Logo

Təhsillə bağlı bu sərgi ölkədə ilk dəfə keçirildi - Fotolar

10.12.2021 17:50 704 baxış
IMG

Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkədə ilk dəfə iki günlük “STEAM Azərbaycan Festivalı 2021” təşkil olunub. Bakı Ekspo Mərkəzində keçirilən festivalın ikinci günü qaliblərin mükafatlandırılması və həvəsləndirici yarışların təşkili ilə yadda qalıb. 

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, festivala regionlardan və paytaxtdan 305 komandadan 1000-ə yaxın şagird 350-dən çox layihə ilə qatılıb. Festival çərçivəsində "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior",  "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot kateqoriyaları üzrə qaliblər müəyyənləşib. Komandalardan 48-i üç yer üzrə sadalanan kateqoriyalara uyğun olaraq mükafatlandırılıblar. 

Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Cəsarət Valehovun bildirdiyinə görə, festival ölkənin gələcək texnoloji inkişafına təkan verəcək: “Festivalda Türkiyədən, İsraildən olan qonaqlar da müxtəlif təqdimatlarla iştirak edirlər. Bu, tarixi gündür, ona görə ki, Azərbaycanda ilk dəfədir ki, belə bir festival keçirilir. STEAM interaktiv təhsil modeli kimi həm elm, incəsənət, riyaziyyat, mühəndisliyin məcmusudur. Şagirdlərin bu modelə böyük önəm verməsi və iştirakçı olması sevindirici haldır. Düşünürük ki, qaliblərlə biz Azərbaycanın gələcək texnoloji inkişafına nail olacağıq. Festival növbəti ildə bundan daha geniş miqyasda keçiriləcək”.  

Qalibləri medal və mükafatlarla təbrik edən təhsil naziri Emin Əmrullayev bildirib ki, artıq növbəti ildən xarici ölkələrdən olan şagirdlər də bu festivalda iştirak edə biləcəklər: “Bugünkü STEAM Festivalı göstərdi ki, şagirdlər nə qədər həvəslidir, canlı bir tədris prosesidir. Onlar nəyisə əzbərləyib gəlib danışan uşaqlar deyillər, yaradan, problemləri həll edən uşaqlardırlar. Pandemiyanı da nəzərə alsaq, 3 ildir ki, bu layihə davam edir. İstəyimiz ondan ibarətdir ki, Azərbaycanın hər yerinə STEAM gəlsin və yəqin ki, gələcək də. Artıq sentyabr ayından daha geniş saatlarla həm rəqəmsal bacarıqlar, həm də STEAM layihəsinin məktəbdə tədris prosesinin bir hissəsi olaraq həyata keçilməsi nəzərdə tutulur. Bütün bu yanaşmalar müəllimlər arasında da rəqabət yaradır. Bu festival hər bir evə, hər bir kəndə, hər bir məktəbə yeni bir nəfəs aparacaq”.

Festivalda iştirak edən şagirdlər isə öz sözlərini daha çox əl işləri ilə deyiblər. Xüsusən də bölgələrin ucqar kənd məktəblərindən iştirak edən məktəblilər festivalı onlar üçün gələcək inkişaflarında yeni platforma kimi dəyərləndiriblər. Burada yeni dostluqlar qazanan, əlaqələr quran şagirdlər gələcək festivallarda daha yetkin və dolğun əl işləri ortaya qoyacaqlarını bildiriblər. 

"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov STEAM layihəsinin 2019-2020-ci tədris ilindən həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, hazırda layihə 302 məktəbi, 1600 müəllimi əhatə edir. Layihə VI, VII, VIII siniflərdə həftədə 2 saat olmaqla il ərzində 68 saat keçirilir. Layihənin icra olunduğu məktəblərdən 189-u Bakı şəhərinin, 113-ü isə regionların payına düşür. 


 
İqrar Nəzərov layihə üzrə məzmunun inkişaf etdirilməsi, yeni innovativ dərs vəsaitlərinin hazırlanması, STEAM təhsilinin növbəti təhsil pillələrinə inteqrasiyası, həmçinin müxtəlif xarici şirkətlərlə olan əməkdaşlıqdan söz açıb: “Hər şagird bir istedaddır. STEAM elm, texnologiya, mühəndislik, incəsənət və riyyaziyyatdır. Hər bir istedalı şagird bu layihədə özünü tapa bilər. Biz bu festivalda çox kreativ layihələr, kreativ şagirdlər və maraqlı işlər gördük”.

Gülnar Əliyeva

Foto: Müzəffər İsmayılov

Xəbər lenti