Logo

Azərbaycanın dərslik problemi: "Anlaşılmayan dildə yazılır..."

08.12.2021 17:38 1362 baxış
IMG

Dərslik şagirdlərin əsas tədris vasaiti, bilik mənbəyi hesab olunur. Şagirdlər lazımi biliklərə yiyələnmək üçün bu vəsaitlərdən istifadə edirlər.​ Bu səbəbdən də dərsliklər asan dildə yazılmalı, sadə cümlələrdən istifadə olunmalı, dil qaydalarına düzgün əməl edilməli, ən başlıcası isə ibtidai və yuxarı siniflərin yaş səviyyəsi nəzərə alınmalıdır.

Təəssüf ki, bizdə dərs vəsaitləri hazırlanarkən bu qaydaların bir çoxuna əməl olunmur. Dərsliklər yazılarkən şagirdlərin yaş səviyyəsi nəzərə alınmır, çətin, məntiqsiz, uyğunsuz cümlələrdən istifadə olunur ki, bu onlarda qavrama çətinliyi yaradır. Hətta valideynlər də övladlarına dərsi izah etməkdə çətinlik çəkirlər. Dərsliklərdəki mövcud çatışmazlıqlar valideynləri də narahat edir. Valideynlər deyir ki, dərsliklər o qədər mürəkkəb və anlaşılmayan dildə yazılıb ki, uşaqlar kitabda verilən mətnləri oxuyub başa düşmürlər.

Tehsil.biz xəbər verir ki, mövzu ilə bağlı Bakopost.az-a danışan valideyn​ Şövkət Qasımovanın sözlərinə görə, dərslikləri oxuyan şagirdlərin elmi dərəcəsi olmalıdır ki, yazılanları anlasın:

“Bu doğurdan da çox acınacaqlı bir vəziyyətdir. Uşaqlar doğma ana dilində yazılan dərslikləri oxuyub anlaya bilmirlər. Hətta biz valideynlər belə kitabda yazılanları övladlarımıza izah etməkdə çətinlik çəkirik. İndiki dərsliklər orta məktəb şagirdləri üçün deyil, universitet tələbələri üçün yazılıb”.

Valideyn Kamal Əliyev isə bildirib ki, dərsliklərin ağır dildə yazılması dərs yükü ağır olan şagirdlər üçün əlavə çətinliklər yaradır: “Onsuz da şagirdlərin dərs yükü çox ağırdır. Dərsliklərin də belə ağır dildə yazılması uşağların işini daha da çətinləşdirir. Uşaqlar dərsliklərdə yer alan mətnləri, tapşırıqları güclə başa düşürlər. Hətta bəzən kitabda elə cümlələrdən istifadə olunur ki, uşaq onu müəllim və valideynin izahı olmadan anlaya bilməz. Mətnlərdə qarışıq, anlaşılmayan cümlələr verilir. Bəzən elə olur ki, mətni özüm oxuyuram və uşağın anlayacağı, başa düşəcəyi dildə ona izah edirəm. Hər il dərsliklərin yenidən hazırlanması, fərqli formatda çap olunması haqda sözlər eşidirik. Ancaq hələ ki, heç bir dəyişiklik hiss olunmur”.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri də təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu şərtləndirən keyfiyyətlilik prinsipidir. Bu prinsipin həyata keçirilməsinin təmin edilməsində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin rolunun danılmaz olduğu yəqin ki, çoxlarına məlum olmamış da deyil:


“Heç də təsadüfi deyil ki, dərsliklərdə olan nöqsanlarla bağlı istənilən irad və qarşılıqlı ittihamlar reallığa söykənsə belə cəmiyyət üçün narahatçılıq doğuran hal olaraq qalır. Bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə: proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminat ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir. Başqa cür ola da bilməz çünki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həllı istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq son on illiklə müqayisədə dərslik siyasətinə fərqli baxış formalaşıb. Halbuki, 90- ci ilin sonlarından 2000-ci ilin ilk onilliyinə qədər bu vacib məsələyə bir qədər laqeyd yanaşılırdı, nöqsan və iradlara heç bir reaksiya verilmirdi. Dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular geniş müzakirə predmetinə çevrilmişdi.​ Sosia şəbəkələrdə dərsliklərdəki nöqsanlarla əlaqədar nəinki müəllim və valideynlər, hətta şagirdlər də öz iradlarını bildirirdilər. Bu bu məsələ getdikcə daha da ciddi narazılıqlar yaratdı. Ölkə başçısı keçmiş TQDK-ya dərsliklərin monitorinqinin həyata keçirilməsini həvalə etdi və indiki DİM də dərsliklərdə nöqsanlar olduğunu bir daha təsdiq etdi. Ondan sonra Təhsil Nazirliyi dərsliklərin yenilənməsi, təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirdi. Belə ki, Təhsil Nazirliyinin nəzdində dərsliklərin qiymətləndirilməsi ilə bağlı şura yaradıldı. Daha​ sonra dərsliklərin ictimai müzakirəsi başlanıldı. İctimai müzakirənin üstünlüyü ondan ibarətdir ki, istənilən vətəndaş öz təkliflərini, iradlarını çatdırmaq imkanı qazandı. Eyni zamanda, Təhsil Nazirliyi ehtiyat dərsliklər buraxmağa başladı”.

Ekspertin sözlərinə görə, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verildi. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradıldı və ehtiyat dərsliklərin hazırlanmasına başlanıldı. Digər tərəfdən mütamadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb və s.

N.İsrafilov qeyd edib ki, dərslik siyasəti təhsil siyasətinin ayrılmaz tərkib hissəsi olduğundan dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də bu sahəyə məsul olan qurumları məsuliyyətdən azad etmir. O da danılmaz faktdır ki, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır: “Nə edək ki, baxmayaraq dərslik siyasətində, onların hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələrin nəzərə alınması, eyni zamanda bu sahədə özünü qabarıq göstərən problemlərin, qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, bununla belə hələ də dərsliklərimiz nəzərdə tutulan prinsiplərdən və standartlardan kənar çıxma, təhsil qarşısında qoyulan məqsədə və təhsil siyasətimizə zidd olan fakt və bir sıra digər texniki xətalardan xali deyil, valideyn və mütəxəssisləri qane etmir, geniş ictimai təbəqənin, ziyalı zümrənin haqlı qınağına tuş gəlir. Bir çox hallarda Qaydalarda nəzərdə tutulan “etibarlılıq”, “dəqiqlik”, “inkişafyönümlülük”, “dəyəryönümlülük”, tərbiyəyönümlülük, “yaş xüsusiyyətlərinə uyğunluq” kimi kurikulumun əsas tələblərindən​ obyektiv və subyektiv səbəblərdən müəyyən kənarçıxmalara yol verilir.

Əlbəttə, təhsilə verilən yeni tələblər “Qaydalar”ın da davamlı olaraq təkmilləşməsi və yeniləşməsi zərurəti yaradacaq,​ dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi kimi meyarlar əsas götürüləcək. Bu məqsədlə Layihə çərçivəsində I-IV sinif “Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənir,​ yeni V sinif “Təbiət” fənni üzrə məzmun standartları yazılır. V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanir. Nəticədə dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlar tədricən yenilənəcək”.

Millət vəkili Kamilə Əliyeva deyir ki, orta məktəb dərslikləri məzmun və keyfiyyət baxımdan yenilənməlidir:

“Bu gün ölkənin orta ümümtəhsil məktəbləri üçün dərsliklərin çoxunu​ ali məktəb müəllimləri tərəfindən yazılır, hazırlanır.​ Bu səbəbdən də dərsliklər dərsliyə yox, monoqrafiyaya bənzəyir. Mövzuların izahı akademik səviyyədə verildiyi üçün şagirdlərin çoxu bunu nə başa düşə, nə də qavraya bilir. Dərsliklər yazılan zaman müəlliflər tərəfindən yaş senzi nəzərə alınmır. Onlar nəzərə almır ki, bu dərslikləri oxuyan şagirddir, akademik, professor yox.​ Orta məktəb dərsliklərinin ali məktəb tələbəsi səviyyəsində hazırlanması doğru deyil. Müəlliflər dərslik yazan zaman orta məktəb şagirdi ilə ali məktəb tələbəsi arasındakı fərqi nəzərə almalıdır.​ Orta məktəb dərsliyi şagirdin anlaya biləcəyi səviyyədə yazılmalıdır. Hesab edirəm ki, dərsliklər sırf orta məktəb müəllimləri tərəfindən yazılmalıdır. Orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır. Sadə, anlaşılan dildə, şagirdlərin anlayacağı dildə.​ Fikrimcə, əlaqədar qurum tərəfindən bu istiqamətdə müvafiq addımlar atılmalı, problemin aradan qaldırılması istiqamətində lazımı işlər görülməlidir”.

Təhsil Nazirliyindən bildirilib ki, ​ müvafiq standartlara və kurrikuluma uyğun hazırlanan dərsliklərdəki mövcud qüsurları aradan qaldırılması istiqamətində daim nazirlik tərəfindən müvafiq​ işlər görülür:

“Təhsil Nazirliyi tərəfindən dərsliklərin tərtibində dil və yazı üslubunun şagirdin yaş səviyyəsinə uyğun olması, dil qaydalarına düzgün əməl edilməsi, habelə şagirdlərin söz ehtiyatı və nitq inkişafının nəzərə alınması, istifadə edilən yeni söz və terminlərin izahının verilməsi olduqca vacib hesab edilir. Bu məsələ daim Təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Dərsliklər çap olunmazdan öncə müxtəlif meyarlar üzrə, o cümlədən dil və yazı üslubu meyarı üzrə də yoxlanılırlar. ​ Əgər artıq çap edilən dərsliklərin dil və yazı üslubu, ağırlığın olması ilə bağlı haqlı fakt varsa, yaxud bu cür irad və təklif daxil olubsa, həmin fakt dərsliyin növbəti təkmilləşdirilməsi zamanı mütləq nəzərə alınır”.

Xəbər lenti