Logo

AMEA prezidenti Nobel mükafatçısı ilə görüşdü - FOTO

18.03.2024 11:49 134 baxış
IMG

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli banqladeşli Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşüb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə İsa Həbibbəyli akademiyanın tarixi, burada fəaliyyət göstərən elmi bölmələrin işi, eləcə də AMEA-nın elmi istiqamətləri barədə ətraflı məlumat verib. Rəhbərlik etdiyi qurumun beynəlxalq elmi əlaqələrinin inkişaf etdirilməsi mərhələsində olduğunu diqqətə çatdıran AMEA rəhbəri Nobel mükafatı laureatı Məhəmməd Yunusun həm alim, həm də vətəndaş cəmiyyətinin lideri kimi Azərbaycanda yaxşı tanındığını xüsusi vurğulayıb. Həmçinin ötən ilin oktyabr ayında AMEA-da keçirilmiş “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda onlayn formada çıxış etmiş Məhəmməd Yunusa təşəkkürünü bildirib.

Professor Məhəmməd Yunus AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə “Kasıbların bankiri” əsəri haqqında yazdığı elmi məqaləyə görə minnətdarlığını bildirib. O, apardığı elmi araşdırmalarından söz açaraq, xüsusən sosial biznes sahəsindəki fəaliyyəti və qazandığı uğurlar barədə ətraflı məlumat verib. Nobel mükafatına gedən yolun əsas problemlərini diqqətə çatdıran banqladeşli professor AMEA-nın beynəlxalq elmi əlaqələrini yüksək qiymətləndirib, özünün də bu münasibətlərə töhfə verə biləcəyini qeyd edib.

Sonda Məhəmməd Yunus və görüş iştirakçıları AMEA Rəyasət Heyətinin binası ilə tanış olublar. Qonaqlara binanın zəngin memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

Xəbər lenti