Logo

Türkoloq və iranşünaslar üçün dəyərli vəsait: “Məzhər üt-türki” kitabı çap olunub

15.09.2023 21:55 162 baxış
IMG

“Məzhər üt-Türki” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub. Əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılıb. İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün bu qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosenti, əslən azərbaycanlı İxtiyar Bəxşi AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə hədiyyə edib.

Bu barədə "Tehsil.biz"ə Dilçilik İnstitutundan məlumat verilib.

İlk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dilimizin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir. Əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə “axıcı, dəyərli, sadə və şirin”dir. Elə orada “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, boya-başa çatdığı, mənşəyinin də Ərdəbildən olduğu haqqında məlumat verilir.

Əsər gözəl nəstəliq xətti ilə yazılmış, 14 x 21 sm ölçüdə, 163 səhifədən, hər səhifəsi 12 sətirdən ibarət əlyazmadır. Bu əlyazma İranın Qum şəhərindəki “Mərkəz-i ihyay-yi turas-ul İslami” (İslam irsini yenidən canlandırma mərkəzi) kitabxanasında mühafizə olunur.

“Məzhər üt-türki”ni türk mədəniyyəti, ədəbiyyatı, elminin fədakar təbliğatçısı ərdəbilli Məhəmməd Micəndehi Cəbədər Tehran, Həmədan, Məşhəd, Yəzd, Çalus şəhərlərindən əldə etdiyi çox qiymətli, nəfis türkdilli əlyazmalardan biri kimi Qum şəhərindəki “İslam irsini yenidən canlandırma Mərkəzi” kitabxanasının nadir kitab fondundan əldə edib, şəxsi arxivində saxlayıb, sonralar vətənpərvər dostlarına hədiyyə edib. Qeyd edək ki, ilk dəfə 2011-ci ildə özü “Məzhər üt-türki” kitabına giriş” adlı məqalə yazmış və əsərin əlyazmasını nəşr edib.

2012-ci ildə tanınmış alim Fərhad Rəhimi bu əsəri yazdığı geniş “Ön söz” və şərhlərlə (182 səhifə) Tehranın “Yeni fikir” nəşriyyatında 1000 tirajla çap etdirib.

Xəbər lenti