"Karantin ilə əlaqədar olaraq məktəblərlə bərabər bağçalar da uzun müddətdir fəaliyyət göstərmir, bu da azyaşlıların, körpələrin psixoloji durumuna, istirahətinə, maraq sahəsinə mənfi təsirini göstərir".
Bu fikirləri Tehsil.biz-ə açıqlamasında Psixoloq İlhamə Musa qızı bildirib:
Tanınmış psixoloq "COVİD-19" pandemiyasının azyaşlılara vurduğu ziyanlardan və bu problemdən yaxa qurtarmanın yollarınıdan söz açıb.
"Sözsüz ki, ölkədə və bütün dünyada baş verən pandemiya hərkəsin həyatını dəyişdirib. Bu dəyişim yalnız böyükləri deyil, eyni zamanda uşaqlardan da yan keçmir. Xüsusən şəhərdə yaşayan ailələrin problemi daha böyükdür. Çünki onlar uşaqları ilə istirahətə (rayon və ya digər ölkələrə) yollana bilmirlər. Valideynlərə məsləhətim bu ərəfələrdə uşaqları ilə birlikdə gələn il üçün istirahətlərinin planını qursunlar. Onların seçimlərini bu plan üçün öndə saysınlar. Hər gun ən azı 1 saat parkda onlarla vaxt keçirtsinlər (özünü qorumaq şərti ilə)".
Psixoloq İlhamə xanım deyir ki, xüsusilə bu ərəfələrdə uşaqlara qadağa qoymaq məsləhət deyil. Bu onların psixoloji durumunda əlavə çətinliklər yarada və xoş olmayan nəticələrə yol aça bilər:
"Valideynlər uşaqlara həddindən artıq qadağalar qoymasınlar, daha çox məntiq inkişaf etdirici oyunlar oynasınlar və ən əsası yalnız oyun deyil, eyni zamanda ev işlərində də uşaqlarından yardım istəsinlər. Bu da öz növbəsində, uşaqlarda özgüvəni və onların "Mən nəyisə bacarıram" anlayışını artıracaq və həvəs yaradacaq. Yaxşı olar ki hər axşam sabah üçün bir plan qurulsun və bu planın əsası uşağın özü tərəfindən də qoyulsun. Çünki, uşaqların tam olaraq pandemiyanı anladıqlarını düşünmürəm. Onların vaxtlarının necə səmərəli və maraqlı keçməsi, biz valideynlərdən asılıdır.Təbii ki, karantin bu zaman onlarda neqativ emosiyalar qoymayacaq.”