Logo

“Qərbi Azərbaycanın maarif xadimləri” mövzusunda tədbir keçirilib

23.05.2025 11:11 56 baxış
IMG

Şirvan şəhərində “Qərbi Azərbaycanın maarif xadimləri” mövzusunda tədbir keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsi Barxudar Barxudarov qeyd edib ki, XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olub. Azərbaycanın elm və mədəniyyət tarixinə “İrəvani” təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alim, ədəbiyyat və incəsənət xadimi var. Mirzə Qədim İrəvani (1825-1875), Mirzə Məhəmməd İrəvani (1718-1799), Fazil İrəvani (1782-1885), Mirzə Müslüm İrəvani (1755-1823), Dəlil İrəvani (1763-1817), Əbdülqasım İrəvani (1774-1823) və digər görkəmli şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq edir. İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə hiss edilməkdədir.

Barxudar Barxudarov bildirib ki, İrəvanda ilk qəza məktəbi 1832-ci il yanvarın 14-də açılıb. İrəvanda ilk qəza məktəbinin açılması bütövlükdə bölgədə qabaqcıl maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli dərəcədə rol oynayıb. XIX əsrin 70-ci illərindən başlayaraq yeni üsulla tədris edən dünyəvi Azərbaycan məktəbləri İrəvanda (1880), Uluxanlıda (1881), Böyük Vedidə (1883), İmanşalıda (1883), Sürməli qəzasının Aralıx Baş kəndində (1884), Basarkeçərin Zod kəndində (1885), Çobankərədə (1890) və başqa bölgələrdə də açılaraq fəaliyyət göstərməyə başlayıb. Dünyəvi məktəblərin getdikcə çoxalması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatı daha da artırırdı. Bunu nəzərə alaraq Rusiya Dövlət Şurasının 1880-ci il 20 oktyabr tarixli qərarına əsasən, İrəvan Müəllimlər Seminariyası yaradılıb. Barxudar Barxudarov qeyd etdi ki, 1988-1989-cu illərdə Qərbi Azərbaycanda tədrisi Azərbaycan dilində aparılan 155 məktəb və 38 beynəlmiləl məktəblərdəki Azərbaycan bölmələri bağlanmış, 48 681 şagird və 3992 müəllim Ermənistandan zorakılıqla deportasiya edilib.

Barxudar Barxudarov vurğuladı ki, Qərbi Azərbaycanda doğulmuş və Azərbaycan mədəniyyətinə, elminə, incəsənətinə, təhsilinə böyük töhfələr vermiş və dövlətçiliyinə ləyaqətlə xidmət etmiş çox sayda azərbaycanlı var.

Tədbirdə çıxış edən kollec direktoru Xatirə Məlikova bildirdi ki, Qərbi Azərbaycan məsələsi həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin ölkəyə rəhbərlikləri dövründə dövlət siyasətinin vacib tərkib hissəsini təşkil edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olub. Bu müharibə nəticəsində Azərbaycanın qazandığı Zəfər bölgədə yeni reallıq yaratmış və bu reallıq Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq arzusunun reallaşması üçün hüquqi zəmin formalaşdırıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsinin müavini Əziz Abbasov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin əməkdaşları Aidə Əsədova, Yeganə Müslümova, Gülnarə İbrahimova, Günel Abdullayeva, 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva öz çıxışlarında Şirvanda məskunlaşan Qərbi Azərbaycan ziyalılarının Şirvan təhsilinə verdikləri töhfələrdən danışdılar, uzun illər Şirvanda dövlət və təhsil sahəsində çalışan Vəli Ələkbərov haqqında videoçarxı seyr etdilər. Sonra Sevda Həsənovanın rəhbərliyi ilə kollec tələbələrinin hazırladıqları bədii hissə təqdim olunub və tədbir iştirakçıları Qərbi Azərbaycanla bağlı hazırlanmış sərgiyə baxıblar.

 

 

 

 

 


 

Xəbər lenti