Logo

Paytaxt və bölgə məktəblərinin keyfiyyət fərqi - Ekspertlərdən AÇIQLAMA

12.11.2021 15:20 850 baxış
IMG

Paytaxtda və bölgələrdə yerləşən orta məktəblər arasındakı fərqi nədir?

Bu suala ekspertlərin fikirlərilə cavab tapmağa çalışdıq.

Təhsil eksperti Nadir İsrafilov "Tehsil.biz"ə açıqlamasında bildirib ki, nəinki Bakı məktəbləri ilə rayon məktəbləri, hətta Bakı şəhəri ilə Bakı ətrafı, rayon məktəbləri ilə kənd məktəbləri arasında belə fərq var və bu da təbii hal olub, bir sıra obyektiv və subyektiv amillərlə şərtlənir. Bir də ki, belə bir fərq təkcə məktəblər üçün xarakterik olmayıb, digər sahələr üçün də səciyyəvidir:

"Əlbəttə, belə bir fərqin olmmaması arzuolunandır. Köhnə tarixçilər bilməmiş deyillər ki, hələ Sovet hakimiyyətinin ilk illərində Xalq Komissarları Soveti tərəfindən qəbul olunmuş ilk dekretlərdən biri məhz “Şəhərlə kənd arasındakı fərqin aradan qaldırılması” barədə olub. Biz isə bir vaxtlar nəinki bu fərqi aradan qaldırdıq, hətta Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri idarəsini şəhərlər üzrə və kəndlər üzrə şöbələrə ayıraraq, bu fərqi bir az da qabartdıq. Hər sahə üzrə kurator müavinlərin bölgüsünü belə apardıq. Yaxşı ki, buraxılan səhvi vaxtında başa düşdük və şöbələri yenidən birləşdirərək tam halına gətirdik. Fərq var və danılmazdır. Bu, istər kadr potensialında, istər təhsil verən və təhsilalan kontingentində, istər təhsilin keyfiyyət göstəricilərində, istər maddi-texniki təchizatda, istər təmir tikinti resurslarında, istərsə də digər infrastrukturlarda özünü açıq-aşkar biruzə verir. Bakı paytaxtdır, bütün  elm və təhsi, mədəniyyət və incəsənət mərkəzləri əsasən bu şəhərdə cəmləşib. Ali və orta-ixtisas məktəblərinin, lisey və gimnaziyaların əksəriyyəti də buradadır ki, bu da əlavə iş yerləri deməkdir. Ən yüksək keçid balı toplayan, yüksək kvalifikasiyalı müəllimlər paytaxt məktəblərində yerləşdirilir və s.
Azkomlektli məktəblər isə əsasən ucqar regionların payına düşür. Bir otaqda bir neçə müxtəlif siniflərdən və yaş qruplarından fərqli uşaqlar dərs almaq zorundadır. İllərlə təmirə və maddi-texniki təchizata ehtiyacı olan məktəblərimiz var. Bir sıra məktəblərdə kadr çatışmazlığı hiss olunur. Bir fənnin digər ixtisas sahibləri tərəfindən tədris olunması halları da az deyil. Bu kimi məktəblərin fəaliyyətinə nəzarət olunması da lazımı səviyyədə deyil. Təsadüfi deyildir ki, 2004-cü ildən başlayaraq Regionların sosial-iqtisadi inkişafı ilə bağlı konkret Dövlət Proqramları qəbul edilir, infrastrukturun yenidən qurulması istiqamətində ciddi addımlar atılır. Ədalət naminə deməliyik ki, bu gün artıq şəhərlə kənd arasındakı fərqin aradan qaldırılması istiqamətində sadalamağa ehtiyac olmayan çox diqqətəlayiq və intensiv işlər görülüb və  görülməkdədir".

Mövzu ilə bağlı "Tehsil.biz"ə açıqlama verən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov düşünür ki, biz əslində təhsilimizi elə bir səviyyəyə gətirib çıxarmalı və məktəblərimizin keyfiyyətli təhsilvermə imkanlarını o qədər yaxşılaşdırmalıyıq ki, rayon, şəhər, kənd və ucqar məktəblər arasında fərq olmasın:

"Təbii ki, bu fərq olacaq, amma ən azından bu fərqi minimuma endirmək üzərində çalışmaq lazımdır. Bakıda Müəllimlərin İşə Qəbulu imtahanının nəticələrinə görə tutaq ki, Bakının mərkəzi rayonlarında müəllimlərin yerləşməsi üçün daha çox kankurensiya olur və bu onu göstərir ki, bizim müəllimlər daha çox mərkəzi və böyük şagird kontingenti böyük olan, eyni zamanda ənənəvi olan məktəblərə və həmin məktəblərdə işləməyə can atırlar. Baxmayaraq ki, ucqarlarda, rayonlarda məsafədən asılı olaraq müəllimlərə Təhsil Nazirliyi stimullaşdırıcı, motivasiyaedici əlavə ödənişlər edir. Yenə də müşahidələrimiz onu göstərir ki, daha çox mərkəzi şəhər məktəblərində bizim müəllimlərimiz yer alır və bunun da səbəbləri var. Səbəb odur ki, kəndlərdə onlar üçün maraqdoğuracaq infrastruktur yoxdur. Kəndin öz çətinlikləri olur, amma biz bütün bunlara baxmayaraq çalışmalıyıq ki, ucqarlarda belə məktəblərimizin keyfiyyətli təhsil vermək imkanlarını artıraq. Bu istiqamətdə əlbəttə ki, Təhsil Nazirliyi tərəfindən ciddi işlər görülür. MİQ imtahanın nəticəsinə görə, müəllimlər o məktəbləri seçmirlər, gedib seçəndən sonra belə çox qısa müddətdə imtina edirlər. Amma əsas Bakı məktəblərini rayon məktəblərindən fərqləndirən əsas məqamlar bunlardır".

Məsələ ilə bağlı mövzunu "Tehsil.biz"ə şərh edən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib ki, insanlar məktəbi seçərkən ancaq düşünərlər ki, bizim evə ən yaxın olsun ki, uşaqlara gedib-gəlmək, uşaqları aparıb-gətirmək rahat olsun və o zamana qədər, əlbəttə, müəyyən problemlər, çətinliklər var, amma biz bunu arzu edirik ki, məktəblərin hamısı eyni keyfiyyətdə və yuxarı səviyyədə olsun:

"Həqiqətən də bir idealdır, çünki dünyanın bir çox ölkəsində bu barədə çətinliklər var. Dünyanın bir çox ölkəsi bu barədə problemlərini hələ həll edib qurtarmayıb. Ona görə də Azərbaycanda da həmin problemlərin həll olunması xeyli zaman alacaq kimi görünür. İnkişaf etmiş ölkələrdə də bu problem mövcuddur. Xüsusilə də ölkələrdə demokratiyanın müəyyən qədər inkişaf eləyib insanların artıq sərbəst bazar iqtisadiyyatında özünə yer tutduğu ölkələrdə məktəblər bərabərliyi yox, bərabərsizliyi yaradır. Çünki varlıların məktəbi fərqli olur, orta səviyyəli məktəbi fərqli olur, kasıbların məktəbi fərqli olur. Çünki artıq yeni dövrdə insanlar, cəmiyyətlər öz məktəblərini qururlar. Beləcə sosial-iqtisadi vəziyyəti yaxşı olan insanlar daha yaxşı məktəblər qura bilir, daha yaxşı müəllimlər işlədə bilir və bunun nəticəsində bir sosial bərabərlik məktəbi dəyişir. Məktəb isə sosial bərabərsizliyin davamını təmin edir. Bu isə nə qədər təəssüfverici olsa da, bir reallıqdır. Bakı məktəbləri ilə rayon məktəbləri arasında fərq varmı? Əlbəttə var, amma bu fərqi də aradan qaldırmaq həqiqətən çətindir. Ölkəmizin 50-40-100 nəfərlik məktəbləri var. O məktəblərin hamısının fiziki infrastrukturunu, müəllim təminatını yüksək səviyyədə eləmək üçün çox büdcəyə ehtiyac var. Bununla bağlı xeyli işlər görülsə də, hələ görüləcək işlər də çoxdur deyərdim. Çox yol gəlmişik, lakin gedəcəyimiz yola da hələ xeyli var".

Mövzu barədə "Tehsil.biz"ə danışan təhsil üzrə ekspert Elçin Əfəndi Bakı məktəblərini rayon məktəblərindən fərqləndirən cəhətlərin çoxluğundan təəssüfləndiyini bildirib:

"Rayon məktəbləri informasiya texnologiyaları avadanlıqları ilə tam təmin olunmayıb. Laboratoriyalar Bakı məktəblərindəki kimi deyil, eyni zamanda Bakı məktəblərində bilirsiniz ki, müvafiq olaraq şagirdlərin idmanla məşğul olması üçün zallar və yaxud idman avadanlıqları var, amma rayon məktəblərində bu avadanlıqlar az yerlərdədir. Ucqar yerlərdə isə bunlar ümumiyyətlə yoxdur. Adətən Bakı məktəblərinə yüksək nəticə göstərən müəllimlər seçirlər ki, bu da bir bərabərsizlik yaradır. Yəni imtahan verib yüksək nəticə göstərən müəllimlərin hamısı Bakı məktəblərinə üz tuturlar. Rayon məktəblərində isə yüksək nəticə göstərərək çalışan müəllimlərə təsadüfi hallarda rast gələ bilərik. Bu bərabərsizliyin qarşısı alınmalıdır. Bunun üçün də yüksək nəticəli müəllimləri həvəsləndirmə üsulları ilə rayon məktəblərinə cəlb etmək lazımdır. Burada isə ilk növbədə əməkhaqlarının artırılması mühüm rol oynayır. Şagirdlərə gəldikdə isə onların da Bakı məktəblərində üstünlük qazanacağı tərəflər çoxdur. Məsələn, Bakıda şagirdlərin hazırlıq imkanları varsa, bu imkan rayonda demək olar ki, yoxdur. Şəhər məktəblərində və ya liseylərində dərslərdən əlavə şagirdlərə vaxt ayrıldığını, əlavə dərslər keçirildiyini müşahidə ediriksə, eyni halla rayon məktəblərində qarşılaşmaq mümkün deyil. Məhz bu halların nəticəsidir ki, Bakıda və bölgələrdə oxuyan şagirdlərin qəbul imtahanlarında topladığı ballar gözə çarpacaq dərəcədə müqayisə edilir. Bunu da qeyd etməliyik ki, şəhər məktəbliləri üçün vaxtaşırı ekskursiyalar təşkil olunduğu halda bölgələrimizdə təhsilalan şagirdlər yalnız müəlimlərin xüsusi təklifləri zaman maarifləndirici gəzintilərə çıxa bilirlər".

Fəqan Əzimli

Xəbər lenti