Logo

Təhsilin “başı”, “ayağı” olmur, təhsilin Baş idarəsi olur...

06.02.2021 18:41 603 baxış
IMG

Bakı şəhəri üzrə Təhsil idarəsində keçirilən birgə müşavirədən doğan bəzi  mülahizələrim

 

Xəbər verildiyi kimi, Bakı şəhəri üzrəTəhsil İdarəsində Təhsil nazirinin müşaviri Elnur Nəsibovun da qatıldığı İctimai Şura üzvləri ilə keçirilən görüşdə təhsilin cəmiyyətdəki rolu, məktəb və müəllimin nüfuzu, təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması, pedaqoji təhsildəki yeniliklərin müəllimlərə operativ ötürülməsi üçün məqsədyönlü təlimlərin təşkili, yeni yanaşmalarla təcrübənin sintezi, məktəb direktorları və müəllimlərin fəallığının artırılması, müasir qiymətləndirmə mexanizmlərinin tətbiqi, monitorinqlərin hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər müvafiq məsələlər geniş müzakirə olunub, qaldırılan məsələlər üzrə bir sıra təklif və tövsiyələr səsləndirilib.

 

Müzakirə zamanı idarənin tabeliyində olan müəssisələrdə görülən işlərdən söhbət açılıb,  yeni şərait, yeni qaydalar çərçivəsində distant və əyani təhsilin təşkili sahəsində əldə olunan təcrübə və qarşıda duran vəzifələr təhlil olunub. O da vurğulanıb ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, təkcə paytaxtın təhsil sistemindəki uğurları ilə deyil, həm də, bütün ölkənin təhsil həyatı üçün böyük əhəmiyyət kəsb edən yeniliklərin təşəbbüskarı kimi çıxış edib və etməkdə davam edir. Bütün bunlarla yanaşı mobillik və çevikliyin daha səmərəli təşkil olunması baxımından sözü gedən idarənin strukturunun təkmilləşdirilməsi məsələsinə də yenidən baxılması  diqqət mərkəzindən kənarda qalmayıb.

 

Bəri başdan səmimi etiraf edim ki, 40 ildən artıq bir dövrü əhatə edən, pedaqoji fəaliyyətimin tən yarısını o zamankı Bakı Şəhəri Baş Təhsil İdarəsində  inspektor, baş məsləhətçi, “Baş idarə” ləğv olunduqdan sonra isə, Bakı şəhəri üzrə Təhsil idarəsinə çevrilmiş bu qürumda sektor müdiri kimi müxtəlif məsul vəzifələrdə calışmış,  bir növ “abordaj”  kimi  bir təsir bağışlayan “formulirovka” ilə nədənsə heç cür razılaşa bilməmişəm. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi” ifadəsi sanki,  “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu” kimi daim qulağımda cingildəyib.

 

Yəni, bir vaxtlar Bakı şəhər xalq maarifi şöbəsi adlanan (BXMŞ), sonralar Bakı şəhər Baş təhsil idarəsinə (BŞBTİ) çevrilən paytaxtın təhsil strukturunu bir anda “baş”ından məhrum edərək, onu “üzrə” idarə ilə əvəzlədik. Yəqin ehtiyanlandıq ki, birdən kimsə çaşıb bu idarəni Təhsil Nazirliyinin yox, hansısa başqa Nazirliyin tabeliyində olduğunu zənn edər və belə hesab etdik ki, “üzrələr” üzrə komitə, komissiya, agentlik, müvəkkil, müşavir, mütəxəssis olduğu halda,  idarə niyə olmasın ki...? Az-çox maraqlananlar olsa da, sual verən olmadı ki, bəs niyə məsələn, Bakı şəhəri Baş Polis idarəsi və ya deyək ki, Bakı şəhər Gənclər və İdman Baş idarəsi “Baş”larını qoruyub saxlaya bilir, təhsil idarəmiz “Baş”ından məhrum edilir? Nəyə görə Gəncə“ şəhər təhsil idarəsi” adlandırıldığı halda, Bakı şəhəri “üzrə” təhsil idarəsi” olmalıdır? Məgər, onların yuxarı insansiya kimi öz nazirliklərinə tabeçiliyi yoxdur?

 

Əslində, “Baş” sözünü götürməklə, bəlkə də düz etdik, çünki təhsilin “başı”, “ayağı” olmur, təhsilin Baş idarəsi olur. Necə ki, “Главное управление образования” kimi – Təhsilin Baş idarəsi…Bir də ki, belə tərcümə xətalarımız heç də az olmayıb. Bir vaxtlar IV sinifdə tədris olunan “SSRİ tarixinə dair epizodik hekayələr”i ləğv edərək, əvəzində 5-ci sinif üçün “Ata yurdu” adlandırılan dərsliklə əvəz etmişdik. Rus terminologiyasında işlədilən “Oteçestvo” ifadəsini əsas götürərərək, bu ifadəni “отец” (ata) ilə qarışdırmış, belə bir qənaətə gəlmişdik ki, “Oteçestvo” bütün hallarda ata anlamına gələ bilər. Bu, “Oteçestvo”(Vətən) ilə “Otçestvo” (soyad ) arasındakı məna fərqinə önəm verilməməsinin nəticəsi idi. Nə yaxşı ki, “Отечественная война” isadəsini - “Ata müharibəsi”, "За отечество" ifadəsini -“Ata uğrunda” kimi tərcümə etməmişik. Hələ, “tut ağacı”nı “держи дерево” - “ağacı tut” kimi tərcümə etməyimizi demirəm.

 

Məsələ ondadır ki, cəmi 4 şöbəsi və 60 işçisi olan, az qala bir əsrlik tarixə malik Bakı Şəhər Baş Təhsil İdarəsi, bir anın içərisində, kim(lər)insə  təşəbbüsü və səyi nətcəsində 16 bölmə, Metodiki Mərkəz və Mərkəzləşdirilmiş mühasibatlıqdan ibarət, nə az-nə çox, düz 425 işçisi olan, hətta adının belə çəkilməsində müəyyən problem yaşanan, “titanik” bir quruma – “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi”nə çevrilib, özü də Təhsil Nazirliyinin birbaşa tabelıyində olan quruma. Sanki, üzrə sözü olmasaydı, idarə nazırliyin tabeçiliyindın çıxacaqdı...

 

Kimsə etiraz edə bilər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi  müvafiq Sərəncam və Nazirlər Kabinetinin Qərarına əsasən yaradılib. Bəli, belə bir “Sərəncam” və “Qərar” olub. Lakin, məsələ ondadir ki, 31 mart 2006-cı il tarixli 1399 №-li Sərəncam “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri rayon təhsil şöbələrinin ləğv edilməsini təmin etmək” məqsədi ilə verilmişdi. Bu da başa düşülən idi. Çünki idarənin daha da mobil və çevikliyini təmin etmək, nisbətən kompakt idarəetmə sistemi yaratmaq zərurətı yaranmışdı. Nazirlər Kabinetinin 28 iyul, 2006-cı il tarixli, 189№ - lı Qərarı isə, yeni qurumun məhz Bakı Şəhəri Baş Təhsil İdarəsinin bazasında yaradılmasını nəzərdə tuturdu.

 

Nadir İsrafilov

 

Ardı var

Xəbər lenti