Logo

İşsizlər ordusunu kim yaradır? - Təhsil eksperti nazirlə razılaşmadı

11.12.2021 10:36 689 baxış
IMG

"Məzunların ixtisas sahibi olması dövrün problemidir. Hər il bu sahədə vəziyyət nisbətən yaxşılaşsa da, hələlik bu problemin həlli istiqamətində addımlar atılmalıdır".

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi və ya hər hansı təhsil prosesini bitirəndə əmək bazarına ixtisas sahibi olmadan daxil olur:

"9-cu sinfi bitirir, əlində attestatı var, ancaq heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir və eyni problemlər qalır. Bütün təhsil müəssisələrində olan oturacaqların sayı ilə həmin doğulan uşaqların sayı arasında bəlli fərq var. Fərq də ondan ibarətdir ki, bir çox hallarda həmin şəxslər öz təhsillərini davam etdirmək istəmirlər. Təbii ki, ali və peşə təhsili arasında ənənəvi fərq var".

E.Əmrullayev bildirib ki, peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı son dövrdə 30 % artıb:

"Qəbul isə 12 % artıb. Hazırda təhsil alanların sayı isə 26 500 nəfərdir. Sovet dövründə ali təhsil müəssisələri üçün qəbula plan yerlərinin sayı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır. Son 5 ildə əhalinin demoqrafik inkişafı ilə əlaqəli ərizə və qəbul arasındakı fərq 2-dən aşağı düşüb. Universitetə qəbul üçün 90 kimə yaxın şəxs ərizə verirsə, təxminən 48 mini qəbul olur".

Bu gün nazir məzunların ixtisas sahibi olmasını dövrün problemi ilə əlaqələdirsə də nəticə odur ki, əmək bazarında iş tapa bilməyən məzunlar işsizlər ordusuna çevrilirlər.

Mövcud vəziyyət kimin günahıdır, əmək bazarının, yoxsa məzunları həmin bazara hazırlayan təhsilin?

Təhsil üzrə ekspert Elşən Qafarov bununla bağlı “Cümhuriyət”ə bildirib ki, problem təhsillə bağlı olmayan adamların təhsildə olması ilə bağlıdır:

“Necə yəni dövrün problemidir, bəs təhsilin işi nədir? Təhsilin işi insan kapitalını yetişdirdməkdir. Təhsil sisteminin birinci vəzifəsi ölkənin müasir tələblərə uyğun olaraq yenidən qurulması üçün lazım olan insan kapitalını formalaşdırmaqdır. Hazırkı vəziyyətdə peşə təhsilində olan 12 faiz artım ölkədə peşə təhsilində yeni təlim-tədris mərkəzinin yaradılması, yüksək texniki peşə təhsili ilə bağlı olan məsələlərlə bağlıdır.

Ancaq ümumilikdə bu problem çox sistemli, bir-biri ilə zəncirvari əlaqəsi olan problemdir. Ölkədə əmək bazarı formalaşmalıdır. Bu gün əmək bazarı tam formalaşmayıb. Çünki leqal iş yerlərinin sayı çox azdır. Realda olandan qat-qat azdır. İş yerlərinin üzə çıxması və leqallaşdırılması üçün nə etmək lazımdır? Ölkədə total vergi amnistiyası keçirmək lazımdır ki, yeni işə başlayan, iş quran şəxs o sistemli işi qurana qədər ən az 1-3 il vergidən azad olunsun. Dövlət kiçik və orta biznesə dəstək olan proqram qəbul etməlidir. Ölkədə kiçik və orta biznes tamamilə məhv edilib. Bu da hazırkı vəziyyətdə bu sahədə çalışan insanların ağır vergi siyasəti ilə bağlı olaraq iş yerlərini gizlətməsi problemini ortaya çıxarır. Artıq vergi siyasəti həyata keçirəndən sonra biz deyə biləcəyik ki, əmək bazarımız var, hansı sahəyə nə qədər kadr lazımdır. Bundan sonra əmək bazarını öyrənən xüsusi, həm dövlət, həm də qeyri-hökumət qurumları olmalıdır. Əmək bazarını öyrəndikdən sonra isə istər orta, istərsə də ali təhsildə kadr hazırlığı həyata keçirməlidir”.

Ekspert bildirib ki, daha sonrakı mərhələ bu sahədə hazırlığın keyfiyyəti mərhələsidir:

“Biz onda deyə biləcəyik ki, mövcud əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlaya bilirik, yaxud bilmirik. Hazırda bütün bunlar yoxdur”.

Ekspert deyib ki, əgər məzun xaricdə təhsil alıbsa, ona “yaşıl işıq” yanır:

“Ancaq onu bilirik ki, xaricdə təhsil alanın heç də hamısı yerli mövcud tələbləri, qaydaları bilmədiyinə görə təyin olunduğu bütün vəzifələrdə çox böyük çətinliklərlə üzləşir, hətta həmin sahələri tamamilə yarıtmaz hala salır. Məsələn, bu gün təhsil sahəsində olan kadrların Təhsil Nazirliyində, Bakı Şəhəri üzrə Təhsil İdarəsində, rayon təhsil şöbələrində Aqrar Universitetdə, yaxud xaricdə hər hansı sahədə təhsil almış şəxslər tanışlıq, yaxud dostluq, sinif yoldaşı kimi işə qəbul olunması sistemin bərbad hala düşməsinə gətirib çıxarıb. Ona görə də mən düşünmürəm ki, bu, dövrün tələbidir. Bu, bizim yarıtmaz idarəetmənin nəticəsidir. Hazırda günahlarımızı dövrün üzərinə atmaq lazım deyil. Son onilliklərdə təhsil siyasətinin yarıtmaz olmasının nəticəsi olaraq bugünkü problemlərlə üzləşirik”.

Cebhe.info

Xəbər lenti