Logo

Məktəbdə “din”i klip çəkilib?!

08.12.2021 16:41 1628 baxış
IMG

Sosial şəbəkələrdə məktəblərin birində dünyəvi dövlət və təhsil sistemi prinsiplərinə zidd olaraq dini klipin çəkilməsi ilə guya şagirdlərə dini təbliğatın aparılması kimi təqdim edilən məlumatlar yayılıb.

Mövzunu məktəbşünas Rabil Abdinov "Tehsil.biz"ə şərh edib:


Rabil Abdinov

“Qeyd edək ki, məktəbdə çəkiliş aparmaqla orada təbliğat aparmaq ayrı-ayrı anlayışlardır. Sözügedən klip bazar günü – məktəblərdə dərs və şagirdlər olmayan zaman çəkilib. Necə ki şagirdlərin qaçırılması, zorakılığa məruz qalması, narkomaniyaya qurşanması və hətta öldürülməsini özündə etiva edən bədii kriminal filmlər bütün dünyada elə məktəblərin inzibati binasında çəkilir. Bədii və yaradıcılıq işləri üçün nəinki məktəblərdən, eləcə də digər dövlət binalarından istifadə edilməsində heç bir qanunsuz hal yoxdur. Sözügedən klipdə də çəkiliş aparılan otağın məhz dövlətə məxsus məktəbə və ümumiyyətlə təhsil müəssisələrinə aid olmasını göstərən heç bir dəlil mövcud deyil. Yəni bu məsələdə sözügedən klipin məktəbdə qanunsuz çəkilməsindən söhbət gedə bilər, burada şagirdlərə hər hansı təbliğatın aparılmasından söhbət gedə bilməz.

Çəkilən klipdə məktəbin ibtidai sinif şagirdi öz atası ilə mahnını duet şəklində oxuması və onun bir neçə sinif yoldaşları, qohumları görüntülənib. Klip çəkilən mahnının mətninə görə onu dini və ya qeyri-dini kimi xarakterizə etmək üçün heç bir elmi əsas yoxdur. Yəni müsiqişünaslığa görə mahnının mətninin məhəbbət, vətənpərvərlik və s. mövzularını əhatə etməsi onun janrına aidiyyəti yoxdur və ümumiyyətlə “dini mahnı” anlayışı yoxdur. Klip məktəbdə yayımlanmaq üçün nəzərdə tutulmayıb, heç həmin mahnı da orada oxunmayıb. Klip çəkilişi zamanı da əslində mahnın sözləri yox, yalnız görüntüləri kameralara qeyd edilir. Klip çəkilişinin texniki prosesini şagirdlərə dini mövzuda məlumatların verilməsini etiva edən hal kimi qiymətləndirmək olmaz.

Kontekstə aid olmasa da, onu qeyd edək ki, ölkəmizdə Qurban və Ramazan kimi dini bayramların qeyd edilməsi, müxtəlif dərsliklərdə şagirdlərə dini mövzularda məlumatların verilməsi, dövlətin dindən ayrı olması və təhsilin dünyəvilik prinsipi ilə heç bir ziddiyyət təşkil etmir. Hazırda məktəb dərsliklərində Ramazan, Qurban bayramları barədə şagirdlərə məlumat verilir və bu onları oruc olmağa və heyvan kəsməyə dəvət etmək demək deyil. O cümlədən mövcud dərsliklərdə İmam Əlidən sitatların və Məhəmməd peyğəmbərin həyatı barədə mətnlərin verilməsi şagirdləri dini etiqadlı olmağa çağırış anlamına gəlmir.

Şagirdinin təhsil aldığı məktəbdə oxuduğu mahnıya klip çəkmək istəməsi, məktəbin onun bədii yaradıcılığına şərait yaratması da normal bir haldır. Sadəcə məsələdə bəzi nüanslar olmasaydı: Klipin çəkilməsi üçün məktəb rəhbərliyi mövcud qanunvericiliyin tələbinə görə yerli və mərkəzi təhsil idarəetmə orqanlarından razılıq almalı idi. Hərçənd ki, mahnının mətninin də islam dininin məhz bir məzhəbinə aid fikirləri əhatə etməsi klipin məktəbdə çəkilməsinə razılıq verilməməsi ilə nəticələnəcəkdi. Ümumiyyətlə bu hal president yarada bilərdi, daha sonralar sair məzhəb ardıcılları da məktəblərdə sekta maraqlarına uyğun oxşar fəaliyyətlərinə şəraitin yaradılmasını tələb edə bilərdilər”.

Xəbər lenti