Logo

Görkəmli alimlərin yubileylərinə həsr olunmuş dəyirmi masa keçirilib

30.12.2025 13:10 29 baxış
IMG

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan görkəmli alimlər – Zülfəli İbrahimovun 115, İsmayıl Hüseynovun 115 və Sərvər Aslanovun 95 illik yubileylərinə həsr olunmuş dəyirmi masa keçirilib.

Bu barədə institutdan bildirilib.

Tədbiri Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq yubileyləri qeyd olunan alimlərin Azərbaycan tarixşünaslığının elmi əsaslar üzərində formalaşmasında, milli tarixi düşüncəsinin inkişafında və elmi məktəblərin yaradılmasında müstəsna rol oynadıqlarını bildirib. İlqar Niftəliyev çıxışında bu alimlərin zəngin elmi irsinin müasir elmi tədqiqatları üçün mühüm metodoloji və nəzəri baza təşkil etdiyini xüsusi vurğulayıb.

Dəyirmi masada tarix üzrə fəlsəfə doktoru, dosent Raisa Cəfərova “Zülfəli İbrahimovun həyat və fəaliyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə alimin elmi yaradıcılıq yolunun əsas mərhələləri, onun Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair apardığı fundamental tədqiqatlar, eləcə də tarix elminin aktual problemlərinin araşdırılmasında tutduğu mövqe ətraflı şəkildə təhlil olunub. Çıxış zamanı Zülfəli İbrahimovun tarixşünaslıqda qoyduğu elmi irsin bu gün də öz aktuallığını qoruduğu qeyd edilib.

Tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Zülfəli İbrahimovun tədqiqatlarında Azərbaycanın 1917–1918-ci illər tarixi məsələləri” adlı məruzəsində alimin milli dövlətçilik tarixinin ən mürəkkəb və taleyüklü mərhələlərindən birinə dair araşdırmalarını geniş şəkildə şərh edib. Məruzədə həmin tədqiqatların zəngin arxiv və mənbə materialları əsasında aparıldığı, eləcə də müasir tarixşünaslıq üçün mühüm elmi-nəzəri nəticələr ortaya qoyduğu vurğulanıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova “İsmayıl Hüseynovun həyat və yaradıcılığı” adlı məruzəsində alimin elmi fəaliyyətinin əsas istiqamətlərini, onun Azərbaycan tarix elminin müxtəlif problemlərinə dair apardığı tədqiqatları və tarixçi kadrların hazırlanmasındakı rolunu ətraflı şəkildə diqqətə çatdırıb. Çıxışda İsmayıl Hüseynovun elmi-pedaqoji fəaliyyətinin Azərbaycan tarixşünaslığının inkişafına verdiyi töhfələr xüsusi qeyd olunub.

Tarix üzrə fəlsəfə doktoru, dosent Əzizə Nəzərli “Sərvər Aslanovun həyat və fəaliyyəti” mövzusunda məruzəsində alimin elmi fəaliyyət yolunu, Azərbaycan tarix elminə verdiyi töhfələri və onun tədqiqatlarının elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Məruzədə Sərvər Aslanovun elmi irsinin müasir tarix elminin aktual problemlərinin araşdırılmasında əhəmiyyətli mənbə rolunu oynadığı vurğulanıb.

Dəyirmi masa çərçivəsində aparılan geniş müzakirələr zamanı yubileyləri qeyd olunan alimlərin zəngin elmi irsinin gələcək nəsil tədqiqatçılar üçün mühüm elmi baza təşkil etdiyi qeyd olunub, onların Azərbaycan elminin inkişafındakı əvəzsiz xidmətləri yüksək qiymətləndirilib. Tədbirin sonunda bu cür elmi toplantıların tarixçi-alimlərin irsinin təbliği və gənc tədqiqatçılar arasında elmi marağın artırılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Xəbər lenti