Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbi haqqında təsəvvürüm dəyişmədi"

02.11.2021 08:47 486 baxış
IMG

Prezident təqaüdçüsü Səmral Qasımov Bakı şəhər 297 saylı tam orta məktəbin məzunudur. 685.3 balla Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub.

-  Özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

-  2003-cü il oktyabrın 10-da Rusiyanın Tula şəhərində doğulmuşam. İbtidai sinfi orada bitirmişəm. Anam, mən və məndən kiçik qardaşım Bakıya köçdük və təhsilimi 297 nömrəli məktəbdə davam etdirdim, həmin məktəbin məzunuyam. 
 
- Bakı Ali Neft Məktəbi ilə tanışlığınız necə oldu?

 
- Fizika müəllimim tez-tez BANM-in nüfuzlu ali məktəb olması haqqında danışırdı. Mənim də marağım yarandı, araşdırdım və öyrəndim ki, buranın məzunları böyük nailiyyətlər, uğurlar əldə edirlər,  yüksək səviyyəli kadrlar kimi yetişirlər. Müəlliməm məsləhət gördü ki, bura qəbul olunmağı qarşıma məqsəd qoyum. Mən də BANM-ə qəbul olmaq üçün əlimdən gələni etdim və yüksəl bal topladım. Seçimdə yalnız buranın ixtisaslarını yazmışdım ki, 100 faiz Bakı Ali Neft Məktəbinə daxil olum. 
 
- Prezident təqaüdçüsü olmağınızı necə öyrəndiniz?

- Qəbul imtahanlarında topladığım balı biləndən sonra böyük ehtimalla Prezident təqaüdçüsü olacağımı təxmin edirdim. Amma buna baxmayaraq, xəbəri eşidəndə çox sevindim. Prezident təqaüdçüsü olmağım xəbərini ilk olaraq nənəm öyrəndi, sevinə-sevinə gəlib mənə dedi ki, - “Prezidentin Sərəncamında sənin də adın var”.  
 
- Qəbul imtahanlarına necə hazırlaşırdınız?

- İbtidai sinfi yaxşı oxuyurdum. Amma Bakıya köçəndə bizə demişdilər ki, məktəbi, mühiti dəyişmək çətin olacaq. Lakin belə olmadı, burada Rusiyadakından daha yaxşı oxudum, mühitə, məktəbə, uşaqlara tez uyğunlaşdım. Məktəbə gedəndən bir həftə sonra sanki burada doğulub böyümüşəm kimi hiss etdim. Əla qiymətlərlə məzun oldum. Uşaqlıdan hafizəm, yaddaşım, qavrama qabiliyyətim, zehnim yaxşıdır, materialı tez qavrayıram. Dərslərimə hazırlaşmaq üçün 3-4 saat kifayət edirdi. Sosial şəbəkələrdən istifadə etməyə də vaxtım qalırdı. Lakin yalnız informasiya almaq, məlumatlanmaq üçün yararlanırdım.  Qalan boş vaxtlarımda dostlarımla görüşürdük, gəzirdik, istirahət edirdik. 
 
- Qəbul imtahanı necə keçdi?

- Həyəcanlı deyildim. İmtahana girəndə imtahan haqqında fikirləşmirdim. İmtahandan sonra nə edəcəyimi düşünürdüm. Özümü bu cür motivasiya edirdim. İmtahandan sonra da dostlarımla görüşüb gəzməyə getdik. 
 
- Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?

- İlk növbədə yaxşı oxusunlar, hədər yerə vaxt itirməsinlər. Çalışsınlar təmiz havada çox gəzsinlər, çünki beyinə faydası çoxdur. Mən idmanla da məşğul olurdum, bu da dərslərimi yadda saxlamağa kömək edirdi. Sosial şəbəkələrdən yalnız informasiya almaq üçün, səmərəli istifadə etsinlər. İnformasiya almayacaqları videolara vaxtlarını sərf etməsinlər. Oxumaqla yanaşı, çoxlu test tapşırıqları etmək də vacibdir.  Test işləməyə vərdiş etsələr, yaxşı olar. Müəllimlərin verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək, nizam-intizam da önəmlidir. Müəllimlərin məsləhətlərini dinləsinlər. Mən müəllimlərimin tapşırıqlarına riayət edib, qrafikimi onların dediklərinə uyğun olaraq nizamlayırdım. 
 
- Gələcək hədəfləriniz nədir?

- İlk növbədə dərslərimi yaxşı oxumaq, Ali Məktəbi uğurla bitirmək əsas məqsədimdir. İnformasiya təhlükəsizliyi perspektivli sahədir və seçdiyim bu ixtisas üzrə yaxşı mütəxəssis olmağı arzulayıram. Xaricdə təhsilimi davam etdirmək istərdim. 

- Bir müddətdir ki, dərslər başlayıb. Təəssüratlarınız necədir?

- Mənə demişdilər ki, BANM-də təhsil asan deyil. Həqiqətən də hiss edirəm ki, yavaş-yavaş çətinləşir. Amma özümü hər şeyə, bütün çətinliklərə hazırlamışam. Bura haqqında təsəvvürüm necə idisə, elə də oldu. Müəllimlər yüksək səviyyədə, peşəkar, tələbələr savadlı, dünyagörüşlüdürlər.  

Xəbər lenti