Logo

"Nəşri həyat bilən nəşriyyat adamı..." - BDU-nun Jurnalistika fakültəsinin tələbəsi yazır...

07.02.2021 16:20 675 baxış
IMG

Bakı Dövlət Universitetinin dünənindən bu gününə qədər zamanın çətinliklərinə baxmayaraq "Bakı Universiteti" nəşriyyatı onunla birgə qoşa addımlamağı bacarmışdır. İlk zamanlar redaksiya-nəşriyyat şöbəsi kimi fəaliyyətə başlayan "Bakı Universiteti" nəşriyyatı keçən əsrin 20-30-cu illərində baş verən ictimai-siyasi proseslərin ağırlığına baxmayaraq özünün şərəfli missiyasını yerinə yetirmişdir.

 

Universitetin dövrü elmi orqanları olan "Xəbərlər" 1921-ci, "Nəzəri və praktik təbabət" jurnalları isə 1924 -cü ildən çıxmağa başlamışdır. 1921-ci ildə nəşr olunan "Bakı Dövlət Universitetinin xəbərləri"nin birinci yarımcildi təbiətşünaslığa və təbabətə, ikinci hissəsi isə humanitar elmlərə həsr olunmuşdur.

 

Nəşriyyatın fəaliyyəti müxtəlif illərdə obyektiv və subyektiv səbəblər üzündən dəfələrlə bağlanmışdır. Növbəti dəfə isə 1961-ci ildə nəşriyyat fəaliyyətini dayandırmalı olmuşdur. Buna baxmayaraq müəssisənin qrifi ilə çap olunan kitablar artıq bütün respublikada tanınırdı.

 

Hər zaman maarifçi Vətənsevər ziyalılarımızın müəssisənin taleyinə biganə qalmamaqları hesabına, zəhmətləri bahasına "Bakı Universiteti" nəşriyyatı özünün fəaliyyətini bərpa etmişdir. Nəşriyyatın taleyinə biganə qalmayan ziyalılardan biri də Telman Mustafayev olmuşdur.

 

Telman İsi oğlu Mustafayev 1933 -cü ildə Ağdam rayonunda anadan olmuşdur. Elə həmin şəhərin 1 nömrəli orta məktəbində təhsil alarkən özünün yüksək biliyi, incəsənətə bağlılığı ilə həmyaşıdlarından fərqlənirdi. Ana nənəm Elmira Əliyeva xatirələrində deyirdi ki, qardaşı Telman Mustafayev hələ məktəb vaxtlarından nəfəsli və simli musiqi alətlərində ifa etməyi mənimsəmiş, zamanın dövlət xadimlərinin, klassik ədəbiyyat nümayəndələrinin portret və şəkillərini yüksək ustalıqla çəkmişdir. Bu yaradıcı tərəfi Telman müəllimi jurnalistika ixtisası yoluna çıxarır. Müqəddəs yolu qələmi və fırçası ilə işıqlandıran Telman Mustafayevin dayanacaq nöqtəsi isə nəşriyyat olur. Beləki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika şöbəsini bitirdikdən sonra o, universitet nəşriyyatında əvvəlcə korrektor, 1960-cı ildən isə nəşriyyat redaktoru vəzifəsində işləmişdir. Telman Mustafayev 1970-ci ildən nəşriyyata rəhbərlik etməyə başlamışdır. Onun işgüzar və coşqun fəaliyyəti, özünə və yoldaşlarına qarşı səmimiyyəti, tələbkarlığı universitet kollektivi arasında T. Mustafayevə dərin rəğbət qazandırmışdır. O, nəşriyyata rəhbərlik etdiyi müddət ərzində müxtəlif seriyalarda çıxan "Elmi əsərlər" in, dərslik və dərs

 

vəsaitlərinin, proqramların vaxtlı-vaxtında, yüksək poliqrafik keyfiyyətlə buraxılmasına böyük qüvvə sərf etmişdir.

 

Telman Mustafayev müxtəlif vaxtlarda respublikamızın qəzet və jurnallarında maraqlı yazılarla da çıxış etmişdir. Onun qələmindən çıxan bir sıra məqalələr oxucuların marağına səbəb olmuşdur. Universitetin nəşriyyatının fəaliyyətində mühüm rol oynayan direktorlardan biri olan Telman Mustafayev 1969-1973-cü illərdə universitetin bir çox alimlərinin, professor və müəllim heyətinin əsərlərinin çapının həyata keçirilməsində müstəsna xidmətlər göstərmişdir - Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Əli Fəhmi, Əlövsət Abdullayev və b.

 

Təəssüf ki, ömrünü Bakı Dövlət Universitetinə və "Bakı Universiteti" nəşriyyatına bağlayan istedadlı jurnalist Telman Mustafayev arzularının çiçəkləndiyi bir vaxtda vəfat etmişdir. Yola saldığımız 2020-ci il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsində dədə-baba torpaqlarımızı yağı düşməndən azad etdi. Bu qələbə münasibətilə Bakı Dövlət Universitetinin rəhbərliyi, həmçinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi fəxrlərimizin ruhunun şad olması üçün müxtəlif layihələr, tədbirlər həyata keçirdi və bu işi davam etdirməkdədir. Mənəvi ehtiyac duyaraq həyat və yaradıcılıqlarına işıq saldığımız ziyalılarımızın Qarabağdakı məzarları indi zəfər günəşi ilə isinir, işıqlanır. Böyük işin kiçik davamı olaraq qələmə alınan bu yazı isə inanırıq ki, Telman Mustafayevin qısa və şərəfli ömrünə, işıqlı xatirəsinə gözəl töhfə olacaq.

 

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti