Logo

"İnanmaq olmur ki, hansısa qız öz istəyilə təhsildən ayrılsın" - Nadir İsrafilov

01.12.2021 14:44 183 baxış
IMG

Qızların təhsilindən söz düşmüşkən Hacı Zeynalabdin Tağıyevin bir sözünü xatırlamamaq mümkün deyil: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə". Azərbaycanlı milyonçu, mesenat, ən böyük xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev inanırdı ki, təhsilli qız, təhsilli ana olacaq və övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək.

Bu və bu kimi məsələlər uzun illərdən bəri gündəmdə olmaqla, daim düşündürücü xarakter daşıyıb, müxtəlif izahlarla, yanaşmalarla müşayiət olunub. Dünya Bankının qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını təqdim edən hesabatında da qeyd olunmuşdu ki, bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir. Sənəddə göstərilirdi ki, təhsilin mümkünlüyü qız uşaqlarının sağlamlığına müsbət təsir göstərir. Hesablamalara əsasən, dünya üzrə orta hesabla qızların 89 faizi ibtidai, 77 faizi orta məktəbi bitirir. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq. Digər tərəfdən, bu səbəbdən də doğum səviyyəsi, eləcə də Yer kürəsinin əhalisi azalacaq. Qadınlar üçün tam orta təhsilin mümkünlüyü onların öz sağlamlıqları barədə məlumatlı olmalarına, psixoloji durumlarına müsbət təsir edə, uşaqlar arasında ölüm səviyyəsini 5 yaşa qədər azalda bilər.

Dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına heç də az  rast gəlinmir. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Qızların təhsildən yayınması əsasən regionlar, xüsusən də ölkəmizin cənub bölgəsi üçün daha xarakterikdir. Bir də ki, qızların təhsildən yayınması yox, yayındırılması desək, daha düzgün olardı. İnanmaq olmur ki, hansısa qız öz istəyi ilə təhsildən ayrılsın.

Təhsillə az-çox maraqlananlar yəqin bilməmiş deyillər ki, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir.

Ümumiyyətlə götürdükdə isə təkcə qızların deyil, habelə oğlanların da təhsildən yayınma halları təhsilimizin ən ciddi problemlərindən bir olaraq qalmaqdadır. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ən başlıcası isə məktəblərdə nizam-intizam möhkəmləndirilməlidir.

Bu təkcə sırf təhsil məsələsi olmayıb bir sıra mədəni və mənəvi aspektlərə sıx bağlı bir məsələdir. İcbari təhsilə cəlb olunmanın Nümunəvi əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biri, həmcinin bir neçə dövlət qurumunun funksional işi hesab etməklə, Nazirliyin bununla bağlı hər hansı təsir mexanizminə malik olmamasını, problemin çözülməsində ictimaiyyətin, medianın roluna ümid bəslənməsini də başa düşmək o qədər də çətin deyil. Çünki şagirdlərin məktəbdən yayınması bir çox sosial, regional, mental, səbəblərlə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır. Bu məsələdə ictimai qınağın rolu da böyük ola bilər.

Hər halda bu kimi taleyüklü məsələnin çözülməsində kimlərin nə dərəcədə məsuliyyət daşımasından asılı olmayaraq təhsildə dövlət siyasətinin həyata keçirilməsinə məsul olan ali icraedici dövlət qurumu kimi Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli, əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə mütəmadi olaraq monitorinqlər keçirməli, xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır. ilk növbədə icbari təhsildən yayınmanın metodologiyasını araşdırmalı, əlaqədar qürumların vəzifələri və məsuliyyəti barədə hökumət qarşısında konkret təkliflərlə çıxış etməlidir. Bir halda ki, ali təhsilin hamı üçün əlçatan olmasını hədəfləmişik, deməli hər bir yeniyetmə və gəncimizin xüsusilə də qızlarımızın tam orta təhsilini başa vurmasının, heç olmasa ümumi icbari təhsildən kənar qalmamasının da qayğısına qalmalıyıq.

Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbinin gənc müəllimi Aynur İbrahimovanın təhsilsiz qalan valideynlərin - ana və nənələrin ödənişsiz dərslərə cəlb edilməsinə hədəflənən "Oxumaq heç vax gec deyil” layihəsi, regionlarda maarifçilik işləri aparması istiqamətində unikal praktika,  təhsili sahəsində yeni metodologiya olub, qızlarımızın təhsilə cəlb olunmasının stimullaşdırılmasında yeni mərhələnin başlanğıcını qoyub. Qürurverici haldır ki, bu təşəbbüs artıq Respublikamızın hüdudlarını aşaraq, qonşu və qardaş Türkiyədə də dəstəklənib.  

Nadir İsrafilov

Xəbər lenti