Logo

“Milli qurtuluş – Heydər Əliyevin tarixi qayıdışı” mövzusunda tədbir keçirilib

13.06.2025 14:50 83 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Milli qurtuluş – Heydər Əliyevin tarixi qayıdışı” mövzusunda tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə ADPU-nun Şamaxı filialından məlumat verilib. Tədbiri açan filialın direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, dövlətçiliyin ciddi təhdidlərə məruz qalması, vətəndaş qarşıdurması təhlükəsi ölkəni uçuruma sürükləyirdi. “Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev həmin böhrandan çıxış yolunu göstərdi, dövlətçiliyimizi, müstəqilliyimizi və milli birliyimizi xilas etdi”, – deyə filial direktoru bildirib.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı “Milli qurtuluş – dövlətçiliyimizin təməl daşı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1993-cü ilin 15 iyun tarixinin Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik və inkişafın təməlinin qoyulduğu qeyd olunub.

Tədbirdə Sosial və xüsusi fənlər kafedrasının müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda çıxış edərək, Ulu Öndərin formalaşdırdığı milli ideologiyanın bu gün də Azərbaycan cəmiyyətinin birləşdirici ideya bazası olduğunu diqqətə çatdırıb.

İbtidai sinif müəllimliyi ixtisasının ikinci tədris ili tələbəsi Pərvanə Musayeva şair Fikrət Qocanın “Vətən oğlu” şeirini səsləndirib.

Sonra tədbir diskussiya ilə davam edib. Dosent Mayıl Alıcanov və baş müəllim Kamal Balakişiyev qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan Respublikası bu müdrik strategiyanın bəhrəsi olaraq regionda və dünyada güclü dövlət kimi tanınır.

Xəbər lenti