“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalın növbəti nömrəsi (Cild 17. № 4.2025) çapdan çıxıb. Müxtəlif aktual problemləri qabartmaqla elmi mühəndis düşüncəsinin mənbəyini göstərən jurnalın bu nömrəsi Azərbaycan Mühəndislik Akademiyasının təsis olunmasının 20 illik yubileyinə həsr edilib.
Yeni nömrə jurnalın baş redaktoru akademik Arif Paşayevin “Azərbaycan Mühəndislik Akademiyası-20 il” adlı təbrik yazısı ilə açılır. Təbrikdə deyilir ki, hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 36 nəfərdir ki, bunlardan da 21 nəfəri həqiqi üzv (akademik), 15 nəfəri müxbir üzv, 1 nəfəri isə fəxri akademiyanın fəxri üzv və 4 nəfər isə akademiyanın əcnəbi üzvüdür. Akademiyanın üzvləri istər neft və qaz sənayesində, istər aviasiya, istər tikinti və nəqliyyat sahəsində, istərsə də müasir informasiya texnologiyalarında və enerji və energetika sahəsində tətbiq olunan mühəndislik yeniliklərində əhəmiyyətli töhfələr vermişlər. Azərbaycan iqtisadiyyatının mühəndislik dayaqlarının möhkəmləndirilməsi məhz sizin əzmkarlığınız və intellektual zəhmətiniz sayəsində mümkün olmuşdur.
Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən elmi-texniki siyasət və sənayeləşmə strategiyası çərçivəsində AMA-nın rolu və məsuliyyəti daha da artmışdır. Bu baxımdan Akademiyanın üzərinə düşən vəzifələr, xüsusilə yeni texnologiyaların tətbiqi, elmi yeniliklərin istehsalata inteqrasiyası və gənc mütəxəssislərin elmə cəlb olunması baxımından olduqca vacibdir.
Azərbaycan Mühəndislik Akademiyasının UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyası (WFEO) və Beynəlxalq Mühəndislik Akademiyası (BMA) və İslam Ölkələri Mühəndislik İnstitutları Federasiyası (İÖMİF) ilə əməkdaşlığı sayəsində Akademiyanın nailiyyətləri daha da artıb, gələcəkdə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq inkişaf edəcək, akademiyanın hüdudları digər akademiyalarla genişlənəcək, mühəndislik ideyalarının dünya birliyinə inteqrasiyası sürətlənəcək.
“Akademiyanın strukturunda yaradılmış yeni departamentlər və şöbələr, akademiyanın üzvləri tərəfindən fəaliyyət göstərir və bütün bunlar, aparıcı alimlər, mühəndislər və tədqiqatçılar üçün öz elmi nailiyyətlərini bölüşmək, aktiv müzakirələr aparmaq və texniki proqramlar hazırlamaq üçün ən yaxşı bir platformadır.
Əminəm ki, Azərbaycan Mühəndislik Akademiyası və onun eyni-texniki orqanı olan “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı bundan sonra da respublikamızın mühəndis-texniki potensialının inkişafı, naminə öz fəaliyyətini uğurla davam etdirəcək, innovasiyaların tətbiqinə, elmi tədqiqatların nəticələrinin real sektora ötürülməsinə xidmət edəcək”, - deyə yazıda bildirilir.
Eyni zamanda, yeni nömrədə Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti akademik Boris Qusevin Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevə ünvanladığı təbrik məktubu da yer alıb.
Azərbaycan, ingilis və rus dillərində nəşr edilən jurnalın bu nömrəsində oxucular “Aviasiya”, “Mexanika və maşınqayırma”, “Neft və qaz”, “Kimya və neft-kimya texnologiyası”, “Cihazqayırma”, “İnformasiya texnologiyaları”, “Ekologiya” və “Geologiya” rubrikalarında müvafiq sahələrin aktual problemlərinə həsr edilmiş tədqiqatlarla tanış ola bilərlər.
Jurnalda dərc edilmiş “Dron qruplarının idarə olunmasının əsas konsepsiyaları”, “Qazıma kəmərinin tullanışa qarşı preventorunun (TQP) tədqiq edilməsi”, “Süni intellekt texnologiyalarının kənd təsərrüfatında tətbiqi” və digər məqalələr aidiyyəti sahələrin mütəxəssisləri, eləcə də tədqiqatçıları üçün maraqlı olacaq.
Xatırladaq ki, 2009-cu ilin noyabr ayından nəşr edilən jurnalın dövriliyi ildə 4 nömrəni əhatə edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin dərc olunması üçün daxil edilib.
Jurnal Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) layihəsinə daxil edilib. Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib.
Jurnal Crossref təşkilatının üzvüdür. Çap olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier – Obyektin Rəqəmsal İdentifiatoru) verilir.
Jurnal International Scientific Indexing (ISI), Scientific Journal Impact Factor (SJIF), Cosmos Impact Factor (CIF), ASCI Beynəlxalq Elmi Sitatlaşma Bazalarına yerləşdirilib, SERTİFİKATLAR verilib, impakt faktor ISI – 1.888, impakt faktor SJIF – 8.503 və impakt faktor CIS – 3.459 (2023).
Bundan əlavə, jurnala “Creative Commons Attribution – NonCommercial 4.0” beynəlxalq lisenziyası verilib.
Jurnal Index Copernicus bazasının Siyahısına daxil olub, “Scopus”, “Web of Science” beynəlxalq elmi sitatlama bazalarında yerləşdirilməyə təqdim olunub.
“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsi ilə yanaşı, eyni zamanda, Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə kömək göstərməkdən ibarətdir.
Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə olunmasına, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edir.