Logo

Məktəbdə direktor, döyüşdə zabit oldu

16.01.2021 12:13 959 baxış
IMG

Rəşad Mirzəyev: “Kəlbəcərə ilk daxil olanlardan biri də mən oldum”

 

Rəşad Mirzəyev 2000-ci ildən müəllim, 2008-ci ildən isə məktəb direktorudur. Riyaziyyat-informatikadan dərs deyir. Ancaq bu, onun  sülh şəraitindəki peşəsi və vəzifəsidir. Müharibə şəraitində vəziyyət dəyişir. Yenə rəqəmlər gözünün önündə oynayır, beyni çətin hesablamalarla məşğul olur. Ancaq şəraitə və vəziyyətə görə fərqli hesablamalar aparır. Məsələn, sülh şəraitində sinus, kosinusu yerinə görə kök altına salıb çıxarırsa, müharibə şəraitində düşmən mövqelərinin koordinatlarını  müəyyənləşdirib onları Azərbaycan bayrağının altında neytrallaşdırmağı, hətta birdəfəlik zərərsizləşdirməyi hesablayır. Hesablamaları dəqiq olurmu? Bunun da cavabı  44 günlük Vətən müharibəsinin nəticəsindən bəllidir.  

 

Harda müəllimə ehtiyac varsa, o, orda!

 

Vətən müharibəsi qəhrəmanlarından biri riyaziyyat-informatika müəllimi Rəşad Mirzəyevdir. Əslən Gədəbəy rayonunun Arabaçı (indiki Çiçəkli) kəndindəndir. Amma uzun illərdir ki, Arabaçı onun üçün, sadəcə ata yurduna çevrilib. Rəşad müəllim müəllimlik etmək üçün getdiyi Zəylik kəndində özünə yurd salıb. Artıq o yurdda vətənə 2 əsgər, kim bilir, bəlkə də özü kimi iki qəhrəman zabit yetişdirir.

 

Ali təhsil almaq üçün çıxıb ata yurdundan. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində oxuyub. Ancaq sonra geri qayıtmayıb: “Mən ali məktəbi bitirəndə rayonumuzda müəllim sıxlığı vardı. Ona  görə də müəllimə harda ehtiyac varsa, ora getməyə qərar verdim. Məni Daşkəsənə göndərdilər”.

 

Rəşad müəllim ona ən çox ehtiyac duyulan  yerdə - Daşkəsənin Zəylik kənd tam orta məktəbində işə başlayıb. Daşkəsəndə bir kəndi eli, bir qızı ailəsi bilib. 2008-ci ildən çalışdığı Zəylik kənd tam orta məktəbin direktorudur. Deyir, o vaxt kollektivin məsləhəti ilə direktorluğa namizədliyi təsdiqlənib.

 

Sonra Vətənin kimə daha çox ehtiyacı olduğunu müəyyənləşdirdi

 

Ancaq müəllimliyə başlamadan görməli olduğu bir iş də vardı. Ödəməli olduğu bir  borc - Vətən borcu onu gözləyirdi. Hərbi xidmətə getdi. Burada da ilk növbədə Vətənin kimə daha çox ehtiyacı olduğunu müəyyənləşdirdi. O vaxt Vətənə zabit lazım idi. O da zabit olmağa qərar verib. Beləliklə, 2000-2002-ci illərdə hərbi xidmətdə zabit olaraq yetişib.

 

Vətən müharibəsinin qəhrəmanı

 

2020-ci ilin iyun hadisələri zamanı yüzlərlə vətənpərvər azərbaycanlı kimi o da hərbi komissarlığa müraciət edərək Vətənə xidmət etmək istəyini bəyan edib. İstəyi sentyabr ayının 21-də reallaşıb: “5 günlük təlimlərdən sonra taqım komandiri olaraq hərbi əməliyyatlarda iştirak etməyə hazır idim. 2 gün sonra əks-hücum əməliyyatları başladı və mən döyüşlərə qatıldım”.

 

Artilleriya komandiri döyüşdən-döyüşə, cəbhədən-cəbhəyə irəliləyib. Ən böyük motivasiyası isə illərdir həsrət çəkdiyimiz torpaqlara ilk ayaq basanlardan olması olub. Cəbrayıl, sonra Qubadlı istiqamətində döyüşlərə qatılan zabit müəllimimiz Kəlbəcərə ilk daxil olan qoşun hissələrinin tərkibində olub: “İnsan qürur hissi keçirir. İllərdir barəsində işğal altındakı torpaqlarımız kimi danışdığımız yerlərə ayaq basırdıq. Tamamilə fərqli hisslər doğurdu insanın ürəyində. Kəlbəcərə ilk daxil olanlardan biri də mən oldum. Dekabrın 31-dək Kəlbəcərdə qaldım”.

 

Ordan tərxis olunaraq evinə qayıdıb.

 

“Müharibə barəsində xoş sözlər söyləyə biləcəyimiz bir məfhum deyil”, - deyir məktəb direktoru. Vətən  müharibəsi də hər bir azərbaycanlı üçün,  sadəcə çarəsizlikdən doğan zərurət idi. Və bu zəruri addımın atılmasında hər kəs canla-başla iştirak etdi: “Mənim üçün bu müharibədə iştirak etmək şərəf idi. Nəinki mən, elə oradakı hər kəs üçün. Hamının yalnız bir məqsədi, bir hədəfi vardı. İrəli gedək. Çünki irəlidə də bizim öz torpaqlarımız idi. Bir qarışı da düşməndə qoymaq istəmirdik. Kimin nə vaxt öləcəyini, hansımızın bu savaşdan sağ çıxacağını bilmirdik. Bir onu bilirdik ki, dayanmaq, geri çəkilmək, güzəştə getmək istəmirdik. Nəticəsi fərd olaraq bizim üçün nə olacağından asılı olmayaraq, torpaqlarımızı geri almaqda qərarlıydıq. İllik yox, neçə əsrlik erməni bəlasından birdəfəlik qurtulmağa çalışırdıq”.

 

İrəlilədikcə qürurlanan, həvəslənən Azərbaycan Ordusunun zabiti deyir ki, döyüşdə insan fərqli hisslərlə hərəkət edir. Azərbaycan əsgəri gözünün qarşısındakı ölümdən təsirlənir. Ancaq bu ölüm əsgərin gözünü qorxutmur, əksinə onu qisas almağa sövq edir.

 

Dəfələrlə ölümlə burun-buruna gələn qəhrəman müəllimimizin unuda bilmədiyi müharibə səhnələri çoxdur: “Silahdaşlarının yanında şəhid olması insana çox ağır təsir edir. Mənim üçün ən ağır xatirəyə çevrilən ölümlər də oldu. Atılan düşmən raketinin pərinin əsgərimin birinin boynunu kəsdiyi o anı heç unuda bilmirəm”.

 

Müharibə qan-qada, ölüm-itimdir. Ancaq qəhrəmanlar da məhz savaşlarda bəlli olur. Rəşad Mirzəyev də bir qəhrəmandır. Qəhrəman müəllim Prezident İlham Əliyevin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Qəhrəman müəllimin məktəbi

 

Daşkəsən rayonu Zəylik kənd tam orta məktəbinin direktoru Rəşad Mirzəyev artıq işinin başındadır.  18 müəllimin dərs dediyi, 100-ə yaxın şagirdin təhsil aldığı kənd məktəbi təmirə ehtiyacı olan təhsil müəssisələrindən olsa da, üzərinə düşən missiyanı yerinə yetirməyə tam hazırdır. Məktəb həm yaxşı riyaziyyatçı, ədəbiyyatçı, tarixçi olacaq bilikli, dünyagörüşlü insanlar, həm də qəhrəman direktorunun müharibə xatirələrini dinləyərək böyüyən vətənpərvərlər ordusu yetişdirəcək.

 

Azərbaycan müəllimi

Xəbər lenti