Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Özbəkistanın Xalq yazıçısı Adil Yaqubovun Azərbaycan dilində nəşr edilmiş “Uluqbəy xəzinəsi” romanının təqdimatı keçirilib.
BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun tərcüməsində işıq üzü görmüş kitabın təqdimatında fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
BDU-nun Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov Özbəkistanla Azərbaycan arasında dostluğun və qardaşlığın dərin genetik köklərdən gəldiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanla Özbəkistanın tarixi birliyi hazırda yüksək səviyyədə davam etdirilir: “Azərbaycan Qarabağda öz ərazi bütövlüyünü bərpa edəndən sonra Özbəkistan dövlətinin qardaşlıq jestlərindən biri Azərbaycana hədiyyə olaraq Füzuli rayonunda tam orta məktəb inşa etdirməsi olub. Dünyanın ən müasir təhsil standartlarına uyğun təchiz edilmiş bu təhsil ocağı özbək xalqının böyük dövlət xadimi, dünya elmində xüsusi yeri olan Mirzə Uluqbəyin adını daşıyır. Müzakirəsini keçirdiyimiz tarixi roman bu böyük şəxsiyyətin həyatından bəhs edir və onun kimliyi haqqında Azərbaycan oxucusunda, xüsusilə gənclərimizdə aydın təsəvvür yaradır”.
Türkologiya kafedrasının əməkdaşları - dosent Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, magistrant Aysel Həsənova, AMEA-nın professoru Yaşar Qasımbəyli çıxışlarında romanın bədii keyfiyyətləri, türk xalqları ədəbiyyatındakı yeri, həmçinin tərcümənin səviyyəsi barədə fikirlərini bölüşüb, tərcüməçinin əməyini yüksək qiymətləndiriblər.
Romanı özbəkcədən dilimizə çevirən, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu əsərin müəllifi ilə tanışlığının tarixini xatırladıb, 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar faciəsindən sonra ən çətin anlarda Adil Yaqubovun rəhbəri olduğu Özbəkistan Yazıçılar Birliyinin Azərbaycanla həmrəyliyini qeyd edib və bu romanın Azərbaycanda BDU tərəfindən nəşr edilərək ölkənin aparıcı kitabxanalarına yayılmasının vəfa borcunun qarşılığı olduğunu vurğulayıb.
Məti Osmanoğlu romanın nəşrinə görə BDU rəhbərliyinə minnətdarlığını bildirib.