Logo

İsmayıl Şıxlının əsərləri Türkiyə türkcəsində

22.05.2024 17:43 226 baxış
IMG

Bakı Yunus Əmrə İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “İsmayıl Şıxlı Türkiyə türkcəsində” adlı tədbir keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir görkəmli yazıçının yaradıcılığına həsr edilib.

İsmayıl Şıxlının 105 illik yubileyi çərçivəsində Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Lalə Qasımlı yazıçının “Namərd gülləsi” hekayəsinin təhlilini və “60-lardan Günümüze Azerbaycan Hikayesi” kitabını təqdim edib.

Tədbirdə çıxış edən Yunus Əmrə İnstitutunun müdiri Selcuk Karakılıç Lalə Qasımlının İsmayıl Şıxlının və digər Azərbaycan yazıçılarının hekayələrinin Türkiyə türkcəsinə tərcümə edildiyi və təhlil olunduğu layihəsi əsasında ərsəyə gələn kitab barədə fikirlərini bölüşüb. O, əsərin Türkiyə və Azərbaycan ədəbi əlaqələri baxımından əhəmiyyətini vurğulayıb.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü İsmayıl Şıxlı yaradıcılığına toxunaraq təqdim olunan layihə çərçivəsində Azərbaycan və Türkiyə elmi-ədəbi əlaqələrindən bəhs edib. R.Cümşüdlü Şərqşünaslıq İnstitutunda türk filologiyası sahəsində dəyərli türkoloji tədqiqatlar aparıldığını, türk ədəbiyyatından tərcümələr edildiyini deyib, Şərqşünaslıq İnstitutunun əməkdaşının təqdim edilən kitabının da elmi-ədəbi əlaqələrin inkişafına töhfə olduğunu vurğulayıb.

Layihənin rəhbəri dosent Lalə Qasımlı kitab haqqında geniş məruzə ilə çıxış edib və İsmayıl Şıxlının “Namərd gülləsi” hekayəsi haqqındakı məqaləsini təqdim edib.

Tədbirdə ədəbi tənqidçi Əsəd Cahangir, İsmayıl Şıxlının övladı Elçin Şıxlı, professor Təyyar Salamoğlu, yazıçı Şərif Ağayar və Mənzər Niyazlı İsmayıl Şıxlının əsərlərindən, onun yaradıcılığının müasir ədəbiyyata olan təsirindən, kitabın Azərbaycan və Türkiyə ədəbiyyatı üçün əhəmiyyətindən danışıblar.

Xəbər lenti