Logo

Təhsil Tələbə Krediti Fondu və “AQSİA”nın birgə təşkilatçılığı ilə qadın sahibkarlarla görüş keçirilib - FOTO

17.03.2024 21:36 128 baxış
IMG

Təhsil Tələbə Krediti Fondu və “AQSİA”-nın birgə təşkilatçılığı ilə qadın sahibkarlarla görüş keçirilib.

Fonddan "Tehsil.biz"ə bildirilib ki, 25 nəfərə yaxın sahibkarın iştirak etdiyi görüş çərçivəsində TTKF-nin fəaliyyəti haqqında məlumat verilib.

Bildirilib ki, “Təhsil Tələbə Krediti Fondu” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmışdır. Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Fondun elektron portalına daxil olan müraciətlərin 31 mindən çoxuna müsbət cavab verilmiş və həmin tələbələr təhsil kreditindən yararlanmışdır.

Görüş zamanı qeyd olunub ki, Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur.

İşəgötürənlərlə qarşılıqlı səmərəli əlaqələrin qurulmasına təkan verəcək görüşdə sahibkarların təmsil etdiyi müəssisələrdə könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti