Logo

BDU-da Bakı şəhəri və Abşeron yarımadasında hava çirklənməsinin biomonitorinqi aparılır

12.05.2025 16:20 51 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Mamır-transplantat vasitəsilə Bakı şəhəri və Abşeron yarımadasında hava çirklənməsinin biomonitorinqi” mövzusunda elmi seminar keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, elmi seminarda fakültənin ekoloji kimya ixtisası üzrə doktorantı Orxan Hacıyev mövzu ilə çıxış edib. Tədqiqat işinə kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və dosent Zərifə Vəliyeva elmi rəhbərlik edirlər.

Məruzəçi biomonitorinqin müasir ekoloji tədqiqatlarda rolu, seçilmiş metodologiya və əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verib. Bildirib ki, ilk dəfə olaraq Azərbaycanda tətbiq edilən “mamır-transplantat” texnikası çərçivəsində torf mənşəli “Sphagnum girgensohnii” növündən istifadə edilib, bu mamırın yüksək sorbsiya qabiliyyəti və atmosfer çirkləndiricilərinə qarşı həssaslığı onun seçilməsini əsaslandırıb.

Tədqiqat çərçivəsində Rusiya Federasiyasının ekoloji cəhətdən təmiz regionundan toplanmış mamır nümunələri Bakı və Abşeron yarımadasında 21 müxtəlif nöqtədə yerləşdirilib. Üç aylıq müddət ərzində hava çirkləndiricilərini toplayan bu nümunələr daha sonra neytron-aktivləşmə analizi, atom-absorbsiya spektroskopiyası və qaz xromatoqrafiyası üsulları ilə təhlil olunub. Təhlilin nəticələrinə görə, bəzi nöqtələrdə ağır metalların və polisiklik aromatik karbohidrogenlərin konsentrasiyası fon göstəricilərindən əhəmiyyətli dərəcədə yüksək olub. ArcGIS texnologiyasının köməyilə çirklənmə göstəricilərinin məkan üzrə paylanması vizuallaşdırılıb və “isti nöqtələr” xəritə şəklində təqdim olunub.

Seminarda vurğulanıb ki, “mamır-transplantat” texnikası həm iqtisadi baxımdan sərfəli, həm də uzunmüddətli atmosfer monitorinqi üçün effektiv yanaşmadır. İşin nəticələri atmosferin çirklənmə dərəcəsinin qiymətləndirilməsi, ekoloji risklərin aşkarlanması və regional ekoloji siyasətin planlaşdırılması baxımından mühüm tətbiq potensialına malikdir.

Xəbər lenti