Logo

Əlyazmalar İnstitutunda növbəti mühazirə təşkil olunub

02.05.2024 20:38 171 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmin təhsilə inteqrasiya istiqamətində növbəti mühazirə təşkil olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, müəssisənin baş mühafizi dosent Səbinə Əhmədova “Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” mövzusunda mühazirə oxuyub. Alim mühazirəsində institutda qorunan əlyazmalardan, onların mühafizəsi prosesində görülən işlərdən, pasportlaşdırılması üsullarından bəhs edib. Mühazirədən sonra təlim iştirakçılarına UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil olan sənədli irs nümunələri, institutun fondunda mühafizə olunan nadir dövrü-mətbuat nümunələri, Xurşidbanu Natəvana aid bəzi əl işləri, Xan qızına məxsus qələm, qələmdan, onun kitabxanasına aid miniatür “Quran”, Şah Abbasın, Nadir şahın, Şah Sultan Süleymanın fərmanları, Nizami Gəncəvinin “Xəmsə”sinin institut fondunda qorunan ən qədim əlyazma nüsxəsi və digər nadir materiallar nümayiş etdirilib. Mühazirə iştirakçıların böyük marağına səbəb olub, verilən suallar cavablandırılıb.

Xatırladaq ki, İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin may ayı boyunca davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti