Logo

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi institutlarının hesabatları müzakirə edilib

30.12.2025 13:00 33 baxış
IMG

Elm və Təhsil Nazirliyinin (ETN) Fizika İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının bir sıra elmi müəssisələrinin illik hesabatlarına həsr olunmuş iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin elmi rəhbərləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər.

İclası açan AMEA-nın vitse-prezidenti, FRTEB-nin Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev cari ilin noyabr ayından etibarən Bölmənin fəaliyyəti ilə əlaqəli olan elmi müəssisələr üzrə illik hesabatların müzakirəsinə başlanıldığını bildirib. Akademik R.Əliquliyev qeyd edib ki, Bölmənin Ümumi yığıncağında əsas diqqət prioritet elm sahələri üzrə aparılan araşdırmalara, 2025-ci il ərzində əldə olunan mühüm nəticələrin təhlilinə, eləcə də həmin nəticələrin beynəlxalq elmi platformalarda nəşri məsələlərinə yönəldiləcək.

Akademik Rasim Əliquliyev çıxışında, həmçinin AMEA-nın 80 illik yubileyi tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində Akademiyanın qarşısında mühüm strateji vəzifələr müəyyənləşdirdiyini xatırladaraq ümumi yığıncaqda həmin çıxışdan irəli gələn tapşırıqlar, eləcə də 2026-cı il üçün Bölmə üzrə müəyyənləşdirilən elmi prioritetlər ətrafında müzakirələrin aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti müasir reallıqlar kontekstində Azərbaycan elmində həyata keçirilən islahatlardan da söz açaraq qeyd edib ki, bu proses ölkə üzrə elmi fəaliyyətin daha səmərəli təşkili, optimallaşdırılması, stimullaşdırma mexanizmlərinin genişləndirilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübənin ölkəyə transferi məsələlərini əhatə edir.

Sonra Fizika İnstitutunun icraçı direktoru professor Hüseyn İbrahimov, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov, Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov və başqaları 2025-ci il üzrə elmi hesabatla çıxış ediblər.

Sonra hesabatlara dair müzakirələr aparılıb. Müzakirələrdə akademik Adil Qəribov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, akademik Arif Həşimov və digərləri çıxış edərək institutların illik hesabatlarında əks olunan elmi nəticələri və əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Çıxışlarda elmi fəaliyyətin səmərəliliyinin artırılması, tədqiqatların prioritet istiqamətlər üzrə genişləndirilməsinin vacibliyi vurğulanıb, bir sıra tövsiyələr səsləndirilıb.

Müvafiq elmi müəssisələrdə aparılmış tədqiqatların nəticələrinə dair fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olunub.

Sonda bir qrup alimə fəxri fərmanlar təqdim edilib.

Xəbər lenti