Logo

Təəssüflər olsun ki, indiki Fransada belə vicdanlı və cəsur yazıçılar yoxdur...

16.04.2021 09:57 456 baxış
IMG

16 aprel böyük fransız yazıçısı Nobel mükafatı laureatı Anatol Fransın (16.04.1844 - 13.10.1924) doğum günüdür.

 

Təəssüflər olsun ki, indiki Fransada belə vicdanlı və cəsur yazıçılar yoxdur. Emil Zolya, Anatol Frans, Roje Martin dü Qar kimi yazıçıları Makron kimi "siyasətçilər" əvəz edib.

 

"Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabımda onun haqqında yazdığım bioqrafiyadan: "1894-cü il Fransa tarixinə «Dreyfus işi» adlı məşhur məhkəmə çəkişməsi ili kimi daxil olur. Frans bu çəkişmədə bir ziyalı kimi fəal iştirak edir. «Dreyfus işi»nin qısa tarixi belədir: 1894-cü ildə Fransa Baş qərargahının zabiti, milliyyətcə yəhudi olan Alfred Dreyfus guya hərbi sirləri Almaniyaya ötürdüyü üçün məhkəmədə ömürlük həbs cəzası alır.

 

Əslində satqın Fransa ordusunda xidmət edən macar aristokratı Esterqati idi. Fransız generalları və aristokratları tərəfindən qaldırılan və açıq-aydın Fransada yaşayan bütün yəhudilərə qarşı yönəlmiş «Dreyfus işi» cəmiyyətdə böyük qarşıdurmaya səbəb olur. Yəhudi zabitinin müdafiəsinə Anatol Fransla yanaşı məşhur yazıçılar, Emil Zolya və Jan Jores də qalxır. Nəticədə dreyfusçular ilə antidreyfusçular arasındakı kəskin mübarizə Fransanı vətəndaş müharibəsi həddinə gətirib çıxarır. Dövrün məşhur sənət adamlarının yorulmaz mübarizəsi nəticəsində 1899-cu ildə Dreyfusun işinə yenidən baxılır və ömürlük həbs cəzası on il azadlıqdan məhrumolma ilə əvəzlənir. Lakin on gündən sonra bu məhkəmə hökmü də ləğv edilir və Dreyfus azadlığa buraxılır. Dreyfusun hərbi rütbəsi bərpa olunduqdan sonra o, Fəxri Legion ordeni ilə təltif olunur və hərbi xidmətini polkovnik rütbəsində başa vurur. A. Fransın bu prosesdə mövqeyi əsl vətəndaş və ziyalı mövqeyi idi. Bu işdə əsas məqsəd fransız ordusunda korrupsiya və dağıntıları qəsdən bir zabitin adı ilə bağlamaq və əslində bu əməlləri törədən, lakin generalların müdafiə etdiyi bir şəxsi qorumaq idi."


Anatol Frans 1921-ci ildə «dövrün amansız zərbəsinə məruz qalmış humanizmin dirçəlməsində xidmətlərinə və nəcib bədii üslubuna görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. İsveç Kral Akademiyasının üzvü E. Karlfeldt Anatol Fransın dünya mədəniyyətinin inkişafındakı rolunu xüsusi qeyd etmişdir: «Frans bizim zəmanədə fransız mədəniyyətinin ən görkəmli nümayəndəsidir. O, axırıncı böyük klassikdir. Onu həm də axırıncı avropalı adlandırırlar». Karlfeld haqlıdır.


Janna D’Ark»,  «Pinqvinlər adası» və Böyük Fransız inqilabı mövzusuna aid «Allahların şövqü» romanları ona dünya şöhrəti qazandırmışdır.

 

Etibar Əliyev

Xəbər lenti