Sankt-Peterburq şəhərinin tarixi mərkəzində yerləşən Jurnalistlər Evində tanınmış jurnalist, Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənovun müəllifi olduğu “Heydər Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır” sənədli filminin təqdimat mərasimi keçirilib.
"Tehsil.biz"in məlumatına görə, Müasir Dövlət İnkişaf İnstitutunun və Ə.Topçubaşov adına Rusiya-Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan mərasimdə diplomatik korpusun, Türkmənistan, Özbəkistan, Tatarıstan və İnquşetiya milli-mədəni muxtariyyətlərinin, Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov, Özbəkistanın Baş konsulu Əlişir Babayev, Müasir İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov, “İvanovski” Bələdiyyə Dairəsinin deputatı Elşən Həmzəyev və Ə.Topçubaşov adına Rusiya-Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin direktoru Eldar Əlizadə çıxış ediblər. Onlar ümummilli lider Heydər Əliyevin həyatının Sankt-Peterburqla bağlı illərindən, SSRİ-də yüksək vəzifədə çalışarkən həyata keçirdiyi layihələrdən, müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra iki ölkə arasında münasibətlərin qurulmasında və möhkəmlənməsində müstəsna xidmətlərindən bəhs ediblər.
Sonra sənədli film nümayiş etdirilib. Filmdə Heydər Əliyev barədə Rusiya və Azərbaycanın siyasi xadimləri, universitet rektorları və digər məşhur simalarından müəllifin aldığı müsahibələrdən istifadə edilib.
Qeyd edək ki, filmin təqdimatı “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdirilib.