Logo

Zəfər yolunun inşası zamanı 40-dan çox arxeoloji abidə aşkarlanıb

18.05.2021 10:02 268 baxış
IMG

Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolu Köndələnçay və Quruçay hövzələrindən keçir. Qədim abidələrlə zəngin olan bu iki çayın arasını “Kiçik Mesopotamiya” adlandırmaq olar. Təsərrüfat həyatı üçün əlverişli və münbit bir məkan olan bu çayların arasında Qədim Daş dövründən (Azıx və Tağlar mağaraları) Son Orta əsrlərə qədərki tarixi mərhələləri əhatə edən tarixi-arxeoloji abidələr mövcuddur.

 

Bu barədə  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundən məlumat verilib.

 

Qeyd olunub ki, buradakı zəngin təbii və mədəni landşaftı mühafizə edib qorumaq üçün ərazinin təcili şəkildə tarixi qoruq elan edilməsinə ehtiyac duyulur: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, inşa edilən Zəfər yolunun marşrutunda, Füzuli rayonu ərazisində kurqanların olduğu bildirilib. Məlumatı yoxlamaq üçün institutun əməkdaşları Füzuli rayonuna bir günlük səfərə gedib. Tikinti mütəxəssisləri ilə birgə abidələrə zərər vurmamaq məqsədilə inşaat işlərinin dayandırıldığı sahəyə baxış keçirilib. Müəyyən edilib ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.

 

İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılıb. Kurqanlar Şəkərcik kəndinin qəbiristanlığı ilə Köndələnçay üzərində tikilmiş su bəndinin arasındakı ərazidədir. Eyni zamanda, bu sahədə Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan (vulkanik şüşə) hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanılıb. Hələ ötən əsrin 60-70-ci illərində arxeoloq Q.İsmayılzadə tərəfindən bu ərazidə – Köndələnçayın sağ sahilində bəhs olunan dövrə aid Şəkərciktəpə yaşayış yeri qeydə alınmış və oradan yerüstü maddi-mədəniyyət nümunələri aşkar edilib.

Xəbər lenti