Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iclası açaraq tədbirin gündəliyi barədə məlumat verib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran vəzifələr haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə noyabrın 4-də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yekun yubiley tədbiri keçiriləcək. Akademik İsa Həbibbəyli yekun yubiley tədbirində 21 ölkənin Akademiyasından 42 nümayəndənin iştirak edəcəyini, həmin günlərdə onların iştirakı ilə Akademiya Muzeyinin açılacağını, həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyasının təşkil olunacağını söyləyib. Qeyd edib ki, noyabrın 5-də isə Türk dünyasının Elmlər Akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.
İclasda, həmçinin Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.
Müzakirə edilən növbəti məsələ AMEA-nın 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatların hazırlanması haqqında olub. Məsələ ilə bağlı məlumat verən akademik Arif Həşimov hesabatların əvvəlcə şöbələrdə, daha sonra müəssisələrin Elmi şuralarında, AMEA-nın elmi bölmələrində və Rəyasət Heyətinin iclasında dinləniləcəyini bildirib.
Rəyasət Heyəti tərəfindən hesabatların yüksək səviyyədə hazırlanması ilə bağlı müvafiq qərar qəbul olunub.
İclasda AMEA-nın “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirakının yekunları haqqında da müzakirələr aparılıb.
Məsələ ilə bağlı AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, sərgiyə hazırlıq yüksək səviyyədə həyata keçirilib və Akademiyanın zəngin elmi irsi ictimaiyyətə təqdim olunub. “Elm” nəşriyyatının stendində 600-dən çox monoqrafiya, çoxcildlik əsər, soraq-məlumat ədəbiyyatı, biblioqrafiya və jurnal sərgilənib. O, sərgi çərçivəsində AMEA-nın “Akademiyada: biblioqrafik nəşrlər və seriyalı akademik nəşrlər” və “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirlərinin keçirildiyini, AMEA-nın 80 illiyi ilə bağlı monoqrafiyaların, biblioqrafiyaların, tanıtma kitabının, eləcə də elmin müxtəlif sahələrinə dair seriyalı nəşrlərdən ibarət 100-dən çox kitabın, həmçinin Zəngəzura dair 56 nəşrin təqdim edildiyini diqqətə çatdırıb.
“Akademiyanın elmi irsini geniş təbliğ etmək baxımından sərgidə iştirakımız uğurlu oldu. İkincisi, əvvəlki illərdən fərqli olaraq, AMEA-nın institut və təşkilatlarının vahid stend altında birgə çıxışı akademiyanın mövqeyini daha da gücləndirdi. Həmçinin 80 illik yubileyə həsr edilən nəşrlər akademiyanın yubileyə ciddi hazırlaşdığını nümayiş etdirdi və nəhayət, 25 ildən sonra “Elm” nəşriyyatının texniki bazasının yenilənməsi akademik kitab mədəniyyətimizə kəmiyyət və keyfiyyət baxımından yeni nəfəs verdi”, - deyə Səbuhi Qəhrəmanov qeyd edib.
Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) məsləhətləşmə görüşündə iştirakının yekunları haqqında məlumat verib. Bildirib ki, görüşün məqsədi 2025-2028-ci illər üçün regional gündəlik kontekstində ISC-nin strategiyası və prioritetləri ilə bağlı ortaq maraqların müzakirəsi olub.
Məsləhətləşmə görüşünün ikinci iclasında akademik Arif Həşimov Azərbaycan Milli Elmlər Akademiyasının tarixi, beynəlxalq əməkdaşlıq siyasəti və ISC ilə qurulmuş münasibətləri əks etdirən təqdimatla çıxış etdiyini söyləyib.
O, Beynəlxalq Elmi Şuranın məsləhətləşmə görüşünün yekun iclasında isə Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq münasibətləri və əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan xalqlarını dostluq əlaqələri, ortaq tarixi, mədəni və mənəvi dəyərlər birləşdirir. Bu münasibətlər elmi müstəvidə də dinamik şəkildə inkişaf edir. Həmçinin Beynəlxalq Elmi Şuranın Zaqafqaziya–Mərkəzi Asiya Regional Mərkəzinin yaradılması təşəbbüsü müzakirələr zamanı xüsusi diqqət mərkəzində olub. Azərbaycan tərəfi bu mərkəzin məhz Özbəkistanda yaradılması təşəbbüsünü dəstəkləyib və onun fəaliyyətinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.
Akademik Arif Həşimov bildirib ki, Daşkənddə keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) məsləhətləşmə görüşü region ölkələri arasında elmi əlaqələrin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq şəbəkələrinin gücləndirilməsi və ortaq elmi strategiyaların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və AMEA-nın bu tədbirdə iştirakı ölkəmizin elmi diplomatiyasının inkişafına, beynəlxalq elmi məkana inteqrasiyasına və regionda birgə təşəbbüslərin formalaşmasına töhfə verəcək.
Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
Həmçinin iclasda akademik İsa Həbibbəyli Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin 5-ci ildönümü ilə əlaqədar ölkə səviyyəsində icra olunacaq Tədbirlər planının həyata keçirilməsi istiqamətində Akademiyanın bütün elmi-tədqiqat müəssisə və təşkilatlarında silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Zəfərin 5-ci ildönümü ilə əlaqədar tədbirlərdə AMEA əməkdaşlarının yaxından iştirakı ilə bağlı tapşırıqlar verilib və müvafiq qərar qəbul edilib.
Eyni zamanda Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2026-cı il üçün elan etdiyi müsabiqədə AMEA-nın yaxından iştirakı və akademik Kamal Abdullanın 75 illik yubileyi haqqında qərarlar qəbul olunub.
Sonda bir sıra cari məsələlərə baxılıb.