Logo

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb - FOTO

18.03.2024 17:34 140 baxış
IMG

AMEA-da Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə “Türk sivilizasiyasının dirçəlişi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Türk dünyasının qədim tarixini, mədəniyyətini və milli dəyərlərini əks etdirən sərgi ilə tanış olublar.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Novruzun Azərbaycan xalqının milli birlik bayramı olduğunu qeyd edib. Akademik Türkiyədə və digər türk dövlətlərində rəsmi şəkildə qeyd olunan bu bayramı Türk dünyasının inteqrasiyasında mühüm faktorlardan biri kimi səciyyələndirib. Bildirib ki, Novruz adət-ənənələrimizin qorunmasına, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsinə, milli birliyə, dostluğa, həmrəyliyə xidmət edən ümumxalq bayramıdır.

“Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bütün Türk dünyasının qədim bayramı olan Novruzu qalib ölkə, qalib xalq olaraq qarşılayır”, - deyə bildirən AMEA rəhbəri bu il bu bayramın müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq işğaldan azad edilmiş Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və bütün digər ərazilərimizdə qeyd edildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-da həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qazandığımız zəfərlər sayəsində indi ölkəmizin hər yerində Novruz bayramının təntənəsi, əhvali-ruhiyyəsi yaşanmaqdadır. Bu, Prezident İlham Əliyevin bütövlükdə Türk dünyası qarşısındakı ən böyük tarixi xidmətidir.

AMEA rəhbəri Türk dünyasının qədim bayramlarından olan Novruzun əslində türk soylarının qardaşlığından xəbər verdiyini söyləyib, tədbirin işinə uğurlar arzulayıb.

Konfrans işini Dünya Türkologiya Mərkəzinin sədri, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun moderatorluğu ilə davam etdirib.

Tədbirdə “İraq türkmanlarının dili və tarixi haqqında”, “Kərkük türkmanlarının ibtidai inancları”, “Azərbaycan ərazisində Türk damğalarının mövcudluğu və yerləşdiyi areal”, “Qədim türk yeməklərinin innovasiyası”, “Qaraçay türklərinin adətləri”, “Qaqauz türklərində “Qurd” simvolu” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq konfrans martın 19-da başa çatacaq.

Xəbər lenti