Logo

“Planet Calling” adlı sərgi keçirilib - FOTOLAR

30.06.2022 14:31 247 baxış
IMG

Bakı Dənizkənarı Bulvarda NARGIS nəşriyyat evinin ətraf mühitin mühafizəsi və ekoloji problemlərə həsr olunmuş “Planet Calling” adlı sərgisinin açılışı həyata keçirilib.

Tehsil.biz xəbər veir ki, Sərgidə təkrar emalı çətin olan materiallar və sənaye tullantılarından hazırlanmış 13 instalyasiya, həmçinin Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının gənc ekoloqlarının təqdim etdiyi “Gələcəyin enerjisi” əsəri nümayiş edilib. 

Açılışda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov sərginin adının çox mühüm çağırışlar etdiyini vurğulayıb. Nazir müavini cənab Prezident İlham Əliyevin səyləri əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə ekoloji tarazlıq probleminə böyük diqqət yetirildiyini və  bu prosesdə NARGIS nəşriyyat evinin fəaliyyətindən bəhs edib. Firudin Qurbanov həmçinin gənc nəslin ekoloji maarifləndirilməsi və tərbiyəsi probleminə toxunaraq sərgidə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələrinin işlənmiş batareyalardan hazırladıqları instalyasiyanı xüsusi qeyd edib, Mərkəzin “Yaşıl Şəbəkə” hərəkatının nəzdində fəaliyyət göstərən “Ekoklub”un dəstəyi ilə təhsil müəssisələrində keçirilən təlimlərin əhəmiyyətindən danışıb.

"Gələcəyin Enerjisi” instalyasiyanın hazırlanmasında iştirak edən ekoklub dərnək üzvləri sərginin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib. 

Çıxış edən məktəblilər ətraf mühitin mühafizəsi ideyalarından ilhamlanan enerjinin heç zaman tükənməməsi və yalnız bir formadan digər formaya keçməsi konsepsiyasını reallaşdıraraq, batareyaların elektrik enerjisini incəsənət və yaradıcılıq enerjisinə çevirə bildiklərini qeyd ediblər.

Qonaqlar ekspozisiya ilə tanış olduqdan sonra bulvarda ağac əkilib. 

Qeyd edək ki, sərgi Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “Azərsu” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Baku Steel Company QSC, Bakı Nəqliyyat Agentliyi, Dövlət Radiotezliklər İdarəsi, “Space 13”-ün dəstəyi ilə həyata keçirilib.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və NARGİS nəşriyyat evinin birgə təşkilatçılığı ilə keçirilən “Planet Calling” adlı ekoloji layihə çərçivəsində cari ilin may-iyun aylarında Bakı şəhəri 40 ümumtəhsil məktəbində fəaliyyət göstərən ekoloji profilli dərnəklərdə Mərkəzin peşəkar rəssam və heykəltəraşları tərəfindən xüsusi təlimlər keçirilib.

 

Xəbər lenti