Logo

"Tələbələr narazı olmaqda haqlıdırmı?" - Ekspert ŞƏRHİ

16.01.2021 04:22 1185 baxış
IMG

"Pandemiya dövründə təhsilin təşkili qaydaları mütləq şəkildə təsdiq edilməli idi."

 

Bu fikirləri Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib:

 

Onun sözlərinə görə, istər ali təhsil müəssisələrində, istər orta məktəblərdə həm daxili qiymətləndirmə, həm də bir pillədən digərinə keçid qaydaları müəyyən edilməli idi.

 

"Bugün ölkəmizdə 52 ali təhsil müəssisəsi var və hər biri fərdi və fərqli qaydada imtahan sessiyasını həyata keçirirlər. Əlbəttə, bu zaman ciddi problemlər ortaya çıxır, çünki müxtəlif qiymətləndirmə meyarlarından istifadəetmə tələbələr arasında narazılıqlara gətirib çıxarır". 

 

Kamran Əsədov problemin güzəşt məsələsində olmadığını, tələbələrin fikirlərini ifadə etməkdə yalnışlığa yol verərək güzəşt istədiklərini, həmçinin pandemiya ilə yanaşı müharibənin də təsirinin təhsildən yan keçmədiyini bildirib:

 

"Pandemiya dövrü və müharibə şəraiti təhsilin və tədrisin normal qaydada həyata keçməsinə imkan vermədi. Müəyyən qədər ədalətli olmaq lazımdır. Tələbələrin əslində güzəşt dediyi ədalətdir. Yəni, onlar mövcud vəziyyətdə nə keçirilibsə, onun da yoxlanılmasını istəyirlər".

 

Ekspert tələbələrin onların müəyyən səbəblərdən onlayn dərslərə qoşula bilməməsinə görə dərs davamiyyətlərinin aşağı düşməsini və bunun müəssisə tərəfindən nəzərə alınmaması barədə narazılıqlarına da aydınlıq gətirib:

 

"Burada qayib məsələsi ola bilməz. Birincisi, biz boloniya sisteminə qoşulmuşuq və boloniya sistemində qayib məsələsi yoxdur. İkincisi də, əsasən biliyi qiymətləndirmək lazımdır. Davamiyyət, sərbəst iş və s. bunlar artıqdır. Digər tərəfdən obyektivlik və operativlik üçün vahid imtahan qaydası olmalıdır. Yəni, imtahana qədər giriş balı hamıya yazılmalı idi, yalnız bilik qiymətləndirməsi imtahana saxlanılmalı idi".

 

K.Əsədov problemlərin əsas məsuliyyətinin Nazirlər Kabinetinin üzərində olduğunu deyir:

 

"Mütləq şəkildə universitetlərin vahid çərçivədə qanunu olmalı idi. Bu da təbii ki, Nazirlər Kabinetinin üzərinə düşən məsələdir. Nazirlər Kabineti indiyə qədər ali təhsil müəssisələrində semestr imtahan qiymətləndirməsi qaydalarını müəyyən etməli idi. Biz bu pandemiyanın daha nə qədər davam edəcəyini və ya bir daha belə bir hadisənin olub-olmayacağını bilmirik. Ümumiyyətlə fövqəladə vəziyyətlərdə təhsilin təşkili qaydaları yoxdur".

 

Təhsil üzrə mütəxəssis Kamran Əsədov hazırki vəziyyətdə tələbələrin onların müəyyən çətinliklərini nəzərə alaraq ədalət tələb etməkdə haqlı olduqlarını qeyd edib:

 

"Tələbələr bu humanist addımda yəni, vəziyyəti nəzərə alaraq ədalətli qərar tələb etməkdə haqlıdırlar. Çünki, kiminsə interneti varsa, o, dərsə qoşulub daha yüksək bal alır, kiminsə bəlkə də biliyi, bacarığı, savadı internetə qoşulma imkanı olan kəsdən daha yüksəkdir, amma maddi imkanına görə prosesə qoşula bilmir. Təbii ki, bunlar ciddi nəzərə alınmalı məsələlərdir. Qanunlar, vahid qaydalar bütün universitetlər üçün hazırlanmalıdır və hər kəs bu qaydalara riayət etməlidir. Amma bugün müxtəlif formada imtahanlar keçirilir ki, bu da ciddi narazılıqlara yol açır".

Xəbər lenti