Logo

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir

12.05.2025 12:32 88 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin “Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılmasının elmi-nəzəri və konseptual əsasları” mövzusuna həsr olunmuş seminarı keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Seminarda institutun böyük elmi işçisi Könül Daşdəmirova bildirib ki, tədqiqatın aparılmasında əsas məqsəd milli informasiya təhlükəsizliyinə olan sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi, milli səviyyədə rəqəmsal kriminogen vəziyyətin nəzarətdə saxlanılması üçün milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılmasının elmi-nəzəri əsaslarının və konseptual modelinin işlənilməsidir.

Fərdin maraqlarına yönəlmiş kibertəhlükələrdən söz açan tədqiqatçı qeyd edib ki, buraya fərdi məlumatların oğurlanması, fərdin ətrafında “virtual informasiya məkanı” formalaşdırmaqla insanın şüurunu idarə etmək, onun əqli fəaliyyətinə təsir göstərmək, süni intellekt texnologiyalarından istifadə edərək fərdin maraqları və s. aiddir.

Dövlətin maraqlarına qarşı kibertəhlükələrə isə informasiya müharibələri, milli və beynəlxalq kompüter cinayətlərinin genişlənməsi, qlobal və ya milli informasiya və telekommunikasiya sistemlərindən istifadə edərək qanunsuz vəsaitlərin yuyulması, internetdə kiberterrorizm və ekstremizm təhdidlərinin yayılması aiddir.

Məruzəçi fərdin, cəmiyyətin və dövlətin maraqlarına qarşı kibertəhlükələrin növlərini də diqqətə çatdırıb. Fişinq və sosial mühəndislik hücumları, fərdi məlumatlara olan kiberhücumlar, süni intellektə və maşın öyrənməsinə əsaslanan hücumlar haqqında məlumat verib.

Sonra o, milli informasiya məkanında informasiya təhlükəsizliyinin təmin olunması üçün görülməsi zəruri olan təşkilati və texniki tədbirlər haqqında məlumat verib, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

K.Daşdəmirova, həmçinin CERT komandaları haqqında ümumi məlumatları təqdim edib, milli kibertəhlükəsizlik monitorinq sistemi və CERT komandasının əsas funksiyaları, növləri haqqında məlumatları diqqətə çatdırıb.

Sonda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələrə münasibətini bildirib. Alim ölkə rəhbərliyi tərəfindən kibertəhlükəsizlik məsələlərinə böyük diqqət ayrıldığını bildirərək, bu istiqamətdə aparılan tədqiqatların aktuallıq kəsb etdiyini vurğulayıb, kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması ilə bağlı araşdırmaların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

Xəbər lenti