Tehsil.biz gənc şairə Gülay Tahirlinin "Başını dik tut, şəhid anası" şeirini təqdim edir:
Ağla, şəhid anası!
Öpüb gözlərinə qoyduğun bayrağın
Yaşılından göyərəcək Qarabağın çiçəkləri!
İgidin yandırdı neçə-neçə ürəkləri!
Yanan tək ürəklərimiz deyil ki, ana.
Ürəyindən günəşə uzanan yolu görürsənmi?
Günəş Qarabağda səni axtarır, bilirsənmi?
Ey şəhid anası,
Odlar yurdu sevinir
Sənin içindəki şərəf qədər, qürur qədər...
Odlar yurdu yanır, anam,
İçindəki kədər qədər...
Ağ saçlarını Qarabağın küləyi oxşayacaq,
O torpaqlardan alacaqsan oğlunun ətrini.
Duyacaqsan "Anam, ölmədim, yaşayıram" deyən səsini!
Küləklər sənə gətirəcək oğul nəfəsini.
Başını dik tut!
9 ay bətnində ölümsüzlük gəzdirən qadın,
Varmı səndən güclüsü?!
Üç rəngi sıxıb köksünə,
Qollarına sığdırmısan Azərbaycanı!
O üçrəngli bayrağı göstər,
Səndən soruşsalar "Oğlun hanı?"