çox, bimədiklərimi göstərə bilməlidir.

Siyahını beləcə uzada bilərəm...

– Azərbaycanda türk ədəbiyyatında keçmişdən bu günə var olan bütün ədəbi jurnallar oxunur, izlənir. Sizin də ədəbiyyat jurnalı təsis etdiyinizi bilirəm. Bizdə də zaman-zaman şairlər, yazıçılar və ya bu işin həvəskarları jurnal çıxartmaq eşqinə düşürlər. Amma jurnalları ayaqda tutmaq çox çətin işdir. Demək olar ki, əksər jurnallar bir-iki saydan sonra vidalaşmalı olurlar. Siz bu haqda necə düşünürsünüz; ədəbi jurnalları ayaqda tuta bilmək üçün, uzunömürlü olması üçün nə etmək lazımdır, nələrə ehtiyac var, bu işin sirri nədir?

– Hə, mən də jurnal çıxartmışam. İki jurnalın mətbəxində olmuşam. Təəssüf ki, jurnallar “media” adlanan görüntülü dünyaya, populyar mədəniyyətə qarşı bir qədər uduzdu, geri düşdü. Halbuki, jurnallar ədəbiyyatın mətbəxidir. Kitab olmalıdırsa, ondan əvvəl mütləq jurnal təcrübəsi olmalıdır. Bu zəifliyin, azalmanın əsas səbəblərindən biri cəmiyyətin hüceyrələrinə qədər işləmiş yadlaşma duyğusunun insanı ədəbiyyatdan uzaqlaşdırması, populyar mədəniyyətin əsl ədəbiyyatın yerinə keçməsi, iqtisadi çətinliklərin məngənəsindəki insanların ən birinci ədəbiyyatı öz gündəmlərindən çıxarıb atmasıdır. Təhsil və mədəniyyət siyasətindəki çatışmazlıqları, azad düşüncəni qısıtlayan bəzi şeyləri də əlavə edəndə, çox təəssüf ki, dediyiniz mənzərə yaranır. Bu bataqlıqdan çıxmağın o qədər də asan iş olduğunu düşünmürəm. Amma həmişə hər şeyə, bütün yoxluqlara rəğmən, təkbaşına, dəlilik ehtirası ilə əlləşib-vuruşub “jurnal çıxardacam”, “ədəbiyyatla məşğul olacam” deyən bir ovuc insan tapılacaq.

– “Küçələrin, ağacların, otların işi deyil şeir yazdırmaq; dənizin, dağın da deyil”...

Yaxşı, bəs şeiri yazdıran nədir?

– Dünya ilə bir davan, savaşın olmadan yazmaq, sənətlə məşğul olmaq (bunu elmi işlər üçün də deyə bilərik) mümkün deyil. Sənət gözəl bir mənzərəyə, ya da gözəl bir qadına baxıb hissə qapılmaq, nəsə bir söz yazmaq deyil, varolma qayəsi yarada bilmək üçün çırpınışlardır. Bizdən kənarda var olan, yaradılmış dünyanı öz ağlımız, məntiqimiz və qəlbimizlə yenidən şəkilləndirmək cəhdimizdir. Yoxsa, heç birimizin öz həyatımız ola bilməz. Sənət – bizi mühasirəyə almış, çürüdən, məhv edən həyatı öz ruhumuzla yenidən bərpa edib, yenidən inşa etmək işidir. Bu prosesdə ağac, dağ, eşq, ayrılıq – bunlar hamısı qəlbimizi açıb-tökə bilmək üçün dilimizi zənginləşdirmək məqsədilə ehtiyac duyduğumuz şeylərdir. Yoxsa, yaza bilmərik. Hamı kimi yaşayıb gedərik.

– “Dağlarca Şiir Ödülü” mərasimində həyat yoldaşınız Hatice xanım haqda dediyiniz sözlər məni çox təsirləndirmişdi. Nəyə görə şairlə həyatı bölüşmək belə çətindir?

– Yazı prosesi dediyimiz ruh halı iki ağızlı bıçaqdır. Təkcə yazıçının, şairin yox, onun yaxınlığında olan hər kəsin ətində gəzir o bıçaq. Evdə sakitlik istəyirsiniz. Ev sakinlərinin hamısını öz səssizliyinizə gömürsünüz. Onları unudursunuz. Bütün zaman sizə aid olmalıdır, sizin olmalıdır! Sizin yazı prosesiniz nə qədər davam edəcəksə, bu cəhənnəm əzabı də o qədər çəkəcək! Amma evdəkilər də canlıdır. Nəfəs alıb-verir, səs salır, danışırlar. Siz bütün ev əhli üçün həyatı “ölü zamana” çevirirsiniz. Pisdir bu. Sonra nə qədər üzr istəsən də, mənası yoxdur. Ümumiyyətlə, bu vəziyyət üçün heç kimin əlindən bir şey gəlmir.

– Şükrü bəy, bizdə belə bir düşüncə var ki, şairin, yazıçının siyasi baxışı, düşüncəsi, idealları olmalı deyil, şairin, yazıçının belə bir məcburiyyəti, öhdəliyi yoxdur. Siz necə düşünürsünüz bu mövzuda?

– Əlbəttə, olmalıdır! Satıcının, qəssabın, siyasətçinin – hər hansı bir peşə sahibinin siyasi idealları olursa, bizə başqa bir dünyanı göstərən şairin niyə olmamalıdır ki? Yazanda, içində boğulduğu reallığı analiz edəndə, sözünü, məntiqini hara vuracaq bəs şair, yazıçı? Söz, şeir, ədəbiyyat mütləq bir düşüncəyə, ideala dayanmalıdır. O yoxdursa, nə yazacaqsan, nə deyəcəksən? Sən mütləq siyasi şüarlar səsləndirməli deyilsən, amma eşqi, ölümü tərənnüm edərkən hisslərinin qaynaqlandığı düşüncələrin, dəyərlərin, baxış bucağı yoxdursa, nə yaza bilərsən? Şairin, yazıçının siyasi idealları olmamalıdır fikri cəmiyyətin və bəzi şeylərin insanın şüuraltına soxduğu yıxıcı qorxulardan qaynaqlanan fikirdir. Bunun kökündə yatan onların həyatını, varlıqlarını narahat edəcək “başqa bir dünya” düşüncəsidir. Və mübahisəsiz ki, çox səhv düşüncədir.

 Misir yazıçısı Nəcib Məhfuzun müsahibəsini tərcümə edəndə belə bir fikrə rast gəldim; yazıçı hardasa əlli il bundan əvvəl üçün öz cəmiyyətindən narazılıq edir, oxucu sayının xeyli azaldığını qeyd edir və burda günahı Tv proqramlarında, şoularda görür. Maraqlıdır ki, bu vəziyyət hal-hazırda bizdə də hökm sürür. Platformalarda müşahidə etdiyim qədəriylə, Türkiyədə də oxucu sayı, səviyyəsi o qədər qənaətbəxş deyil. Siz bu mövzuda necə düşünürsünüz, oxucuların azalma səbəbi nədir, günah kimdə və ya nədədir?

– Ümumi gedişata baxanda, həqiqətən də vəziyyət ümidlənə bilməyəcəyimiz qədər ağırdır. Təkcə TV, mediya və s. deyil, bayaq dediyim kimi, iqtisadi-siyasi vəziyyət, mədəni çöküş, təhsil sisteminin də böyük payı var bunda. Amma mən yenə də, bunu ənənəvi geriçəkilmə halı kimi qiymətləndirirəm. dünya qorxu, savadsızlıq, şiddət və yalanla bir yerə vara bilməz. Bizim mədəniyyətimizi kitab, sənət, elm gələcəyə daşıya bilər. Ümidsizliyə qapılmaq lazım deyil, məncə. Hərə öz yerində, gücü çatan qədər çalışsa, oxucu da artar, kitabın gücü də, ədəbiyyatın sehri də.

– “Nəsr deyə oturub, şeir deyə qalxıram” demisiniz. Sizcə, şeir yazmaq çətindir, yoxsa nəsr?

– Əlbəttə, şeir çətindir. Nəsr yad ünsürləri daşıya biləcək qədər genişdir, şeir isə bütün mənalarda lazımsız olan heç nəyi daşıya bilmir. Sözü şəffaflaşdırmalısınız, mənanı dərinləşdirməlisiniz. Səsi zəncir kimi toxumalısınız.

Təəssüf ki, mənim nəsrlə aram yaxşı deyil. Şeir dilini istifadə etmədiyim bircə mətnim də yoxdur. Bilmirəm niyə belə olur, niyə belə alınır. Yəgin ki, şeiri daha çox sevirəm.

– Bizim ədəbi çevrələrdə, şair və yazıçılar, oxucular arasında belə bir fikir dolaşır ki, dünya ədəbiyyatında ciddi qadın imzası yoxdur. Təbii ki, bu həmin insanların mədəni savadsızlığından qaynaqlanmış bir aldanışdır, amma mən burda patriarxal düşüncənin də rolu böyükdür deyə düşünürəm. Mənə maraqlıdır ki, sizdə vəziyyət necədir? Qadın şairə, yazıçıya qarşı münasibət necədir?

– Düşünürəm ki, bu bütün dünyada belə olub. Qadının ədəbiyyatdakı yeriylə paralel olaraq cəmiyyətdə də bir yeri var. Bu tarixi prosesin qaçınılmaz nəticəsində belə yaranıb. Mədəni cəmiyyətlərdə son əsrlərdə bu vəziyyət xeyli düzəlib. Məsələn, bizdə son əlli ildə son dərəcə dəyərli şeirlər, romanlar yazan qadın müəlliflər var. Artıq ədəbiyyatçılar arasında qadınlar sayca da kişilərdən geri qalmır və bu bizim kişiləri bir qədər tarixi qərəzdən uzaqlaşdırmağı bacarıb. Yazının – bu sehrli göy üzünün altında bir-birini tamamlayıb, gözəlləşdirməklə, üslub və xarakter fərqlərini qorumaqla yaşamağı və yazmağı hər iki tərəf öyrənir...

– “İstanbula aid yüzlərlə şeir yazılıb, niyə heç kim Antalya haqda şeir yazmır” sualına “ Antalyanın şalvarı daha qısadır” – deyə cavab vermisiniz. Cavabınız diqqətimi çəkdi, burda nəyi nəzərdə tuturdunuz?

– Əslində, orda İstanbulun tarixi keçmişinə, əhalinin mədəni rəngarəngliyinə, inanc zənginliyinə, qoyduqları böyük mirasa, keçmiş və bu günkü nufuzuna, bir mənada dünyanın paytaxtı olmasına göndərmə etmişdim. Antalya da gözəl şəhərdir, böyük tarixi xəzinələri var, təbiəti möhtəşəmdir, amma İstanbul qədər böyük insan və həyat rəngarəngliyinə sahib deyil. Bunu nəzərdə tutmuşdum.

– Şükrü bəy, son olaraq, Azərbaycanlı oxucularınıza nə demək istərdiniz?

– Nə deyim, şeirin bizi birləşdirdiyi ortaq məxrəcdə görüşməyin şərəfi ilə bütün oxuculara sevgilərimi, salamlarımı göndərirəm.

Xəbər lenti