Logo

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

11.09.2021 23:18 457 baxış
IMG

Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov ömrünün 80-ci ilində vəfat edib.

Tehsil.biz xəbər verir ki, Oqtay Qüdrət oğlu Nüsrətov 26 iyul 1941-ci ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib, 1964-1975-ci illərdə Azərbaycan EA Kibernetika institutunda laborant, baş laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi; 1975-1978-ci illərdə İnstitutun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində baş konstruktor, laboratoriya müdiri; 1978-1982-ci illərdə İnstitutun nəzdində yaradılmış XKB-da baş мühəndisi, 1982-1988-ci illərdə XKB-nun direktoru və 1988-ci ildən 2019-cu ilə kimi İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, həmçinin "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri" laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır.

O, 1975-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1993-cü ildə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə baş elmi işçi, 2005-ci ildən texnika elmləri doktoru və 2011-ci ildən professor idi..

O.Q.Nüsrətov informasiya texnologiyaları və sistemləri istiqamətində tanınmış alim və yüksək səviyyəli mütəxəssis idi. Onun elmi nəticələri əsasında və birbaşa rəhbərliyi ilə İnstitutun Xüsusi Konstruktor Bürosunda bir sıra informasiya, nəzarət və diaqnostika sistemləri yaradılmış və keçmiş SSRİ-nin müdafiə əhəmiyyətli müəssisələrində və “Krasnodarneft”, “Çernomorneft” və b. neft-qazçıxarma idarələrində tətbiq edilmişdir.

O, tsiklik siqnalların mövqeli-binar analizi və identifikasiyası informasiya texnologoyasının əsas müəlliflərindəndir. Bu texnologiya ilə neftçıxarma obyektləri üçün yeni prinsiplərə əsaslanan nəzarət, diaqnostika və idarəetmə informasiya sistemlərinin yaradılmasında aparıcı rol oynamışdır. Göstərilən texnologiya əsasında neft quyularının dırinlik-nasos qurğularının nəzarət və diaqnostika sistemləri yaradılmış və Qarasu, Balaxanı neft Şirkətlərində ətbiq edilmişdir.

O, 2009-cu ildə informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, 2015-ci ildə "Şöhrət ordeni" ilə təltif edilmişdir.

O.Q.Nüsrətov 138 elmi əsərin, onlardan 29 patent olmaqla müəllifidir.

Onun elmi rəhbərliyi ilə müdafiə edərək 1 elmlər doktoru və 5 fəlsəfə doktoru elmi dərəcə amışlar. Həmçinin bir doktorluq dissertasiya işi müdafiə üçün təqdim edilmişdir.

O.Q.Nüsrətov 2001-2019-cu illərdə İnstitutun nəzdində fəaliyyət ğöstərən D 01.121 dissertasiya şurasının seminarının sədri, 2006-2019-cu illərdə Şuranın üzvü,

2009-2019-cu illərdə şuranın sədr müavini və 2019-cu ildən isə ED 1-20 dissertasiya şurasının sədri olmuşdur.

O.Q.Nüsrətov elmi işi ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Texniki Universitetinin “İnformasya texnologiyaları və proqramlaşdırma” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedralarında 0,5 şt. professor vəzifəsində işləmişdir.

O, çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycan elmini təmsil edib.

Tanınmış alim, professor Oqtay Qüdrət oğlu Nüsrətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Xəbər lenti