Logo

Vəfalı həyat və sənət yoldaşı

08.12.2022 10:48 373 baxış
IMG

“Üzeyircan, bəsdi daha, bəlkə bir az dincələsən. Mən də sənə bir pürrəngi çay gətirim” – deyə Məleykə xanım mətbəxə yollandı. 

Düz 38 il Üzeyir bəy sabahını Üzeyircan ilə açardı, axşamını Üzeyircan ilə bitirərdi. “Üzeyircan”. Məleykə xanım bu sözü o qədər istəklə, sevgilə söylərdi ki, Üzeyir bəy ən ağır anında belə hər şeyi unudardı. Məleykəni, doğrudan da, Tanrının ona bir mələk cildində göndərdiyini sanaraq Ona şükür edərdi. 

Məleykə xanım da usanmadan-yorulmadan, sevgilə, nəvazişlə Üzeyir bəyin qulluğunda dururdu. Bu yalnız bir ömür-gün yoldaşı olduğundan deyil, həm də Üzeyir bəy şəxsiyyətinə olan hörmətdən, izzətdən doğan bir qayğı idi. Deyilənlərə görə, Üzeyir bəy gecələr işləməyi xoşlayırmış. Odur ki, saatlarla yazı masasının, pianonun arxasında çalışardı, Məleykə xanım da qulluğunda durardı. Üzeyir bəy nə qədər təkid etsə də Məleykə xanım yatağına girməzdi. Üzeyir bəyə gah çay, gah süd hazırlar, bir az dincini almaq üçün onu işdən ayırardı...
                                                 
19-cu yüzilliyin ortalarında Tiflisdə yaşayan Terequlovlar əslən Volqaboyu tatarlardan idi. 1845-ci ildə Tiflisə köçmüşdülər. Maarifpərvər, xeyirxah ailə Tiflisdə ilk dəfə olaraq qızlarla-oğlanların bir yerdə oxuması üçün “Rus-tatar” məktəbini açmışdılar. 

1893-cü ildə dünyaya göz açan Məleykə ağlı kəsəndən ailədə kübar bir mühitdə böyümüşdü. Böyük bacısı Badigülcamalın musiqiyə, təhsilə olan marağı təbii ona da təsir etmişdi. Odur ki, “Rus-tatar” məktəbində ilk təhsil alan Məleykə, 1893-cü ildə Tiflisdə Birinci Qızlar Gimnaziyasında təhsilini davam etdirir və təhsilini başa vuran kimi pedaqoji fəaliyyətə başlayır.

Sən demə, taleh Üzeyir bəyi Tiflisə yalnız təhsil almağa gətirməyibmiş. Həm də  sədaqətli sevgisinə, gələcək ömür-gün yoldaşına qovuşdurmağa gətirmişdi. O, sevgi ki, heç bir çətinlik, hətta övladsızlıq belə bu sevgini ayıra bilmədi...

Üzeyir bəy Qori Müəllimlər Seminariyasında oxuyarkən sinif yoldaşlarından biri də Məleykə xanımın qardaşı Əli Terequlov olub. Təbiətən çox mehriban, xoşxasiyyət olan Üzeyir tez bir zamanda sinif yoldaşlarının əksəriyyətinin sevimlisinə çevrilir, o cümlədən Əlinin də. Xüsusən də Üzeyir bəyin musiqiyə olan marağı onun Əli ilə dostlaşmasına səbəb olur. Onlar dərsdən sonra seminariyada birlikdə dərslərə hazırlaşar, seminariyanın həyətində gəzişərdilər. İstirahət günləri isə Əli Üzeyir bəyi Tiflisin görməli yerləri ilə tanış edər, hərdən isə Üzeyir bəyi evlərinə qonaq aparardı... 

Bu tale yazısı idimi, ya Tanrı qisməti Üzeyir bəy bu evdə xoşbəxtliyin tapdı. Mələk simalı Məleykəsinə qovuşdu. Gələcək xoşbəxt bir ailənin və dahi bir cütlüyün ilk görüşü bu evdə oldu. İllər sonra Üzeyir-Məleykə izdivacının təməli də bu evdə qoyuldu. 

Hətta Üzeyir ailənin o qədər sevimli bir üzvünə çevrilir ki, ailənin böyük qızı Badigülcamalla–Müslüm Maqomoyev 1906-cı ildə aprel ayında Tiflisdə qanuni nigaha girəndə bu sənədi Qafqaz müftisi ilə yanaşı, Müslümün ən yaxın dostu Üzeyir bəy imzalayır.    

Qarabağ-Azərbaycan musiqisinin, mədəniyyətinin TACI, Üzeyir ilhamının beşiyi. Daha sonra Qori seminariyası. Əli Terequlovla tanışlıq və Müslüm Maqomayevlə dostluq... Bunlar Üzeyir bəyin Tanrı tərəfindən BAXTINA yazılmışdı. Nə gözəl bir BAXT! “Bu gün bizimçün tarix olanlar, o vaxt onlarçün tale idi”. Baxtlarına çıxmış  Xoş bir TALE... Xoşbəxtlikdən bu bacanaqlar illər sonra təkcə bir ailənin, nəslin deyil, böyük bir xalqın qüruruna çevrildi. Qoridə qoşa oxumaqları, qoşa bacılara Məleykə və Badigülcamal Terequlovalara evlənməkləri, qoşa ilk operalarımızın yaranışı... 

Deməli, Terequlovların bəxti bir daha onda gətirdi ki, ailənin gələcək iki kürəkəni də bu ailəyə xoşbəxtlik bəxş etdi. Böyük bacı Badigülcamal Müslüm Maqomayevlə, kiçik bacı Məleykə -Üzeyir Hacıbəyli ilə ailə qurdular. Deməli hər iki bacı dünyaya gələndə Tanrının xoş vaxtına düşmüşdü. 

Üzeyir bəy 1904-cü ildə seminariyanı bitirib Vətənə qayıdarkən sanki qəlbinin yarısını Tiflisdə Məleykə xanımın yanında qoyub gəldi. Bir müddət bu sevgini qəlbində pünhan saxlasa da sonda hər şeyi anası ilə bölüşdü. Xoşbəxtlikdən valideynləri də Üzeyirin bu istəyinə qarşı çıxmadılar. 

1909-cu ildə soyuq bir qış günündə dekabrın 20-də Üzeyir bəy Məleykə xanımla ailə qurdu. Altı il Bakının müxtəlif yerlərində kirayə yaşayan gənc ailə 1915-ci ildə kiçik də olsa bir evə sahib oldular (Hazırda bu ev Üzeyir bəyin ev muzeyidir). Gənc ailənin ilk günlər maddi sıxıntı çəkdiyi günlər də oldu. Amma Məleykə bunu Üzeyirin üzünə vurmadı, onu qınamadı. Əksinə ürək-dirək verdi. Hər şeyin yaxşı olacağına inandırdı.       

Məleykə xanım Bakıya gələndən sonra da pedaqoji fəaliyyətini davam etdirib. Amma vaxtının çoxunu ailəsinə, xüsusən də Üzeyir bəyin qulluğunda durmağa həsr edib. Bu dahi insanın hər bir şıltaqlığına da səbrlə, sevgilə yanaşıb. Odur ki, ömürlük Üzeyir bəyin qəlbini, ruhunu “işğal” edir. 39 il Məleykə xanım Üzeyir bəylə qoşa ailə həyatı yaşayır. Tanrı onlara bir övlad bəxş etməsə də deyilənlərə görə çox xoşbəxt  cütlük olublar. Ramazan Xəlilovun dediyinə görə, (Məleykə xanımın qohumu) Məleykə xanım dəfələrlə Üzeyir bəyə başqa bir xanımla ailə qurmağı təklif etsə də Üzeyir bəy buna razılıq verməmiş və ailədə bu mövzuda söhbət edib Məleykə xanımın qəlbini incitməyi qadağan etmişdir.   

Əslində, Məleykə xanım Üzeyir bəyin təkcə ömür-gün yoldaşı deyildi. Yaxın sirdaşı, sənət yoldaşı idi. Saatlarla musiqidən, ədəbiyyatdan, sənətdən söhbət edərlərmiş. Üzeyir bəy əsərlərini ilk olaraq Məleykə xanıma oxuyarmış, onunla məsləhətləşərmiş. Eyni amalda, eyni məsləkdə olmaları onları bir-birinə daha çox bağlayırdı. Bakıda Konservatoriyanı açdıqda Üzeyir bəyin məsləhətilə Məleykə xanım orada nəzəri biliklərə yiyələnir.  

Üzeyir bəy ailənin ikinci oğlu olmasına baxmayaraq ailənin bütün yükünü öz üzərinə götürmüşdü. 1910-cu ildə anası Şirinbəyim xanımı birdəfəlik olaraq yanına köçürür. Çox erkən yaşlarında dul qalmış iki bacısını və onların övladlarını ömrünün sonuna kimi öz evində saxlayır və baxır. Ramazan müəllimin dediyinə görə, Məleykə xanım Üzeyir bəyin anasına, bacılarına və onların övladlarına Üzeyir bəydən də çox diqqət göstərirdi, qayğı ilə yanaşırdı. Bu Üzeyir bəyin Parisə Ceyhun bəyə yazdığı məktubdan da hiss edilir.  

Bir dəfə Üzeyir bəy Məleykə xanımla Parisə Ceyhun bəyin yanına getmək istəyir. Amma anasını heç kimə etibar etmədiyi üçün bu istəyini istək olaraq qəlbində saxlayır. Parisə gedə bilməyəcəklərini Ceyhun bəyə məktubunda belə yazırdı: “Məlikə ilə yanınıza gəlmək istəyirik. Amma ana çox qocalıbdır. Onu burada qoyub getsək daha da yaman, çünki onun canı ancaq bizdə rahat olur. Zülfüqargildə qalanda naxoşlayır, onlar ilə dolana bilmiyor. Bizim getməyimiz onun həm əziyyətini artırar, həm də qəm və qüssəsini. Odur ki, Məlikə də onu qoyub getməyimizin əleyhinədir”.

Bəradərin Üzeyir. 22.IX. 1922. 

1948-ci ilin bir soyuq qış günündə Üzeyir bəy dünyasını dəyişdi. Məleykə xanım 19 il Üzeyirsiz “yaşadı” bu dünyanı. Bir üzgünlük, boşluq hiss etsə də bunu duydurmadı, hiss etdirmədi ətrafındakılara. Qəlbində Üzeyircanı ilə danışdı, xısınlaşdı... Üzeyircanlı günlərinin xatirələri ilə “yaşadı”. “Yaşadı” ki, Üzeyir bəyin “Arşın mal alan” (1948) musiqili komediyasının klavirinin Bakıda, “Koroğlu” operasını klavirini isə Moskvada (1952) nəşr etdirsin. “Yaşadı” ki, Üzeyircanın  yarımçıq arzularını başa vursun, işlərini sahmana salsın. Amma “Üzeyircan”sız bunlar çox çətin idi... 

Məleykə xanım 1966-cı ildə həm sağlığında, həm dünyasını dəyişəndən sonra belə bir an dilindən düşməyən Üzeyircanına qovuşdu.

Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti