Logo

“Elə müəllimlər var ki, jurnal yaza bilmir” - Kamran Əsədov

15.12.2021 20:06 1982 baxış
IMG

Əvvəllər Tarix, Filologiya və bu kimi ümumi ixtisaslar üzrə təhsil almış şəxslər orta məktəbdə müəllim işləyə bilirdisə, indi bu mümkün deyil. Bunu isə həmin şəxslərə pedaqoji biliklərin aşılanmaması ilə əlaqələndirilər.

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a "Təhsil haqqında” və “Ümum təhsil haqqında” qanunlara bir müddət əvvəl dəyişilklik edildiyin xatırladaraq bildirib ki, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Ekspert bunu yanlış qərar sayır. Dediyinə görə, Qərbdə bu mexanizm var, kim istəyirsə, gedir 6 ay, 1 il kurs keçir, olur müəllim: “Müəllimliyi heç nə ediblər. O kurslar müəllimə, sadəcə, müvafiq fənn üzrə baza bilik və müasir təlim metodlarına dair müvaifq bacarıqlar öyrədir, amma o kurslar müəllimə şagird psixologiyası, pedaqoji yanaşmalar, məktəb-valideyn münasibətlərini öyrətmir. Ona görə də Qərbdə yerindən duran müəllim olduğu üçün təhsildə tərbiyə elementi yoxdur və məktəblər aqressiv şagirdlərlə doludur. Onların məktəblərində məktəb qaydasını pozan şagirdi bir gündən bir ilədək tədris prosesindən uzaqlaşdırır və məktəbə buraxmırlar”.

K.Əsədov təəsssüflə qeyd edir ki, bu yanaşmanı Azərbaycanda özəl məktəbdə işləyən xaricilər bizim şagirdlərə də tətbiq edirlər: “Nəticədə, şagird məktəbə nifrət edir, çünki o şagirdin yaramaz biri olduğu ictimailəşir, islah olunan belə islaholunmaz olur. Çünki bu cəza metodunu tətbiq edənlər şagird psixologiyasını, yaş psixologiyasını, pedaqogikanı əsla bilmir”.

Ekspert qeyd edib ki, bu gün universitetlərimizdə bəzi fənlər həm müəllimlər, həm də tələbələr tərəfindən qulaqardına vurulduğu üçün gənc müəllim sinfi idarə edə bilmir: “Təkmilləşdirmə müəssisələrinin də birincilik verdiyi kurikulum üzrə tədris bacarıqlarının inkişafı olduğu üçün müasir şagirdlə necə dil tapmaq, ona necə yanaşmaqla bağlı bacarıqlar aşılanmır. Ona görə də müəllim imici zəifləyir, pis müəllim obrazı formalaşır və müəllim-məktəb mövzusu gündəmdən düşmür”.

“2050-ci ildən dünyanı süni zəka idarə edəcək” deyən müsahibimiz bildirir ki, ona görə də bizə diplomlu gələcəkdən daha çox, insani keyfiyyətlərə malik gələcək lazımdır. Belə gələcəyi də yalnız pedaqoji universitetlərdə hərtərəfli təhsil almış mütəxəssislər yetişdirə bilər.

K.Əsədovun sözlərinə görə, onsuz da Azərbaycanda müəllim sayı ehtiyac olduğundan çoxdur: “Bundan başqa, müəllimin hazırkı maaşıyla kim öz peşəsindən əl çəkib, gəlib müəllim işləyəcək? Azərbaycan təhsilini poleqona çevirmək bu millətə vurulan ən böyük zərbədir. Düzdür, deyə bilərəm ki, bu tətbiq xaricdə liberal ölkələrdə müsbət qarşılanıb. Ancaq sosial dövlət anlayışına sahib ölkələrdə qəbul edilməyib. Ona görə də qərar verməliyik ki, "təhsil dövlətin öhdəsinə götürdüyü sosial bir vəzifədirmi, yoxsa hamının öz məsuliyyətində olan bir məsuliyyətdirmi?". Ondan sonra bu məsələ daha aydın olacaq. Birincidə təhsil müqəddəs və ölkə üçün əhəmiyyətli bir iş ikən, ikincidə təhsil bir biznesdir. Bu biznesi isə yaxşı bir biznesmen məharətlə idarə edə bilər”.

Ekspert deyib ki, hazırda çox sayda müəllim jurnal yaza bilmir, uşaqlarla davranmağı bacarmır: “Çünki müəllim hazırlayan ali təhsil müəssisələri sadəcə nəzəriyyə keçir, praktika isə yox dərəcədədir. Hələ bunlar pedaqoji təhsilli adamlardır, indi gör pedaqoji təhsili olmayanlar gəlsə, bizi nələr gözləyir?”

“Bizim pedaqoji təhsilli kadrımız azdır, yoxsa onlar pedaqoji təhsili olmayan qohum-əqrabalarına iş söz veriblər, indi onları yerləşdirmək istəyirlər? Bu nə yenilikdir? Finlandiyada müəllim olmaq üçün sadəcə bakalavr təhsili kifayət etmir, mütləq magistratura da bitirmək lazımdır. Özü də təhsil aldığı müddətdə o şəxsin göstəriciləri əla olmalıdır”, - deyə Kamran Əsədov vurğulayıb.

Xəbər lenti