Logo

Elmi şurada UNEC-in elmi nailiyyətləri və rəqəmsallaşmaya keçidlə bağlı hesabat açıqlanıb

06.05.2025 11:53 47 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Elm və innovasiya məsələləri üzrə prorektor professor Rövnəq Rzayev 2024-cü ildə UNEC-də yerinə yetirilmiş elmi tədqiqat işləri və elmi fəaliyyət haqqında təqdimatla çıxış edib. Bildirib ki, hesabat dövründə müəllimlərin “Web of Science”də 663 elmi əsəri dərc edilib, məqalələrə istinad sayı isə 3349 olub.

Ölkə üzrə “Web of Science”da dərc olunmuş məqalələrin 18,3 faizi, “Scopus”da dərc olunan məqalələrin isə 18,2 faizi məhz UNEC-in payına düşür. 2024-cü ildə xarici ölkələrin alimləri ilə həmmüəlliflik göstəricilərinin 2020-ci illə müqayisədə 13 dəfə artdığı bildirilib. Qeyd olunub ki, 2024-cü ildən akademik heyətin elmi fəaliyyəti rəqəmsallaşdırılaraq, AVESİS sisteminin tətbiqinə başlanılıb.

İclasda “UNEC Journal of Engineering and Applied Sciences” elmi jurnalının “Scopus” bazasında indekslənməsinin də mühüm elmi nailiyyətlərdən olduğu qeyd edilib.

Hesabatda Kitabxana İnformasiya Mərkəzinin uğurlu fəaliyyət göstərdiyi, 2024-cü ildə EBSCO, “Emerald”, “Scopus”, “ScienceDirect”, “Web of Science”, “Core Collection” elmi bazalarına abunə olunduğu vurğulanıb. Eyni zamanda, UNEC-in ölkədə RSCVD platformasından istifadə edən ilk iki universitetdən biri olduğu, bununla da UNEC-in 5 milyona yaxın elektron resursa çıxış imkanı əldə etdiyi diqqətə çatdırılıb.

Sonra tədris üzrə prorektor dosent Gəray Musayevin təqdimatında UNEC-də elektron-yazılı imtahan formasında təşkil ediləcək fənlər, UNEC Biznes Məktəbinin MBA Proqramı üzrə 2024/2025-ci tədris ili üçün hazırlanmış tədris planları, həmçinin Elmi-Metodiki Şuranın Əsasnaməsi səsləndirilərək, şura üzvləri tərəfindən təsdiqlənib.

Elmi şurada, həmçinin “Karbohidrogenlərin istehsalı, daşınması və emalında resursa qənaət edən texnologiyalar Elmi-Tədqiqat Mərkəzi”nin, “Marketinq, İstehlakçı Davranışı və Brendinq Tədqiqat Mərkəzi”nin, “Elmin Populyarlaşdırılması Mərkəzi”nin və “İqtisadi Klinika Tədqiqat Mərkəzi”nin əsasnamələri səsverməyə çıxarılıb.

Xarici dil fənlərində “ÖsD”, “TORFL” “TCF”, və “Delf” və ya “Dalf” sertifikatlarının tanınması qaydaları da şurada təsdiqlənib.

Xəbər lenti