Logo

BDU-da radiasiyanın nanokompozitlərin strukturuna təsiri öyrənilir

11.12.2023 12:45 135 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) doktorantı Məhəmməd Bağır Bağırov, Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Qönçə Eyvazova, Sevinc Məmmədyarova, Lalə Qəhrəmanlı, Günel Əliyeva, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Elçin Hüseynov, Geologiya və Geofizika İnstitutunun əməkdaşı Məhəmmədəli Abdullayevin “Qamma radiasiyanın təsirinə məruz qalmış GO və GO/PVA kompozitlərinin struktur və optik xassələrinin xüsusiyyətləri” (Features of structure and optical properties GO and a GO/PVA composite subjected to gamma irradiation) adlı məqaləsində müxtəlif dozalarda şüalandırılma zamanı qrafen oksid (GO) və GO/PVA nanokompozitlərinin struktur, morfoloji və optik xassələrinin dozadan asılı olaraq dəyişməsi tədqiq edilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Məqalədə nanokompozitlərdə struktur dəyişiklikləri müxtəlif dozalarda radiasiyaya məruz qalma nəticəsində yaranan hər hansı dəyişikliyi təyin etməyə imkan verən Rentgen şüalarının difraksiyasından istifadə edərək təhlil olunub. Bundan əlavə, nümunələrin elementar tərkibinə dair məlumatlar əldə etmək üçün enerji-dispersiv spektrometrdən (EDS) istifadə etməklə elementar analiz aparılıb. Nümunələrin optik xassələri ultrabənövşəyi görünən (UV-Vis), Furye-transform infraqırmızı (FTIR), Raman spektroskopiyası, morfologiyası isə skanedici elektron mikroskopiya (SEM) vasitəsilə tədqiq edilib. Tədqiqatda qamma radiasiyasının təsiri altında nümunələrdə olan qalıq qrafitin parçalanması və oksidləşməsi müşahidə olunub. Artan şüalanma dozası ilə nümunələrin qadağan olunmuş zonasının azalması müəyyənləşib. Bu müşahidə göstərir ki, radiasiya nanokompozitlərin elektron xassələrinə təsir edib və onların optik davranışında dəyişikliklərə səbəb olub. FTIR və EDS nəticələri şüalanmanın təsiri ilə oksid qrupların reduksiya olunmasını göstərir.

Məqaləsi Q2 kvartilli “RSC Advances” jurnalında dərc olunub.

Xəbər lenti