Azərbaycanla ermənistan arasında Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər uğrunda təxminən 44 gün davam etmiş müharibə Cənubi Qafqazda hərbi və siyasi sahələrdə qüvvələr nisbətinə tektonik dəyişikliklər gətirdi. Azərbaycan 44 gün ərzində yalnız hərb meydanında deyil, siyasətdə, diplomatiyada və informasiya savaşında da xariqələr yaratdı.
Prezident İlham Əliyev çoxşaxəli intensiv fəaliyyəti ilə böyük tarixi dəyişikliyə imza atdı. Azərbaycana məğlub olan işğalçı ölkə kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Regionda yeni layihələrin, o cümlədən Naxçıvan üzərindən Aralıq dənizi və Xəzər dənizi hövzələrini birləşdirən "həyat yolu"nun reallaşdırılması yeni inkişaf perspektivləri vəd edir. Bu bağlılıqda məsələyə geniş geosiyasi aspektdə təhlili yanaşdıqda çox maraqlı və aktual məqamlar üzə çıxır. Xüsusən Azərbaycan Prezidentinin liderlik modeli və Ali Baş Komandan kimi fəaliyyəti ön plana çıxır. Həmin kontekstdə regional miqyasda formalaşan yeni geosiyasi reallığı analiz etmək ciddi aktuallıq kəsb edir. Azərbaycan faktiki olaraq konfrontasiya geosiyasi xəttini sındırıb, regionu əməkdaşlıq və təhlükəsizlik geosiyasi müstəvisinə çıxardı. Bunun tarixi, siyasi, sosial, mədəni, iqtisadi və hərbi-strateji nəticələri özünü göstərməkdədir.
Cənubi Qafqazda geosiyasi güclərin savaşı bütövlükdə prosesləri xaosa sürükləməkdədir. Arıq onilliklərdir ki, bu cür, obrazlı desək, riskli mənzərə regional təhlükəsizliyə ciddi təhdid olaraq qalır. böyük geosiyasi güclərin - konkret olaraq ABŞ, Avropa İttifaqı və Rusiyanın, region dövlətlərinə qarşı heç də birmənalı qiymətləndirilməyən mövqe sərgiləməsi ilə bağlıdır. Belə ki, daha çox Qərb dövlətləri xristian Ermənistanı daim haqlı, müsəlman Azərbaycanı isə daim haqsız təqdim etməyə çalışır. Rusiya bu məsələdə daha tarazlı mövqe sərgiləyib və son illər bu tendensiya daha da güclənib. ABŞ və Avropa İttifaqının aparıcı ölkələri ikili yanaşma siyasətini Cənubi Qafqazda əsas fəaliyyət prinsipi kimi nümayiş etdirməkdədirlər. Məsələn, onlar Ermənistanın təcavüzkarlığına müxtəlif bəhanələrlə haqq qazandırmaq işindən hələ də əl çəkməyiblər. Bundan başqa, insan haqları, söz azadlığı, demokratiya kimi təmtəraqlı ibarələri yalnız təcavüzkar Ermənistana aid etməyə çalışırlar. Rəsmi İrəvana Qərbdən böyük həcmdə yardımlar da faktdır. Deməli, əslində, Cənubi Qafqazda geosiyasi gərginliyi və qeyri-müəyyənliyi Qərb və Rusiyanın müəyyən dairələrinin ədalətsiz siyasəti yaradırdı. Əlbəttə, bu vəziyyət uzun müddət davam edə bilməzdi və bu da dördüncü səbəbi ortaya atır.
ATƏT-in Minsk qrupu problemi həll etmək əvəzinə erməni işğalının ömrünün uzadılmasına çalışırdı. Bununla da problemin həlli üçün BMT tərəfindən qəbul edilmiş məlum qətnamələrin tələbləri yerinə yetirilmirdi. Bu isə ciddi səviyyədə hüquqi presedent yaradırdı. Belə şəraitdə Cənubi Qafqazda risklər çoxalır, əməkdaşlıq və sabitlik üçün müxtəlif maneələr yaradılırdı.
Kompleks halda vurğulanan məqamlar Cənubi Qafqazı qlobal geosiyasətin ən həssas məkanlarından birinə çevirmişdi. Burada hər an sabitliyin pozulması, terrorun tüğyan etməsi və bölgə xalqlarının fəlakətlərə düçar olması baş verə bilərdi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək regionda baş verən geosiyasi-hərbi proseslər vəziyyəti kökündən dəyişdi. Bu proseslərin mənbəyində Azərbaycanın siyasi rəhbərliyinin başladığı qətiyyətli hərbi, siyasi, diplomatik və informasiya hərəkatı dayanırdı. Hazırda Cənubi Qafqazın geosiyasi mənzərəsinin formalaşmasında 44 günlük həmin hərəkat – Vətən müharibəsi həlledici rol oynadı. Ekspertlər hesab edirlər ki, Azərbaycan bununla faktiki olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı.
Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ciddi siyasi, sosial, iqtisadi və hərbi böhrana düçar olmuşdu. O dövrdəki ölkə rəhbərliyinin yarıtmaz siyasəti Azərbaycan dövlətini olduqca çətin vəziyyətə salmışdı. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etməyə başladı. "Əsrin müqaviləsi" imzalanandan sonra qarşıda yeni imkanlar açıldı. Nəticədə sabitləşmə və struktur islahatları proqramının həyata keçirilməsinə start verildi. Proqramda ümumi daxili məhsulun (ÜDM) artımı, inflyasiyanın nəzarətdə saxlanılması və maliyyə çatışmazlıqlarının aradan qaldırılması nəzərdə tutulmuşdu ki, bu da makroiqtisadi və maliyyə sabitliyi ilə nəticələnməli idi. Bu baş verdi. Üstəlik, neft investisiyalarının kəskin artması sayəsində 1996-cı ildə iqtisadiyyat öz inkişafını bərpa etdi. 1996-2005-ci illər arasında iqtisadi inkişaf orta hesabla 10 faiz oldu. Bu isə yoxsulluq həddini 1995-ci ildə olan 68 faizdən 2005-ci ildə 29 faizədək azaltmağa imkan verdi.
Bütövlükdə 2003-cü ildən başlayaraq islahatlar, yeniləşmələr, sosial-iqtisadi inkişaf, daxili və xarici siyasətin daha inamla həyata keçirilməsi prosesi sürətləndi. 2006 və 2007-ci illərdə ÜDM-in artımı 29,8 faiz oldu. Hətta neft hasilatının ən zəif olduğu 2012-ci ildə ÜDM-in artımı 2,2 faiz təşkil edib. 2000-ci ilin ortalarından etibarən ÜDM-də qeyri-neft sektorunun payı artıb. Nəticədə 2010-2013-cü illər ərzində ÜDM-də qeyri-neft sektorunun payına düşən artım neftin payına düşən artımdan yüksək olub.
Ümumiyyətlə, son 17 il ərzində ölkədə ümumi daxili məhsul istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM istehsalı 2,8 dəfə artıb. Həmin dövrdə sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 2,4 dəfə çoxalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə çoxalıb. Eyni zamanda, informasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirlər və xərcləri 18,4 dəfə, əhalinin nominal gəlirləri 9,4 dəfə, vətəndaşların banklardakı əmanətləri 33,2 dəfə, iqtisadiyyatın kreditləşdirilməsi 19,4 dəfə, orta aylıq nominal əməkhaqqı 7 dəfə, pensiyaların orta aylıq məbləği 9,3 dəfə artıb. İqtisadiyyata qoyulan sərmayə 2004-2019-cu illər arasında 259,6 milyard ABŞ dolları həcmində olub. Bu müddətdə strateji valyuta ehtiyatları 1,8 milyard dollardan 51,1 milyard dollara qədər yüksəlib.
Dünya Bankının "Doing Business" hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir və Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Eyni zamanda, inkişaf etməkdə olan 74 ölkə arasında aparılmış araşdırmaya əsasən, Azərbaycan dünya miqyasında inklüziv inkişaf indeksi üzrə üçüncü, əhalinin elektrik təchizatı səviyyəsinə görə ikinci, islahatçı obrazı əmsalına görə beşinci, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu, siyasi sabitliyi təmin etməsinə və dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdədir.
COVID-19 pandemiyası ötən bir il ərzində dünya iqtisadiyyatına zərbələr vurub və 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub. Əlbəttə ki, dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın iqtisadiyyatı da zərər görüb. Lakin dövlətimiz digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Amma bunun əvəzində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Bu isə real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.
Biz sosial-iqtisadi sahənin digər sferaları üçün də rəqəmləri nümunə kimi gətirə bilərik. Onların hər biri yalnız müsbət dinamikanı göstərir. Həm də bu proses davamlı və dayanıqlı olub. Bu cür dinamika birbaşa ölkə rəhbərliyinin davamlı və sistemli olaraq həyata keçirdiyi islahatlar sayəsində özünü göstərib.
Dövlət başçısı İlham Əliyev son 17 ildə səmərəli, sistemli, düşünülmüş və milli dövlətçiliyin möhkəmlənməsinə xidmət edən proqramları cəmiyyətin bütün sferalarında inamla həyata keçirib. İqtisadi proqramlar siyasi, sosial, mədəni, hərbi proqramları tamamlayıb. Nəticədə bütövlükdə sistemli və davamlı inkişaf dinamikası meydana gəlib. Neft siyasəti büdcə gəlirlərini artırmaqla yanaşı, qeyri-neft sektorunda inkişafı stimullaşdırıb, əhalinin həyat səviyyəsini yüksəltmək şansını artırıb, ordu quruculuğuna daha çox vəsait ayırmağa imkan yaradıb, əhəmiyyətli enerji layihələrini həyata keçirməyə əsas verib və valyuta ehtiyalarının artım dinamikasını saxlamağa şərait yaradıb. Bunun fonunda Azərbaycanın dövlət başçısı əhalinin sosial təminatı, əmək haqqı və pensiya təminatında əhəmiyyətli proqramlar reallaşdırıb. Azərbaycan vətəndaşı daha yüksək gəlirlər əldə etməyə nail olub.
Bu cür proseslərin fonunda Prezidentin daxili və xarici siyasəti uyğunlaşdırması və həmin kontekstdə ordu quruculuğu, təhlükəsizliyin təmini və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımlar çox səmərəli olub. Daxili siyasətdə dövlət başçısı güclü dövlətlə yanaşı güclü cəmiyyət yaratmağın da çox əhəmiyyətli olduğunu sübut edib. Bunun üçün cəmiyyəti açmaq, ona özünü inkişaf etdirmək imkanı vermək lazım idi. İlham Əliyev həmin məqsədə çatmaq üçün multikulturalizmi dövlət siyasəti səviyyəsinə yüksəldən yeganə liderdir. Multikulturalizm həm də Ermənistanın apardığı antiazərbaycan təbliğatını heçə endirdi. Belə ki, dünya Azərbaycan cəmiyyətinin demokratik, tolerant və humanist olduğunu gördü. Bu istiqamətdə dövlət başçısının multikultural dəyərlər əsasında dinlər, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun təmininə həsr edilmiş xüsusi tədbirlər həyata keçirməsi ayrıca rol oynadı.
Yeni geosiyasi reallığın siyasi-diplomatik rəmzi "3+3" ("5+1") formuludur ki, bunun da təşəbbüskarı İlham Əliyevdir. Bu formulun reallaşması üçün konkret təkliflər də artıq hazırdır. Onların bir qismi haqqında İlham Əliyev fikir bildirib. Dövlət başçısı deyib: "İndi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin".
Buradan görünür ki, Prezident üçün kommunikasiya xətlərinin açılması ilə yanaşı, Azərbaycanın liderliyini saxlaması da ciddi əhəmiyyət kəsb edir. Və ya tərsinə: kommunikasiyaların açılması Azərbaycanın regional liderliyini təmin etməkdə böyük rol oynaya bilər. Görünür, məhz bu səbəbdəndir ki, İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinin işə düşməsinə əngəl törətdiyini, lakin bunun aradan qaldırılacağını ayrıca vurğulayıb. Ekspertlər də Zəngəzur dəhlizinin yalnız regional deyil, beynəlxalq əməkdaşlıq üçün prinsipial rol oynadığını vurğulayırlar. Məsələn, Çin üçün bu dəhlizin "Bir qurşaq, bir yol" layihəsi çərçivəsində əhəmiyyəti böyükdür.
Beləliklə, yuxarıda vurğulanan məqamlar bir daha təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Bu yeni mənzərənin iki özəlliyi vardır: birincisi, regional əməkdaşlıqla beynəlxalq miqyasda əməkdaşlıq arasında daha uyğun şərait meydana gəlib; ikincisi, Azərbaycan bundan sonra da regionun lideri olaraq qalacaq!
Ələkbər Mirzəyev,
BDU-nun Geologiya fakültəsinin müəllimi