Logo

MDU-da regionun ilk beynəlxalq IT təlim mərkəzi istifadəyə verilib

23.05.2025 08:56 94 baxış
IMG

Mingəçevir Dövlət Universiteti (MDU) “Cisco Networking Academy” ilə strateji əməkdaşlığa başlayıb və bununla da  regionda ilk beynəlxalq IT təlim mərkəzi istifadəyə verilib. 

TƏHSİL.BİZ xəbər verir ki, bununla bağlı bu gün MDU qlobal texnologiya nəhəngi sayılan “Cisco”nun təhsil platforması - “Cisco Networking Academy” ilə rəsmi əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb.

Bu əməkdaşlıq nəticəsində MDU regionda “Cisco Networking Academy” platformasına qoşulan ilk ali təhsil müəssisəsi olub.

Protokol MDU-nun rektoru professor Anar Eminov və “Cisco Networking Academy”nin Azərbaycandakı rəsmi partnyoru olan “NetLine Technology” MMC-nin direktoru Fərid Əmirov tərəfindən imzalanıb. 

Anar Eminov “Azərbaycan müəllimi”nə bildirib ki, bu əməkdaşlıqla MDU regionun rəqəmsal transformasiya mərkəzinə çevrilir: "Mingəçevir Dövlət Universiteti olaraq biz informasiya texnologiyaları sahəsində müasir, rəqabətədavamlı və qlobal meyarlara uyğun bir təhsil modelinə keçidi əsas prioritetlərimizdən biri müəyyən etmişik. Bu əməkdaşlıq sayəsində artıq tələbə və müəllim heyətimiz dünyanın ən qabaqcıl IT platformasına birbaşa  çıxış imkanı əldə edəcək”.

Rektor deyib ki, universitetdə “Cisco NetAcad” proqramına uyğun olaraq CCNA, “CyberOps”, “Python Essentials”, “Cloud Security”, “Linux Essentials”, konteyner texnologiyaları, DATA elmi (Data Science) kibergigiyena və digər ixtisaslaşdırılmış modulların tədrisi nəzərdə tutulur. Bu fənlər “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi” və “Kompüter elmləri” ixtisaslarının fənn proqramlarına daxil ediləcək.

Fərid Əmirov “Azərbaycan müəllimi”nə qeyd edib ki, Cisco Akademiyasının təlimləri artıq MDU-da yalnız yerli deyil, beynəlxalq tədris materialları əsasında keçiriləcək. Fənn proqramları “Cisco”nun rəsmi kursları ilə uyğunlaşdırılacaq və bu, tələbələrin daha yüksəkkeyfiyyətli və tətbiq yönümlü təhsilinə imkan yaradacaq. Müəllim heyəti “Cisco” tərəfindən təlimlərə cəlb olunaraq rəsmi “Instructor” statusu alacaq və bu status onlara beynəlxalq səviyyədə təlim keçmək hüququ verəcək. Eyni zamanda, tələbələr “Cisco NetAcad” platforması vasitəsilə beynəlxalq sertifikatlar əldə etmək və qlobal IT bazarında karyera qurmaq imkanına sahib olacaqlar.

Fərid Əmirov əlavə edib ki, MDU-da qurulan ilk laboratoriya yalnız universitet daxilində deyil, ətraf rayonlarda yerləşən təhsil müəssisələri üçün də açıq olacaq. Bu laboratoriya gələcəkdə regional IT mərkəzə çevriləcək və şagirdlərdən tutmuş peşə məktəblərinin tələbələrinə qədər geniş kütləyə texnoloji bacarıqlar qazandıracaq.

 

 

 

 


 

Xəbər lenti