"Bir çox şaman cəmiyyətlərində ümidsizlikdən, ruhsuzluqdan, kefsiz əhval-ruhiyyədən və ya depressiyadan şikayətlə şamanın yanına gəldikdə o, bu dörd sualı verər:
- Rəqs etməyi nə vaxt dayandırdın?
- Nə vaxt mahnı oxumağı dayandırdın?
- Nağıllara qulaq asmağı, nağılların təsirinə düşməyi nə vaxt dayandırdın?
- Sükutun sevimli torpaqlarında hüzur axtarmağı nə vaxt dayandırdın?
Bizim rəqs etməyi, mahnı oxumağı, nağıllardan təsirlənməyi və ya səssizlikdə hüzur axtarmağı dayandırmağımız ruhumuzun bir parçasını itirdiyimiz bir təcrübə yaşamışıq deməkdir.
Rəqs etmək, mahnı oxumaq, nağıl danışmaq və səssizlik dörd bəşəri şəfa məlhəmidir".
Amerikan antropoloqu Angeles Arrien incəsənətin insan ruhuna, mənəviyyatına, daxili aləminə müalicəvi təsirini məhz bu misalla izah edir. Ondan əvvəl isə sənətin insan ruhuna şəfaverici təsiri hələ çox-çox qədim dövrlərdən bilinən və tətbiq edilən üsullardandır.
Söz ünsiyyətimiz, özünü ifadəmiz və ətrafdakı hadisələrə reaksiyamız üçün nə qədər önəmli olsa da, gözlənilməzliklər, sirlər və bilinməzliklərlə dolu həyatımız bəzən bizə elə sürprizlər hazırlayır, elə oyunlar qurur ki, onun qarşısında ya sözlər bitir, ya da aciz qalır. Özünüifadə vasitəsi kimi kəşf edilən sözlər özümüzü ifadə etməyimizə mane olur. Və biz özümüzü, öz ruhumuzu bu bilinməzlikdən xilas etmədikcə, öz içimizə qapanır, ruhumuzu xəstələndiririk.
İnsan ruhu hələ yaradılışdan gözəlliyə, hüzura meyillidir. O, mənəviyyatını zənginləşdirən, ruhunu dirçəldən bu gözəlliyi daha çox incəsənətin müxtəlif növlərində tapır. Yaradıcılıqla məşğul olduqda, ya da sənətin hər hansı bir növünə tamaşa etdikdə beyindəki fikirlər ilhamlanmaqla əvəzlənir, o ana qədər bizi məşğul edən, ruhumuzu əsir alan bütün problemlər unudulur, ikinci plana keçir. İnsan məhz məşğul olduğu yaradıcılığa köklənməklə sanki yorulmuş ruhunu dincə qoyur.
Art-terapiyanın, yəni sənət növləri ilə, yaradıcılıqla müalicənin varlığını və müsbət təsirlərini ənənəvi təbabət və psixologiya da təsdiqləyib. Bəşəriyyət əsrlərdir ki, "sağalmaz" deyilən xəstələri məhz sənətin, musiqinin, rəsmin, ədəbiyyatın, rəqsin köməyi ilə sağaldır.
Hələ ruh haqqında ibtidai düşüncələrin olduğu, insanın öz ruhunu tam mənası ilə dərk etmədiyi antik dövrdə belə sənətkarlar ruhu bədəndən ayrı təsvir etmirdilər, ruh real forma vasitəsilə incəsənətin zirvəsi və "ideal sənətin ifadəsi" hesab edirdi.
Dediyimiz kimi, art-terapiyanın, yəni incəsənətlə müalicənin tarixi çox qədim dövrlərə gedib çıxır. Belə ki, bu, təkcə tibb elmində, psixologiyada deyil, dinlərdə də toxunulan, əks etdirilən müalicə üsuludur. Məsələn, yəhudilərin qədim dini kitabı olan "Tövrat"da Davud peyğəmbərin musiqi alətində, arfada çalaraq Saulu əsəb pozuntusundan sağaltdığı qeyd olunur. Qədim Yunanıstanda isə rəssamlığın, teatrın, musiqinin, rəqsin insan orqanizminə təsiri öyrənilib.
Sözlərin aciz qaldığı yerlərdə bəzi şeylərin sənət yolu ilə rahatlıqla ifadə olunması art-terapiyanın kəşfini və tətbiqini zəruri edib.
Bu, bəlkə də insan övladının ilkinliyindən, alt-şüurunda həkk olunmuş irsi kodlardan gələn bir üsuldur. Axı hələ söz yoxkən insanlar öz düşüncələrini, fikir və hisslərini rəsm çəkərək, müəyyən rəqs hərəkətləri edərək ifadə etmişlər. Azərbaycanda ən qədim insanların yaşayış tərzini öyrəndiyimiz Qobustan qayaüstü rəsmləri bunun ən bariz nümunəsidir. Həmin qayalarda insanların toplu (məsələn, Yallı) və ya fərdi şəkildə rəqs etmələri, hansısa alətlərdə ifaları təsvir edilib. Bu da sənətin yaradılışdan özünü ifadəyə xidmət etdiyini göstərir.
Buna görə də təsadüfi deyil ki, Orta əsrlərdə Azərbaycan da daxil olmaqla, Şərqdə insanları hətta musiqi alətləri vasitəsilə müalicə ediblər.
İnsan ruhu sirlərlə, müəmmalarla doludur. Ancaq bir o qədər də sadə və bəsitdir. Əsas məsələ ruhumuza xitab edəcək, bizi hüzura qovuşduracaq ən düzgün vasitəni tapmaqdır ki, bunu da bizim yerimizə elə ruhumuz özü tapıb: incəsənət!
Şəhanə Müşfiq