Logo

100 yaşlı məktəb - FOTO

18.11.2022 23:44 277 baxış
IMG

Göyçə mahalının Toxluca kənd orta məktəbi dünənin və bu günün işığında

Göyçə  mahalı  qədimliyi, zəngin  tarixi, Oğuzların tarixi vətənləri olaraq  Azərbaycan tarixinin ayrıca  bir şərəfli   səhifəsini   təşkil  edir. Tarixin bütün dönəmlərində  Göyçə mahalında  azərbaycanlılar  ermənilərdən üstünlük təşkil  etmişdir.  Hətta  yaşayış məntəqələrinin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Bu da Qərbi Azərbaycanın digər  bölgələri  kimi, Göyçə  mahalının da  köklü sakinlərinin azərbaycanlılar olduğunun aydın şəkildə təsdiqidir. Göyçə  mahalının həm əhalisinin sayına, həm də ərazisinə görə böyük kəndlərindən biri Toxluca kəndi idi.

Haşiyə: Toxluca  İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, keçmiş Çəmbərək (Krasnoselo) rayonunda, indi Qeqarkunik  vilayətində  kənd. Çəmbərək qəsəbəsindən 24 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dörd tərəfi dağlarla əhatə olunmuş bir ərazidə yerləşir. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

1831-ci ildə burada 296, 1873-cü ildə 466, 1886-cı ildə 681, 1897-ci ildə 935, 1914-cü ildə 1373, 1916-cı ildə 1330, 1919-cu ildə isə 1199 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayının ortalarında ermənilər tərəfindən azərbaycanlılar vəhşicəsinə qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin keçmiş sakinləri öz doğma evlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 1176, 1926-cı ildə 1403, 1931-ci ildə 1723, 1970-ci ildə 2415, 1979-cu ildə 2632, 1987-ci ildə isə 2985 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri bir daha ermənilərin təcavüzünə məruz qalmış və Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toxluca kəndinin adı Azərbaycan dilində  dağlıq yer mənasını ifadə edən “dağlıqca” sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində “dağ” mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü “bənd”, “sədd”, “çəpər” mənalarında işlənir. Toponimin ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. “Dağlıq ərazi” mənasını ifadə edir. Erm. SSR AS RH-nin 19.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur.

Qərbi Azərbaycanın digər bölgələrində olduğu kimi, Göyçə mahalında, eləcə də Göyçə mahalının ən böyük azərbaycanlıların yaşadığı Toxluca kəndində də təhsilə diqqət  göstərilmişdir. Toxluca kəndində ilk təhsil dini təhsil olmuşdur. Dini təhsil əsasən  kəndin ən qədim tarixi abidəsi olan məsciddə təşkil edilmişdir. Bununla yanaşı, evlərdə də dini  təhsil verilmişdir. İstər məsciddə, istərsə də evlərdə ilk olaraq əbcəd  üsulu  ilə ərəb əlifbası, daha  sonra  Qurani-Kərim öyrədilərdi.  Məsciddə keçilən dərslər sistemli xarakter daşıyırmış. Burada Qurani-Kərimin öyrədilməsi ilə yanaşı hesab, coğrafiya, tarix  dərsləri də keçilirmiş.  Kənddə dini təhsil verənlərdən Qara Molla kimi tanınmış Molla Əhmədin, Məşədi Əlinin, Məşədi Mir İsmayıl Ağanın adlarını çəkmək olar.

İndi Ermənistan Respublikası adlanan Qərbi Azərbaycanda 29 noyabr 1920-ci ildə sovet hökuməti qurulandan sonra azərbaycanlıların dünyəvi təhsil almaları xüsusi olaraq  diqqətdə dayanmışdır. Azərbaycanlıların yaşadığı kəndlərdə dünyəvi məktəblərin  açılmasını Ermənistan SSR-in rəhbərləri əngəlləmiş, yeni tipli məktəblərin açılmasının qarşısını almağa çalışmışlar. Lakin bu məsələnin həllində Qərbi Azərbaycanda yaşamış dövrün  qabaqcıl azərbaycanlı ziyalıları fəallıq göstərmişlər. Bu baxımdan, 1922-1924-cü illər Ermənistan SSR Daxili İşlər Xalq Komissarının müavini, 1924-1927-ci illər Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin millətlər şöbəsinin müdiri  vəzifələrində işləmiş  Bala  Əfəndiyevin,  1922-ci  ildə Ermənistan SSR Xalq  Maarif  Komissarlığının  nəzdində yaradılmış Azsaylı xalqlar  şöbəsinin  müdiri Mehdi  Kazımovun xüsusi əməyi olmuşdur. Elə Toxluca kəndində dünyəvi məktəbin açılmasında da Bala Əfəndiyev və   Mehdi Kazımov öz səyini əsirgəməmişdir.

Toxluca kəndində dünyəvi məktəbin açılmasında kəndin tanınmış adamları da çalışmışlar. Ən nəhayət, toxlucalılar öz arzularına  çatmış, 1922-1923-cü  tədris ilində Toxluca kəndində yeddiillik  məktəb açılmışdır. İlk  zamanlarda kənddə dünyəvi təhsillə yanaşı, dini təhsil də  fəaliyyət  göstərmişdir. Dini təhsil kənddə 1930-cu illərdə tam dayandırılmışdır.

Toxluca kəndində açılan ibtidai  məktəb üçün xüsusi bina olmadığından  dərslər  məsciddə keçilmişdir.  Şagirdləri yerləşdirməkdə çətinlik olduğundan dərslər həm də ayrı-ayrı evlərdə də təşkil edilmişdir.  Məktəbin  müəllimləri əsasən İrəvan Azərbaycanlı  Pedaqoji Texnikumunun məzunları olmuşdur.  Şagirdlərin sayı artdığı üçün Toxluca kənd  məktəbi 1926-27-ci illərdə səkkizillik məktəbə, 1930-cu illərdə orta məktəbə çevrilmişdir.

Toxluca kənd orta məktəbi üçün ilk    məktəb binası 1930-cu illərdə Ermənistanın Dilican və Krasnoselo  rayonlarında  məsul vəzifədə işləmiş İdris Sadıqovun rəhbərliyi altında inşa edilmişdir. Toxluca kənd orta  məktəbi şagirdlərinin sayına görə Krasnoselo rayonunun ən böyük məktəbi idi. Məhz 1938-ci  ildə tikilmiş məktəb binası artıq mövcud tələblərə cavab vermirdi. 1000 nəfər şagirdi  olan Toxluca kənd orta məktəbi üçün yeni  məktəb binasının tikilməsi məsələsi dəfələrlə Krasnoselo Rayon Partiya Komitəsinin, Ermənistan SSR Maarif  Nazirliyinin  qarşısında  qaldırılsa da, erməni millətçiliyinin, ayrı-seçkiliyinin nəticəsində yeni məktəb binasının  tikilməsi həllini tapmırdı. Çox çətinlikdən  sonra erməni kəndlərində, hətta 5 şagirdi olan məktəb üçün belə yeni məktəb binası tikiləndən sonra 1984-cü ildə Toxluca kəndində üçmərtəbəli yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

Toxluca kənd orta məktəbi 1988-ci ilin 24 noyabrına qədər fəaliyyət göstərmişdir. Əlavə olaraq onu da qeyd etmək yerinə düşər  ki, məktəbin nəzdində ayrıca olaraq azkomplektli siniflər də fəaliyyət göstərmişdir. Azkomplektli siniflər Toxluca kəndinin ərazisinə daxil olan “Sovxoz”  deyilən yaşayış məntəqəsində yerləşirdi.

 

24 noyabr 1988-ci ildə  kəndin köklü  sakinləri - azərbaycanlılar Ermənistan  dövlətinin milli ayrı-seçkiliyinin qurbanı olmuş, tarixi-etnik torpaqlarından deportasiya  olunmuşlar. Bununla da Toxluca kənd orta məktəbi öz  fəaliyyətini  dayandırmışdır.

Toxluca kənd orta məktəbinin direktoru vəzifəsində Alma Muğanlinski (1929-1934),  Əli  M.Həkimov (1934), Müslüm Cəfərov (1935), İdris Sadıqov (1935),  Aydaş İsmayılov (1937), Abbasqulu (soyadı müəyyənləşdirilmədi, 1938), Cəlal Əsgərov  (1938-1945),  Həmid Əliyev (1945-1948),   Şirəli Hacıyev (1948-1952), Məmmədqulu Abbasov (1952-1956), Qurban Süleymanov   (1956-1958), İsa Əhmədov (1958-1964), Qəmət  Əliyev (1964-1977),  Xalıqverdi Novruzov (1977-1983),  Fərman Kərimov (1983-1987), İbrahim  Bayramov (1987-1988)  işləmişlər.

Toxluca kənd orta  məktəbinin ilk məzunları pedaqoji sahəyə  meyil göstərmiş, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda, Qazax Pedaqoji Texnikumunda, Gəncə Pedaqoji Texnikumunda təhsil alaraq  öz  doğma  kəndlərinə - Toxluca  kəndinə dönmüş, pedaqoji fəaliyyətlə məşğul olmuşlar. M.C.Bağırov adına Qazax Dövlət   Müəllimlər İnstitutunu bitirmiş Abbas  Bayramov, Əziz Bayramov, Ələsgər Ələsgərov, Moruq Əhmədova, Məhəmməd Budaqov, Qəmət Əliyev (sonradan Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir), Bafta Əhmədova, Səməd  Həsənov (sonradan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təbiyyət fakültəsini bitirmişdir), İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirmiş  Eyyub Məmmədov,  Əmirvar  Hüseynov, Rza İsmayılov, İsmayıl Allahverdiyev, Cabbar Əhmədov, H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun Nuxa (Şəki) filialını bitirmiş Səfər Aslanov, Gəncə  şəhərində Bədən tərbiyəsi və İdman Texnikumunu bitirmiş Məhəmməd Muradov (sonradan Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir), Ermənistan Dövlət Pedaqoji İnstitutunu tarix-filologiya  ixtisası üzrə bitirmiş İsa Əhmədov, Behbud  Əliyev ilk pedaqoji kadrlar olaraq həm Toxluca kəndinə, həm də Toxluca kənd orta məktəbinə şöhrət gətirmiş, ilk əmək fəaliyyətinə  Toxluca kənd orta məktəbində başlamışlar.

Ceyran Rzayeva qədim Azərbaycan şəhəri İrəvanda anadan olmuş, 1942-ci  ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirərək taleyini əbədilik Toxluca kəndinə bağlamışdır. Toxluca kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. C.Rzayeva 1988-ci ildə  ermənilər tərəfindən doğma yurdundan deportasiya olunmuş,  Bakı şəhərində məskunlaşmışdır.

Toxluca kənd orta məktəbi öz məzunları  ilə həmişə fəxr etmiş, məzunlar doğma məktəblərinə baş ucalığı gətirmişlər.  Orta məktəbdə təhsil illərində çalışqanlıqları, dərsə  davamiyyətləri, tədris olunan fənləri tam mənimsəmələri ilə həmişə adları fəxrlə çəkilmiş, pedaqoji kollektivin dərin hörmətini qazanmış, şagird yoldaşlarına örnək olmuş Fərman Kərimov (1966), Vaqif Həsənov  (1967),  Fərhad Əliyev (1986) və  Vaqif Qələndərov (1987) Toxluca  kənd orta məktəbini medalla bitirmişlər. F.Kərimov BDU-nun, V.Həsənov ADPU-nun kimya fakültəsini, F.Əliyev ATU-nun müalicə-profilaktika fakültəsini, V.Qələndərov Türkiyənin İstanbul Cərrahpaşa Tibb fakültəsini bitirmişlər.

Azərbaycanda elmin inkişafında Toxluca  kənd orta məktəbinin məzunları da öz töhfələrini vermişlər. Akademik Hüseyn Əhmədov  Toxluca kəndi, eləcə də Toxluca kənd  orta məktəbi üçün bir örnək, obrazlı şəkildə   ifadə etsək, “etalon”  olmuşdur.  Doğma kəndində Hüseyn Əhmədov həm də “alim Hüseyn” kimi də xatırlanırdı. Onunla müntəzəm görüşlər, söhbətlər öz təsirini göstərməyə  bilməzdi. Məhz fəxrlə qeyd edə bilərik ki,   tarix elmləri namizədi Şövqi Həbullah oğlu Əhmədov, coğrafiya  elmləri namizədi Akif  Həbullah oğlu Əhmədov, kimya üzrə fəlsəfə doktoru, dosent  Vaqif Səməd oğlu Həsənov, filologiya  elmləri doktoru, professor, Əməkdar müəllim İbrahim Məhəmməd oğlu Bayramov, fəlsəfə elmləri doktoru, professor Zakir Qurban oğlu Məmmədalıyev, pedaqogika üzrə elmlər doktoru, professor Həsən Bayram oğlu Bayramov, kimya elmləri  namizədi  İntizar Köçəri oğlu Sərdarov, pedaqogika  üzrə fəlsəfə doktoru, dosent Əliyənnaqi Məhəmmədtağı oğlu Məhərrəmov, tibb üzrə elmlər doktoru, professor Vaqif Məhərrəm oğlu Qələndərov, tibb  üzrə  elmlər doktoru, professor, Əməkdar həkim Yusif Qəmət oğlu   Əliyev, filologiya  üzrə fəlsəfə doktoru, dosent  Həqiqət Aslan qızı Hacıyeva,  tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Firdovsi Nəbi oğlu İbrahimov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fazil  Əsgər oğlu İsmayılov, iqtisadiyyat üzrə fəlsəfə doktoru  Məhəmməd Abbas  oğlu  Məmmədov, pedaqogika üzrə fəlsəfə doktoru Sara Məhəmmədtağı qızı Bayramova, iqtisadiyyat  üzrə fəlsəfə doktoru Həbibə Məhəmmədtağı qızı Qələndərova, pedaqogika üzrə fəlsəfə doktoru Firudin Zirəddin oğlu Məmmədov Toxluca kənd orta məktəbinin  məzunları olmuşlar. Bununla yanaşı tibb üzrə fəlsəfə doktoru Ramin Baba oğlu Bayramov,  pedaqogika üzrə fəlsəfə doktoru Qüdsi Həsən oğlu Bayramov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vilayət  Zahid oğlu Ramazanov, filologiya üzrə fəlsəfə doktoru Şəhanə Əliyənnaqi  qızı Məhərrəmova ilk təhsillərini Toxluca  kənd orta məktəbində almış,  lakin 1988-ci ildə  doğma  yurdlarından ermənilər tərəfindən qovulduqları üçün təhsillərini Azərbaycanda davam etdirməli olmuşlar.

Vaxtı ilə türkəçaraların və ya digər millətlərdən olan həkimlərin ümidinə qalan  Toxluca kəndinin sakinləri bu gün toxlucalı həkimlər ordusu ilə  fəxr edirlər desək, səhv etmərik. Toxluca kənd orta  məktəbində tədrisin  yüksək  səviyyədə aparılması öz səmərəli nəticəsini verməyə  başlamışdır. 1940-cı illərə  kimi  məktəbin məzunları, əsasən müəllimlik peşəsinə yiyələnmək arzusunda olurdular.  Bu  məqsədlə pedaqojiyönümlü orta  ixtisas və  ya ali təhsil  müəssisələrinə üz tutaraq qəbul olunmaqla öz arzularına çatırdılar. Yazılmamış bu ənənəni  Məhərrəm Qələndərov qırmışdı. Orta məktəbi bitirən Məhərrəm Qələndərov qəbul imtahanlarını uğurla verərək N.Nərimanov adına  Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki  Azərbaycan Tibb  Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur.  O, ATU-nu bitirərək doğulub boya-başa çatdığı Toxluca  kəndinə dönmüş, neçə-neçə xəstələrə şəfa vermişdir. 1988-ci ildə ata-baba yurdundan didərgin düşən M.Qələndərov Bakı  şəhərində  öz  peşəsindən  ayrılmamış, 6 nömrəli xəstəxananın  baş həkimi kimi Hippokrat andına sadiq qalaraq  xəstələrin ümid yeri olmuşdur.  M.Qələndərov dövlətimiz tərəfindən “Əməkdar  həkim” fəxri adına layiq görülmüşdür.

Sonra Toxluca kənd orta məktəbinin məzunlarından Səyyarə Məmmədova, Tofiq Məmmədov, Mürsəl Haqverdiyev, Vahid İbrahimov, Qurban Ramazanov, Mehriban Qəhrəmanova, Vidadi Əliyev, Kamil Əliyev, Qədir Həsənov, Yusif Əliyev, Əbülfət Həsənov, Fərhad Alıyev, Kamil Bəhmənov, Şəhrəbanı Məmmədova Azərbaycanda, Vaqif Qələndərli, Firdovsi İbrahimov, Elbəyi Daşdəmirov, Ələkbər Haqverdiyev, Faiq Alıyev qardaş Türkiyədə müxtəlif ixtisaslar üzrə tibb universitetlərini bitirmişlər.

Azərbaycanın tarixi torpaqlarının-Qarabağın və Şərqi Zəngəzurun Ermənistan Respublikasının işğalından azad olunması üçün  minlərlə Azərbaycan igidləri ilə yanaşı, Toxluca məktəbinin məzunları da  canlarını doğma Azərbaycanımız üçün qurban  vermiş,  Birinci Qarabağ müharibəsində  Şəhidlik  zirvəsinə  yüksəlmişlər. İndi biz Toxluca  məktəbində igidlik dərsi almış və Şəhidlik zirvəsinə  yüksəlmiş Əliyev Kamil Qəmət oğlu (həkim), Ələkbərov Nizami Xıdır oğlu, Bəhmənov Zakir Yusif oğlu, Məmmədov Şahin Səməd oğlu, İsgəndərov Hüsaməddin Mehfalı oğlu  (leytenant), İsmayılov Arif Sadıq oğlu, Aslanov Vüqar Əmiraslan oğlu, Məmmədov  Məhəmməd Müzəffər oğlu, Ələsgərov Fərhad Məhəmməd oğlu və Mansırov Rafiq  Bayram oğlu ilə fəxr duyuruq. Bununla  yanaşı  I Qarabağ  müharibəsində itkin düşmüş Mansırov  Rafiq  Bayram oğlu, Mansırov Zakir Xıdır oğlu, Hacıyev Bəxtiyar Yunis oğlu, Hüseynov Zülfüqar Hüseyn oğlu, Qasımov Yolçu  Mehralı oğlu və Bayramov Məhərrəm Hüseyn oğlunun adı həmişə qürurla  anılır, iftixarla  xatırlanırlar.

 

İnanırıq  ki, biz   doğma Azərbaycanımızın tarixi torpaqlarına-  Qərbi Azərbaycana, o  cümlədən  Göyçə  mahalının Toxluca  kəndinə qayıdacağıq. Yenə Toxluca kənd orta  məktəbində balalarımıza öz doğma dilimizi- Azərbaycan dilini, ədəbiyyatımızı, tariximizi  öyrədəcəyik. İlk dəfə məktəbə gələnlərə  sevə-sevə Ana, Vətən, Azərbaycan  sözlərini öyrədəcək, bu  sözlərin işığında  bütöv  Azərbaycanın layiqli  vətəndaşlarını  yetişdirəcək,  sönmüş  ocaqlarımızı yenidən yandıracağıq.

İbrahim BAYRAMOV,

ADPU-nun Elmi-təşkilati  şöbəsinin  müdiri, filologiya  elmləri  doktoru, professor, Əməkdar müəllim

Xəbər lenti